Universitet orta Məktəb Deyil: Davamiyyətə Yenidən Baxış

Almaniyada universitetlərdə  davamiyyət ciddi şəkildə izlənmir və ümumiyyətlə mühazirələrə gəlməmək də mümkündür. Lakin yaxşı qiymət almaq üçün imtahanı yüksək səviyyədə vermək lazımdır. 
Bununla belə, dərslərdə iştirak tələbələrə əlavə bal qazanmaq, müəllimə birbaşa sual vermək və mövzunu daha dərindən anlamaq imkanı yaradır. Müəllimlər tələbələrin könüllü şəkildə dərsə gəlməsini xüsusilə qiymətləndirirlər, çünki bu, məcburiyyət deyil, öyrənməyə marağın göstəricisidir. https://www.trv-science.ru/2026/03/systema-obrazovania-v-germanii/
Azərbaycanda isə bir çox universitetlərdə tamamilə fərqli və köhnəlmiş yanaşma hökm sürür. Tələbənin biliyindən, analitik düşüncəsindən və elmi marağından daha çox, fiziki olaraq auditoriyada oturmasına üstünlük verilir. Bir çox hallarda davamiyyət təhsilin keyfiyyət göstəricisi kimi təqdim olunur. Halbuki dünyanın inkişaf etmiş universitetlərində əsas meyar tələbənin nəticəsi, araşdırma qabiliyyəti və müstəqil düşüncəsidir. Hesab edirəm ki, davamiyyət siyasəti bir sıra ciddi problemlər yaradır:
tələbə dərsə öyrənmək üçün deyil, "qayıb yazılmamaq" üçün gəlir; 
universitetdə formalizm və statistika mədəniyyəti güclənir; 
müəllim öz dərsinin keyfiyyətini artırmaq əvəzinə inzibati nəzarətə arxalanır; 
tələbənin fərdi inkişafı və müstəqil öyrənmə bacarığı zəifləyir; 
universitet məktəbə çevrilir, akademik azadlıq isə arxa plana keçir. 
Ən ciddi problem isə budur ki, bəzi universitetlərdə zəif mühazirələrə məcburi davamiyyət tətbiq olunur. Əgər müəllimin dərsi həqiqətən maraqlı, aktual və faydalıdırsa, tələbə onsuz da könüllü şəkildə auditoriyaya gələcək. Dünyanın aparıcı universitetləri bunu artıq çoxdan anlayıb. Təəssüf ki, bəzi ali məktəblər hələ də "qayıb" modelindən çıxa bilmirlər.

Zahid Məmmədov 

İqtisadçı alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31