ABŞ-İran qarşıdurması qlobal təhlükəsizlik arxitekturasını sarsıda bilər-ÖZƏL
17:35 SiyasətAmerikalı jurnalist Taker Karlson "X" hesabında iddia edib ki, Donald Tramp administrasiyası İsrailin Baş naziri Benyamin Netanyahunun təzyiqi ilə yaxın günlərdə İrana nüvə zərbəsi endirə bilər. Karlsonun sözlərinə görə, hücumun ehtimal olunan hədəfi İranın uranı zənginləşdirdiyi iddia edilən Pikaks dağıdır. O bildirib ki, obyektin 100 metrlik müdafiə qatını yalnız nüvə zərbəsi ilə dağıtmaq mümkündür və Netanyahu seçkilərdən sonra ölkəsindəki siyasi qeyri-sabitlik fonunda ABŞ-ni bu addıma sövq etməyə çalışır.
Maraqlıdır, İrana nüvə zərbəsi perspektivi nə qədər realdır? Yəni ABŞ bu qədərmi qudurub? Belə bir addım atılarsa, bu, regiona nə vəd edir? Rusiya buna nə deyər? Nüvə silahlarına malik olan digər dövlətlər buna necə reaksiya verəcəklər? Xüsusilə əks düşərgədə nüvə silahı olan ölkələr (Rusiya, Çin) eynən nüvə zərbəsi ilə buna cavab verə bilərmi?
Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib:
" Amerikalı jurnalist Karlsonun İsrailin təhriki ilə ABŞ Prezidenti Trampın İrana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı yayımladığı məlumat bu ölkənin rəsmi mənbələri və Ağ Ev tərəfindən təsdiq olunmur.
Bundan əlavə, ABŞ-ın belə bir addım atacağını da ehtimal etmək çətindir, zira bununla ABŞ qlobal kontekstdə beynəlxalq təhlükəsizliyi və sülhü təhdid edən tərəfə çevrilir və BMT Təhlükəsizlik Şurasında Rusiya və Çinin ABŞ-a münasibətdə beynəlxalq hüququn nəzərdə tutduğu sanksiyaların tətbiqi çağırışları ilə çıxış edəcəkləri birmənalıdır.
Bu isə perspektivdə dünya düzənində Avrasiyaçılar və Avroatlantçılar arasında mübarizənin qlobal kontekstdə kəskinləşəcəyinə səbəb olacaq.
Nəzərə almaq lazımdır ki, nüvə silahına Rusiya və Çinlə yanaşı, Böyük Britaniya, Fransa, Şimali Koreya, Hindistan və Pakistan da malikdirlər və ABŞ tərəfindən dövlətlərarası münasibətlərdə mövcud problemlərin həlli məqsədilə nüvə silahının tətbiqi onun digər beynəlxalq mübahisəli problemlərin həllində də tətbiqi presedenti yarada bilər ki, bu da dünyanın təhlükəsizlik arxitekturasının tədricən çökməsinə səbəb olacaq hadisələrin yaşanmasına gətirib çıxaracaq.
ABŞ-ın belə bir avantüraya getməsi dünyada qlobal enerji böhranının daha da dərinləşməsinə, planetar miqyasda qarşısıalınmaz ekoloji fəlakətin yaşanmasına gətirib çıxara bilər. Digər tərəfdən, İranın nüvə obyektlərinə ABŞ tərəfindən ola biləcək hücum hələ rəsmi Tehranın bu təhdidə cavab verməyəcəyi anlamında da qəbul olunmamalıdır. İranın isə ABŞ və İsrailin ərəb ölkələrindəki hərbi bazalarına cavab zərbələri endirmək ehtimallarını nəzərə alsaq, Yaxın və Orta Şərqin müharibə girdabına yuvarlanacağı birmənalıdır. Zira, İkinci Dünya müharibəsi dönəmində ABŞ-ın heç bir hərbi zərurət olmadan Yaponiya şəhərlərinə hava zərbələri endirməsi Yaponiyanı müharibədən çıxarmadı. Rəsmi Tokio yalnız SSRİ ona qarşı müharibəyə qatıldıqdan sonra təslim olduğunu bildirmiş, bununla da İkinci Dünya müharibəsi başa çatmışdır. Nəzərə almaq lazımdır ki, ABŞ-ın İranla nüvə təhdidi dilində danışması rəsmi Vaşinqtonun ərəb, habelə islam ölkələri ilə münasibətlərində etimadsızlıq sindromu yarada, onun İslam aləmi ilə ticari-iqtisadi əlaqələrinə mənfi kontekstdə sirayət edə bilər.
Hadisələrin bu istiqamətdə gedə biləcəyini ehtimal edən amerikalı politoloq Harriqson bunun gələcəkdə "sivilizasiyalar müharibəsi"nə gətirib çıxaracağını da istisna etməmişdir".
Zeynəb Mustafazadə