Vətən müharibəsindəki qələbəmiz xalqın əzminin, ordunun qəhrəmanlığının və milli birliyin təcəssümüdür

İqtiqamət: Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması

Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar heç vaxt unudulmur və gələcək nəsillər üçün qürur mənbəyinə çevrilir. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbə də xalqımızın yaddaşında belə əlamətdar hadisələrdən biridir. Bu Qələbə Azərbaycan xalqının birliyini, ordumuzun gücünü, əsgər və zabitlərimizin qəhrəmanlığını, Vətənə olan sonsuz sevgisini bütün dünyaya nümayiş etdirdi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizənin mühüm mərhələsi oldu. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızın azad edilməsi uğrunda əzmlə mübarizə apardı. 44 gün davam edən döyüşlər zamanı hərbçilərimiz misilsiz şücaət göstərərək xalqımızın azadlıq və ədalət arzularını gerçəkləşdirmək üçün böyük fədakarlıqlar etdilər. 

Heç bir müharibə qanunlarına riayət etməyən erməni vandalları 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ərazisində mülki əhalinin həlak olması, yaşayış məntəqələrinin dağıdılması və mülki infrastruktura zərər vurulması ilə nəticələnən hücumlar həyata keçirdilər. Həmin hadisələrin bir hissəsi beynəlxalq humanitar hüququn pozuntuları və mümkün hərbi cinayətlər kontekstində beynəlxalq insan hüquqları təşkilatları tərəfindən araşdırılmışdır.  Belə ki, Gəncə şəhərinin raket atəşinə tutulması Ermənistan dövləti tərəfindən törədilən çoxsaylı müharibə cinayətlərinin tərkib hissəsi idi.  4, 11 və 17 oktyabr 2020-ci il tarixlərində Gəncənin yaşayış məhəllələrinə raket zərbələri endirildi. Amnesty International və Human Rights Watch-un araşdırmalarında mülki əhali arasında ölüm və xəsarətlər, yaşayış evlərinin dağıdılması sənədləşdirildi. Bərdə şəhərinə hücumlar da eyni cinayətin davamı idi. 28 oktyabr 2020-ci ildə Bərdəyə edilən hücum nəticəsində mülki şəxslər həlak oldu və yaralandı. Amnesty International kasetli sursatlardan istifadənin də daxil olduğu hücumları araşdıraraq bu silahların mülki əhali üçün yaratdığı təhlükəni vurğuladı. Digər şəhər və kəndlərin atəşə tutulması faktları ortada idi. Bu hallar nəzərə alınaraq  Human Rights Watch-un araşdırmasına Goranboy, Tərtər, Naftalan, Füzuli, Ağdam və digər ərazilərdə qeydə alınmış raket və artilleriya hücumları daxil edilmişdir. Bu hücumların bir qismi nəticəsində mülki şəxslər həlak olmuş, yaşayış evlərinə və mülki obyektlərə ziyan dəymişdir. Azğınlaşmış Ermənistan ordusu hətta qadağan edilmiş kasetli sursatlardan istifadəyə də əl atmışdı. Beynəlxalq insan hüquqları təşkilatları münaqişə zamanı yaşayış məntəqələrində kasetli sursatlardan istifadənin mülki şəxslər üçün ciddi və uzunmüddətli təhlükə yaratdığını sənədləşdirmişlər. Partlamamış sursat qalıqları müharibədən sonra da insanların həyatına təhlükə törədirdi. Beynəlxalq qanunlara görə isə mülki əhaliyə və mülki obyektlərə fərq qoymadan hücum edilməsi, eləcə də gözlənilən mülki zərərin hərbi üstünlüklə müqayisədə həddindən artıq olması beynəlxalq humanitar hüquqla qadağandır. Belə əməllər konkret halların sübutlarından və hüquqi meyarlardan asılı olaraq hərbi cinayət təşkil edə bilər. Bununla belə, sülhə qarşı cinayətlər, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər hüquqi baxımdan fərqli anlayışlardır və onların hər biri ayrıca hüquqi əsaslandırma tələb edir. Elə  bu səbəbdən də 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan şəhər və kəndlərinə edilən hücumlar mülki əhalinin müdafiəsi məsələsini beynəlxalq gündəmdə önə çıxardı. Hadisələrin obyektiv hüquqi qiymətləndirilməsi üçün müstəqil araşdırmaların nəticələri, sübutlar və beynəlxalq hüququn tələbləri əsas götürülməlidir.

