Mərkəzi Klinikada pul tələb etdilər, etiraz edəndə isə həkim məni təhqir etdi
17:52 SosialMərkəzi Klinikada pul tələb etdilər, etiraz edəndə isə həkim məni təhqir etdi
Bu gün Mərkəzi Klinikada yaşadığım hadisəni susub keçə bilmərəm.
Anam infarkt keçirdi. Gecə saat 2-də öz maşınımla xəstəxanaya apardım. Daha sonra təcili şəkildə Mərkəzi Klinikaya göndərildi. Səhər saatlarında isə məndən əlavə ödəniş tələb olundu.
Əvvəlcə məndən 2500 AZN tələb edildi. Etiraz etdikdən sonra məbləğ 1900 AZN-ə endirildi, daha sonra isə 1600 AZN-də dayandı.
Mən pul ödəməkdən imtina etmədim. Sadəcə soruşdum:
"Bu 1600 manat hansı tibbi xidmətin qarşılığıdır? Əgər sığorta qarşılamırsa, mənə bunu yazılı şəkildə göstərin."
Mənim tələbim çox sadə idi: pulun hansı xidmətə görə alındığını və niyə sığorta tərəfindən qarşılanmadığını rəsmi şəkildə göstərsinlər.
Lakin bu sadə sualın cavabını yazılı şəkildə vermək əvəzinə, Mərkəzi Klinikada həkim Firdovsi İbrahimov tərəfindən mənə qarşı təhqiramiz ifadələr işlədildi.
Mənə deyilən sözləri olduğu kimi yazıram:
"Sən bazar adamısan", "sən alçaqsan", "şərəfsizsən" və digər təhqiramiz ifadələr.
Mən həkimə qarşı bir dəfə də olsun təhqir işlətmədim. Sadəcə anamın müalicəsi üçün tələb olunan ödənişin rəsmi əsasını soruşdum.
Ən ağır tərəfi isə bundan sonra oldu.
Anam infarkt keçirmişdi, ürəyinə müdaxilə olunmuş və stent qoyulmuşdu. Belə ağır vəziyyətdə olan xəstənin yanında mənimlə bağlı "oğlun pulu ödəmir", "oğlun məni istəmir" məzmununda danışılması mənim üçün qəbuledilməzdir.
Mərkəzi Klinikaya insan ən ağır günündə, yaxınını xilas etmək üçün gedir. O anda ailəyə əlavə stress və təhqir yaşatmaq yox, dəstək göstərilməlidir.
Mən heç kimdən xüsusi münasibət istəmirəm. Pulsuz xidmət də tələb etmirəm.
Pul tələb olunursa - hansı xidmətə görə olduğunu və rəsmi əsasını göstər.
Xəstə ilə işləyirsənsə - insan kimi davran.
Məsələ artıq 1600 manat deyil.
Məsələ insan ləyaqəti, şəffaflıq və xəstə hüququdur.
Bu hadisə ilə bağlı aidiyyəti qurumlara rəsmi müraciətlərimi etmişəm və məsələnin obyektiv araşdırılmasını tələb edirəm.
Təbriz Məmmədov
TEREF