Rumıniya lideri evə düşən dronun Rusiyaya məxsus olduğunu təsdiqləyib
20:27 DünyaRumıniya Prezidenti Nikuşor Dan bildirib ki, 29 may gecəsi Qalati şəhərində çoxmərtəbəli binaya düşən pilotsuz uçuş aparatı (PUA) Rusiya mənşəlidir. Onun sözlərinə görə, bu, "Geran-2" tipli drondur.
Olaylar bu barədə xarici mediaya istinadən xəbər verir.
"Bu, mütəxəssislər tərəfindən hazırlanmış texniki hesabatın birmənalı nəticəsidir. İstintaq bunu ardıcıl texniki sübutlar toplusu əsasında müəyyən edib",- deyə Dan bildirib. Onun sözlərinə görə, hesabatda göstərilir ki, aşkar edilən fraqmentlər üzərində kiril əlifbası ilə yazılar tapılıb, həmçinin təhlil edilən elektron komponentlər, naviqasiya sistemləri, idarəetmə blokları, mühərrik və konstruktiv elementlər Rumıniya ərazisində əvvəllər aşkar edilmiş digər "Geran-2" PUA-ları ilə oxşarlıq təşkil edir.
Dan əlavə edib ki, Rumıniya öz vətəndaşlarının həyatı, milli təhlükəsizliyi və ya Rumıniya dövlətinin suverenliyinə təhdid yaradan hər hansı hadisəni görməzlikdən gəlməyəcək və ya onun əhəmiyyətini azaltmayacaq. O, həmçinin bildirib ki, Buxarest NATO-nun şərq sərhədində təhlükəsizliyin gücləndirilməsi üçün tərəfdaşları ilə birgə fəaliyyətini davam etdirəcək.