Təcavüzkar Ermənistanın bütün cəhdlərinə baxmayaraq, Vətən müharibəsi günlərində Azərbaycan xalqı bir yumruq kimi birləşdi. Cəbhədə döyüşən əsgərlərimizlə yanaşı, arxa cəbhədə olan insanlar da öz dəstəklərini əsirgəmədilər. Hər bir azərbaycanlı torpaqlarımızın azad olunması xəbərini böyük həyəcan və sevinc hissi ilə gözləyirdi. Xalqımızın birliyi və ordumuzun döyüş əzmi Qələbəyə aparan yolda mühüm rol oynadı. 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi Vətən müharibəsinin ən mühüm hadisələrindən biri oldu. Qarabağın tacı sayılan Şuşanın azadlığı xalqımıza böyük sevinc və qürur yaşatdı. Şuşa təkcə tarixi şəhər deyil, həm də Azərbaycan xalqının zəngin mədəniyyətinin, musiqisinin və milli kimliyinin rəmzidir. Bu şəhərin azad edilməsi Qələbənin əldə olunmasında mühüm əhəmiyyət daşıdı. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı.

Bu Qələbə Azərbaycan xalqının birliyini, hərbçilərin fədakarlığını və uzun illər davam edən münaqişənin həllində baş verən tarixi dəyişiklikləri təcəssüm etdirir. Vətən müharibəsi şəhidlərimizin xatirəsini ehtiramla yad etməyin, qazilərimizin qəhrəmanlığını qiymətləndirməyin və dövlətimizin tarixini gələcək nəsillərə çatdırmağın əhəmiyyətini bir daha göstərdi. 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə Azərbaycan xalqının yaddaşında milli qürur, həmrəylik və tarixi yaddaş rəmzi kimi yaşayır. Bu tarixi Qələbə bizə çox böyük mənəvi dəyərlər aşıladı. Biz bir daha anladıq ki, Vətən sevgisi, milli birlik və fədakarlıq hər bir xalqın ən böyük sərvətidir. Şəhidlərimizin qanı bahasına əldə edilən bu uğur hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaqdır. Vətən uğrunda canlarından keçən qəhrəmanlarımızın xatirəsini yad etmək, qazilərimizə ehtiram göstərmək və onların fədakarlıqlarını unutmamaq hər birimizin mənəvi borcudur. 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə Azərbaycanın tarixində yeni bir səhifə açdı. Bu hadisə gənc nəslə vətənpərvərlik, cəsarət, birlik və milli dəyərlərə sədaqət nümunəsi oldu. Biz bu tarixi Qələbədən dərs almalı, ölkəmizin inkişafı, sülhün qorunması və dövlətimizin gələcəyi naminə səylə çalışmalıyıq. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış 44 günlük Vətən müharibəsi Qələbəsi Azərbaycan xalqının əzminin, ordumuzun qəhrəmanlığının və milli birliyimizin təcəssümüdür. Bu Qələbə şəhidlərimizin müqəddəs xatirəsi, qazilərimizin şücaəti və xalqımızın Vətən sevgisi ilə tariximizə həkk olunmuşdur. Biz bu tarixi heç vaxt unutmamalı, Vətənimizi sevməli və onun gələcəyi üçün əlimizdən gələni etməliyik. Qarabağ Azərbaycandır!

Alim Hüseynli 

Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31