“Vahid məktəbli forması sosial ayrı-seçkiliyin qarşısını alacaq” – ÖZƏL
19:59 Sosial"Nazirlər Kabinetinin müvafiq qərarı ilə orta ümumtəhsil məktəblərində təhsil alanların vahid geyim formasına keçidi Baş nazir Əli Əsədov tərəfindən təsdiqlənib. Artıq orta ümumtəhsil məktəblərində şagirdlər vahid geyimlə tədris prosesinə cəlb olunacaqlar".
Bu fikirləri Olaylar.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib. Təhsil eksperti bildirib ki, burada əsas məsələ, əlbəttə ki, şagirdlərin sosial bərabərliyinin təmin olunması və ayrı-seçkiliyə yol verilməməsidir. Məsələn, bir şagirdin sosial rifahı daha yaxşıdır və istənilən, arzuolunan səviyyədə geyim tərzində tədris prosesinə cəlb olunmaq imkanı var, digərinin isə belə imkanı yoxdur. Bu baxımdan, şagirdlər arasında yarana biləcək sosial fərqlərin və ayrı-seçkiliyin qarşısının alınması məqsədilə vahid geyim formasının tətbiq olunması qərara alınıb. Beynəlxalq təcrübədə də bu öz əksini tapır. Təhsilin inkişaf etdiyi ölkələrin əksəriyyətində vahid geyim forması tətbiq olunur. Avropa ölkələrinin əksəriyyətində, ABŞ, Kanada, Çin, Sinqapur və eləcə də qardaş Türkiyədə vahid geyim formasında tədris prosesi həyata keçirilir.
"Burada digər bir məqam da, əlbəttə ki, şagirdlərin eyni formada tədris prosesinə cəlb olunmasının sosial bərabərliklə yanaşı, təhsil mühitinin formalaşmasına da müsbət təsir göstərəcəyidir. Məktəbdə vahid atmosfer, vahid aura formalaşmış olacaq. Hər bir şagird fərqli geyim tərzində deyil, eyni geyim tərzində, vahid məktəbli formasında tədris prosesinə qoşulacaq. Bu da tədris mühitinin daha yüksək səviyyədə təmin olunması istiqamətində atılan addımlardan biri kimi qiymətləndirilə bilər. Burada bir nüans da var. Məktəb pedaqoji şurasına müəyyən səlahiyyət verilir. Pedaqoji şura məktəbdə hər hansı tədbirin keçirilməsi, xüsusilə milli və vətənpərvərlik ruhunda olan tədbirlər zamanı şagirdlərin milli geyimlər geyinməsi ilə bağlı müvafiq qaydada qərar verə biləcək. Əvvəlcədən müəyyənləşdirilmiş tədbirlər çərçivəsində şagirdlərin milli geyim formasında iştirakı və tədbirin keçirilməsi istiqamətində lazımi tədbirlər görüləcək. Bununla bağlı məktəb pedaqoji şurası vahid geyim formasından kənara çıxılması ilə bağlı müvafiq qərar verməyə səlahiyyətlidir. Bu da, əlbəttə ki, məktəb pedaqoji heyətinə müvafiq qaydalara uyğun olaraq məktəbli geyim formasından fərqli geyim formasından istifadə etməyə imkan verir. Burada fərqli geyim forması deyərkən arzuolunan hər hansı geyim nəzərdə tutulmur. Əsas məsələ tədbirlərdə, xüsusilə də milli və vətənpərvərlik ruhunda hazırlanmış tədbirlərdə milli geyimlərin istifadəsinə razılığın verilməsidir. Bu da, əlbəttə ki, şagirdlərimizdə vətənpərvərlik ruhunun artırılması istiqamətində atılan bir addım kimi qiymətləndirilə bilər", - deyə təhsil eksperti əlavə edib.
Ekspert qeyd edib ki, bu çox gözəl bir təşəbbüsdür. Əslində, məktəbdə yüksək səviyyədə aura və atmosferin formalaşması üçün bütün şagirdlərin vahid geyim formasında tədris prosesinə cəlb olunması əhəmiyyətlidir. Hazırda müəllimlərin də müəyyən geyim standartları ilə tədris prosesinə cəlb olunması məsələsi gündəmdədir. Bu, artıq orta ümumtəhsil məktəblərində təhsil istiqamətində atılan bir islahat kimi də qiymətləndirilə bilər. Təhsil alanların və təhsil verənlərin orta ümumtəhsil məktəblərində müəyyən standartlar çərçivəsində tədris prosesini həyata keçirməsi Azərbaycanda təhsilin inkişafına atılan addım kimi düşünülə bilər. Çünki həqiqətən də hər birimiz nəzər yetirsək, əgər bu məktəbdirsə və bu məktəbdə şagirdlər arasında sosial ayrı-seçkiliyin aradan qaldırılması istiqamətində müəyyən iş görülürsə, düşünürəm ki, cəmiyyətin bütün üzvləri, eləcə də valideynlər bu qərara xüsusi dəstək verməlidir. Əslində, əksər hallarda bu kimi qərarlarda müəyyən narazılıqlar formalaşa bilər. Amma düşünürəm ki, ilk növbədə valideynlər bu qərara müsbət yanaşmalı və övladlarının orta ümumtəhsil məktəblərində vahid geyim formasında tədris prosesinə cəlb olunmasına xüsusi dəstək verməlidirlər.
Səidə Ramazanova