Sosial şəbəkələrdə vergi dövrü: İstifadəçilərin xərcləri artacaq? – ÖZƏL
16:22 İqtisadiyyatAzərbaycanda indiyədək 24 qeyri-rezident rəqəmsal xidmət təchizatçısı ƏDV məqsədləri üçün vergi uçotuna alınıb.
Trend-in sorğusuna cavab olaraq Dövlət Vergi Xidmətindən bildirilib ki, 2025-ci ildə bu qaydada 7 xarici rəqəmsal xidmət təchizatçısı qeydiyyata alınıb. Həmin il qeyri-rezidentlər tərəfindən 15,5 milyon manat ƏDV hesablanıb. Eyni zamanda, sosial şəbəkələr və xarici rəqəmsal platformalar üzrə kameral qaydada 250,5 min manat vergi hesablanıb.
"Xarici rəqəmsal platformaların Azərbaycandakı fəaliyyəti vergi uçotu və nəzarəti çərçivəsində həyata keçirilməli, onların fəaliyyətinə nəzarət olunmalıdır. Çünki söhbət kifayət qədər böyük vəsaitlərdən gedir".
Bu sözləri Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abbasbəyli deyib. İqtisadçı bildirib ki, sosial şəbəkələr, xarici elektron ticarət platformaları və digər rəqəmsal resurslar özlüyündə böyük reklam büdcələri formalaşdırır. Bu platformaların Azərbaycan bazarında iştirakı, ölkə ərazisində yayımlanması və əldə etdikləri gəlirlərlə bağlı bu günə qədər şəffaf vergi ödənişləri barədə məlumat əldə etmək mümkün olmayıb. Onların Azərbaycanda fəaliyyət göstərərək gəlir əldə etmələri müqabilində nə qədər vergi ödədikləri barədə məlumatlar bizim üçün əlçatan deyil. Lakin bu platformaların vergi uçotuna alınması və ölkə ərazisində əldə etdikləri gəlirlər müqabilində dövlət büdcəsinə ödəməli olduqları vergilərin müəyyənləşdirilməsi kifayət qədər vacib məsələdir. Bu gün həm reklam bazarının, həm də informasiya təminatının ən aparıcı vasitələri məhz sosial şəbəkələr və elektron platformalardır. Azərbaycanın reklam bazarının təxminən 70 faizdən çoxu elektron-rəqəmsal platformalar üzərində formalaşıb. Burada söhbət yüz milyonlarla manatlıq reklam büdcəsindən gedir və bu büdcə hər il artmaqdadır. Məhz belə bir vəziyyətdə, əlbəttə ki, bu istiqamətdə nəzarət tədbirləri gücləndirilməlidir.
Ekspert qeyd edib ki, Azərbaycandakı istifadəçilərin xərclərinin artıb-artmayacağı isə artıq tətbiq olunan mexanizmlərlə bağlıdır. Bəzi sosial şəbəkə platformaları var ki, onlar istifadəçilərinə və ya platforma vasitəsilə həyata keçirilən əməliyyatlara özləri vergi tətbiq edirlər. Əldə ediləcək gəlirlərə və ya reklama yatırılacaq vəsaitlərə görə vergiləri də məhz həmin platformalar özləri tətbiq edirlər. Biz bu baxımdan yalnız YouTube platforması üzərindən rəsmi vergi ödəyicisi olan şəxslərin vergi ödəməsi ilə bağlı hallarla rastlaşa bilirik. Bu baxımdan hesab edirəm ki, xarici rəqəmsal platformaların vergi uçotuna alınması daha doğru addım ola bilər.
Səidə Ramazanova