ABŞ-Braziliya münasibətlərində böyük gərginlik

ABŞ prezidenti Donald Tramp Braziliyadan ixrac edilən mallara 40 faiz əlavə rüsum tətbiq edib.

Olaylar.az xəbər verir ki, məlumatı Ağ Evin mətbuat xidməti yayıb.

ABŞ prezidentinin sözlərinə görə, Braziliya hökumətinin hərəkətləri "ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün qeyri-adi və fövqəladə təhlükə" yaradır. Tramp bununla əlaqədar olaraq ABŞ-da "milli fövqəladə vəziyyət" elan etdiyini açıqlayıb.

Trampın imzaladığı sərəncamda rüsumların şamil olunmadığı mallar sadalanır və rüsumların qüvvəyə minməsi şərtləri əksini tapıb.

Amerika lideri bu qərarı Braziliyada bu ölkənin keçmiş prezidenti Jair Bolsonaroya qarşı məhkəmə prosesi ilə əlaqədar verdiyini vurğulayıb. Tramp onu özünün siyasi müttəfiqi hesab edir və hazırkı hakimiyyəti Bolsonaroya qarşı məhkəmə prosesini dayandırmasa, Braziliyaya qarşı tədbirlər görəcəyi barədə dəfələrlə xəbərdarlıq edib.

Beləliklə, yeni rüsumlar nəzərə alınmaqla, Braziliya mallarına rüsum artıq 50 faiz təşkil edəcək.

Qeyd edək ki, dünən ABŞ Braziliya Ali Məhkəməsinin hakiminə sanksiya tətbiq edib. Ardınca prezident Lula de Silva bunu Braziliyanın daxili işinə qarışmaq kimi qiymətləndirərək sərt tənqid edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31