Paşinyanın ehtiyatlı siyasəti: Moskva ilə gərginlikdən yayınma cəhdi- ÖZƏL

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Aİ-yə üzvlüyü ilə bağlı referendum keçirilməsi ideyasını məqsədəuyğun hesab etmədiyini bildirib. O, Ermənistanın Rusiya ilə münasibətlərə böyük önəm verdiyini, Avrasiya İqtisadi İttifaqı çərçivəsində fəaliyyətini davam etdirəcəyini vurğulayıb. Paşinyanın sözlərinə görə, Ermənistan Aİ-yə üzvlük üçün rəsmi müraciət etmədiyi və namizəd statusuna yaxınlaşmadığı halda referendum keçirmək üçün əsas yoxdur.

Nikol Paşinyanın Aİ ilə bağlı referendum ideyasına qarşı çıxması Ermənistanın xarici siyasət kursunda hansı dəyişikliklərin göstəricisi sayıla bilər? Ermənistanın həm Rusiya, həm də Qərblə balans siyasəti yürütmək cəhdləri regionda siyasi və iqtisadi münasibətlərə necə təsir göstərə bilər? Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib:
" Ermənistan hazırda seçki prosesinə start götürüb. Rusiya da öz namizədi ilə seçkilərə təsir göstərir və hətta siyasi təhdidlər də həyata keçirir, Ermənistanın da Ukraynanın üzləşdiyi problemlə üzləşə biləcəyini deyir. Şübhəsiz ki, belə bir ərəfədə baş nazir Paşinyanın Rusiya ilə bağlı sözləri yumşaldıcı, balanslaşdırıcı mövqedə olmalıdır. Ancaq ümumiyyətlə Rusiya da dərk edir ki, Ermənistan Qərbə istiqamət götürüb. Bununla paralel olaraq demək olmaz ki, Rusiya ilə vəziyyəti gərginləşdirmək istəyir. Əslində Ermənistanda dərk edirlər ki, Rusiya indiyəcən yaşadıqları problemlərin səbəbkarı olub. Odur ki, iqtisadi, ticari, siyasi əlaqələri qorumaqla ideoloji, strateji hədəflərdə Rusiya təsirindən uzaqlaşmaq istəyir. Aİ-na üzvlük Ermənistanın gələcək planında olsa da hazırda bu istiqamətdə fəaliyyət Rusiya ilə ciddi gərginliyə səbəb ola bilər. Əslində Ermənistanın xarici siyasət kursunda dəyişikliklər olduğunu zənn etmirəm, sadəcə situasiyaya uyğun manipulyasiya edə bilər. Əgər Ermənistan həqiqətən də ciddi olaraq Qərbə deyil, siyasi kursu dəyişib Rusiyaya tərəf yönələrsə bu iqtisadi, regional, beynəlxalq münasibətlərdə də təzadlara səbəb ola bilər. Odur ki, müəyyən qədər balanslı siyasətə meyl edir. Çünki sülh prosesinə Rusiyanın müdaxiləsi kimi ehtimallar qarşıdakı məqsədlərdə maneələr yarada bilər. Əsasən Ermənistanın Rusiya yoxsa konkret Qərb seçimi seçkilərdən sonrakı mərhələdə müəyyən olunacaq".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31