Zatulinin Qarabağ açıqlamalarının arxasında hansı siyasi məqsədlər dayanır?-ÖZƏL

Rusiyalı deputat Konstantin Zatulin Moskvada keçirilən "Rusiya-Ermənistan münasibətlərinin gələcək inkişaf perspektivləri" adlı dəyirmi masada çıxışı zamanı Qarabağın Azərbaycana reinteqrasiyasını "milli faciə" adlandırıb. O, Rusiya-Ermənistan münasibətlərinin pisləşməsinə görə Nikol Paşinyan hökumətini günahlandırıb, Avropa ilə yaxınlaşan Ermənistanın Rusiyaya qarşı mövqe tutduğunu iddia edib. Zatulin həmçinin Azərbaycanın məhkəməsi tərəfindən məhkum edilmiş keçmiş separatçı rəhbərləri "dostları və tərəfdaşları" adlandıraraq Paşinyanı və Ermənistanı baş verənlərə görə məsuliyyət daşımaqda ittiham edib. Onun Qarabağın statusunu şübhə altına alan açıqlamaları Azərbaycanın suverenliyinə qarşı növbəti təxribat kimi qiymətləndirilir.

Zatulinin Qarabağla bağlı bu açıqlamalarının arxasında hansı siyasi məqsədlər dayanır? Keçmiş separatçı rəhbərləri "dostları" adlandırması Rusiyadakı müəyyən dairələrin mövqeyini göstərirmi? Bu bəyanatlar Azərbaycan-Rusiya münasibətlərinə necə təsir edə bilər?
Mövzu ilə bağlı politoloq Tural İsmayılov Olaylar.az-a açıqlama verib:

" Konstantin Zatulinin Qarabağla bağlı açıqlamaları ilk növbədə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış suverenliyi kontekstində qiymətləndirilməlidir. Burada əsas məsələ ondan ibarətdir ki, Azərbaycan öz ərazisində konstitusion hüquqlarını bərpa edib, separatçı qurumun mövcudluğuna son qoyub və Qarabağda reinteqrasiya prosesini dövlət suverenliyi çərçivəsində həyata keçirib. Bu prosesi "milli faciə" adlandırmaq isə siyasi reallığı təhrif edən və separatizmin nəticələrinə fərqli münasibət sərgiləyən yanaşmadır.

Zatulinin mövqeyində diqqət çəkən əsas ziddiyyət onun Rusiyanın regional maraqlarından danışarkən Azərbaycanın suverenliyini nəzərə almamasıdır. Rusiya Dövlət Dumasının deputatı kimi çıxış edən bir şəxsin başqa dövlətin ərazi bütövlüyünü mübahisə predmetinə çevirməsi, separatçı qurumun keçmiş rəhbərlərini dost və tərəfdaş adlandırması siyasi məsuliyyət məsələsini gündəmə gətirir. Zatulin anlamalıdır ki, Azərbaycan ərazisində fəaliyyət göstərmiş separatçı strukturların rəhbərləri ilə şəxsi münasibətləri Azərbaycanın hüquqi suverenliyindən üstün tutula bilməz. Azərbaycan məhkəməsinin qərarlarını şəxsi dostluq münasibətləri prizmasından qiymətləndirmək isə hüquqi prosesə siyasi müdaxilə cəhdidir.

Bu, Zatulinin ilk belə mövqeyi deyil. O, uzun müddətdir Qarabağ məsələsində Azərbaycanın mövqeyinə zidd fikirlər səsləndirir, separatçı qurumun mövqeyini müdafiə edən açıqlamalar verir və Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan yanaşma nümayiş etdirir. Deməli, onun indiki açıqlamalarını təsadüfi emosional münasibət kimi təqdim etmək doğru olmaz. Burada uzun müddətdir davam edən siyasi yanaşmanın davamını görürük.

Zatulinin hazırkı çıxışının digər mühüm tərəfi Rusiya-Ermənistan münasibətlərindəki gərginliyin Qarabağ məsələsi üzərindən izah edilməsidir. O, Paşinyan hökumətini Rusiyadan uzaqlaşmaqda ittiham edir və Ermənistanın Avropa İttifaqına yaxınlaşmasını Moskvanın maraqlarına zidd addım kimi təqdim edir. Bu kontekstdə Qarabağın itirilməsini "milli faciə" adlandırmaqla Ermənistan daxilində revanşist düşüncələrə yaxın olan siyasi qüvvələrin arqumentlərini gücləndirən ritorikadan istifadə edir. Ancaq Ermənistanın xarici siyasət seçimləri ilə Azərbaycanın ərazi bütövlüyü arasında süni əlaqə yaratmaq siyasi baxımdan əsaslandırılmış yanaşma deyil. Ermənistanın Rusiya ilə münasibətlərində yaranan problemlərin məsuliyyətini Azərbaycanın suverenliyinin bərpası ilə əlaqələndirmək də qəbuledilməzdir.

Bununla belə, Zatulinin mövqeyini bütövlükdə Rusiya dövlətinin rəsmi siyasəti kimi qiymətləndirmək düzgün olmazdı. Rusiya siyasi dairələrində Qarabağ məsələsinə dair müxtəlif yanaşmalar mövcuddur. Lakin yüksək siyasi vəzifə tutan şəxslərin bu cür açıqlamaları ikitərəfli münasibətlərdə etimad mühitinə mənfi təsir göstərir. Belə bəyanatlar Azərbaycan cəmiyyətində Rusiyanın müəyyən siyasi dairələrinin ölkəmizin suverenliyinə münasibəti ilə bağlı haqlı suallar yaradır.

Azərbaycan-Rusiya münasibətləri ayrı-ayrı siyasətçilərin şəxsi siyasi simpatiyalarından daha geniş və strateji xarakter daşıyır. Bu münasibətlərin inkişafı qarşılıqlı suverenliyə, ərazi bütövlüyünə və daxili işlərə hörmət prinsipinə əsaslanmalıdır. Moskva ilə Bakı arasında münasibətlərin sağlam inkişafında bu prinsiplərin qorunması xüsusi əhəmiyyət daşıyır. Zatulin isə bilməlidir ki, Azərbaycanın ərazi bütövlüyü müzakirəyə açıq məsələ deyil. Qarabağ Azərbaycan ərazisidir və bu reallıq hansısa deputatın nostalji siyasi təsəvvürləri, şəxsi dostluqları və ya geosiyasi hesablamaları ilə dəyişə bilməz. Azərbaycanın suverenliyinə hörmət etmək istəyən hər bir siyasi aktor bu reallıqla hesablaşmalıdır".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31