Polşada Azərbaycana qarşı kampaniya: Ermənistan amili ön planda- ÖZƏL

" Son vaxtlar Polşa mediasında, habelə KİV-də aparılan anti-Azərbaycan kampaniyasının arxasında, heç şübhəsiz ki, bu ölkədə ciddi dayaqlara malik erməni diasporası durur. Polşanın dövlət televiziyasında Azərbaycan-Ermənistan münasibətlərinin müasir durumu, xüsusilə aparılan sülh danışıqları ilə bağlı rəsmi Bakının mövqeyinin təhrif edilmiş şəkildə Polşa ictimaiyyətinə çatdırılması, Azərbaycanın guya ki, Dağlıq Qarabağdakı ermənilərə münasibətdə etnik təmizləmə siyasəti apararaq onları bölgəni tərk etməyə məcbur etməsi və s. ilə bağlı süjetlər efirə, istisna deyil ki, erməni diasporasının sifarişi və maliyyə dəstəyi ilə ötürülüb". 

Bu fikirləri politoloq Elşən Manafov Olaylar.az-a açıqlamasında söyləyib: 

"Digər tərəfdən, Polşada Donald Tuskun rəhbərlik etdiyi milli hökumətin də tərkibində Paşinyanın Ermənistanın Avropaya inteqrasiya siyasətini dəstəkləyən dairələr var. Nəzərə almaq lazımdır ki, Polşa hazırda Avropa Birliyi daxilində Ukrayna münaqişəsi ilə bağlı Rusiyaya qarşı ən sərt mövqe sərgiləyən dövlətlərdən biridir. Hətta Rusiya ilə ehtimal olunan qarşıdurmadan çıxış edərək Tusk hökuməti NATO-nu Polşadakı hərbi kontingentini gücləndirməyə çağırır. Bu mənada Paşinyanın Ermənistanın Qərbdə "Rus NATO-su" sayılan KTMT-dən uzaqlaşacağı ilə bağlı açıqlamaları Polşa tərəfindən Cənubi Qafqazda da Rusiyanın müharibəyə cəlb olunması məqsədilə dəstəklənir.
Azərbaycanın isə Rusiyaya qarşı sanksiyalara qatılmaması, onunla dəhlizlər və logistika marşrutları ətrafında əməkdaşlığı davam etdirməsi ehtimal ki, rəsmi Varşavada qıcıq yaradır.
Nəhayət, Polşa Orta Dəhlizdə özü Qərb və Şərq arasında tranzitin həyata keçirilməsində maraqlıdır. Azərbaycanın isə məlum logistika marşrutunda daha əlverişli imkanlara malik olması və buna görə də tərəflərin onunla əməkdaşlığa olan meylləri Polşanı qane etmir və istisna deyil ki, bu cür qarayaxma kampaniyası ilə Polşada məlum dairələr rəsmi Bakıya təzyiq göstərməyə çalışırlar". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31