Avropasız sülh, yoxsa müvəqqəti atəşkəs?-ÖZƏL

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Avropa İttifaqının Ukrayna üzrə sülh danışıqlarında iştirak etməyəcəyini bildirib. Kremlin sözçüsü Aİ-nin müharibəni uzadan mövqe tutduğunu və nə Rusiyaya, nə də ABŞ-yə belə vasitəçilərin lazım olmadığını vurğulayıb. Qeyd edək ki, Ukrayna münaqişəsinin həlli ilə bağlı üçtərəfli danışıqların Rusiya, ABŞ və Ukrayna arasında Əbu-Dabidə keçirilməsi nəzərdə tutulur.

Maraqlıdır, Avropa olmadan Ukrayna ilə sülh mümkündürmü?
Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib:

" Avropa İttifaqı olmadan Ukrayna münaqişəsində uzunmüddətli və davamlı sülhün əldə edilməsi faktiki olaraq qeyri-mümkündür. Kremlin sülh danışıqlarında yalnız Rusiya, ABŞ və Ukrayna formatına üstünlük vermək istəyinə baxmayaraq, Avropanın prosesdən tamamilə kənarda qalması real sülh ssenarilərinə cavab vermir.
Bunun əsas səbəbləri, tərəflərin maraqları və mövcud risklərdir. Müharibə dayandıqdan sonra Ukraynanın yenidən qurulması üçün yüz milyardlarla dollar vəsait lazım olacaq. ABŞ-nin bu yükü təkbaşına çəkməyəcəyi bəllidir. Əsas maliyyə donoru olacaq Avropa İttifaqı, maliyyələşdirdiyi prosesin siyasi şərtlərinin formalaşmasında mütləq söz sahibi olmaq istəyəcək. Ən əsası isə münaqişə birbaşa Avropanın sərhədlərində baş verir. Ukraynanın gələcək statusu yəni, neytrallıq, NATO və yaxud Aİ üzvlüyü məsələsi birbaşa Avropanın təhlükəsizlik arxitekturasını müəyyən edir. Avropanın rəyi nəzərə alınmadan imzalanan hər hansı bir sənəd qitədə yeni gərginlik ocaqları yarada bilər. Kiyev üçün sülhün əsas şərtlərindən biri Avropa İttifaqına inteqrasiya və iqtisadi təhlükəsizlikdir. Aİ bu prosesin birbaşa tərəfi olduğu üçün onun iştirakı olmadan Ukraynanın gələcəyinə dair tam təminat vermək olmaz. Moskva bu münaqişəni regional deyil, qlobal geosiyasi qarşıdurma hesab edir. Kremlin məntiqinə görə, Ukrayna böhranını real olaraq yalnız qərarları verən tərəflə, yəni ABŞ-la həll etmək olar. Rusiya Aİ-ni müstəqil xarici siyasəti olmayan və Vaşinqtonun diqtəsi ilə hərəkət edən bir struktur kimi qələmə verməyə çalışır. Avropa İttifaqını danışıqlardan uzaq tutmaqla Moskva ABŞ-dakı daxili siyasi dəyişikliklərdən istifadə edərək daha rahat şərtlərlə sülh əldə etməyə çalışır. Əgər danışıqlar yalnız Ukraynanın iştirakı ilə Rusiya və ABŞ arasında baş tutarsa, bu, müharibənin aktiv fazasını dayandıran bir atəşkəs rejimi ilə nəticələnə bilər. Lakin bu, real və qalıcı sülh demək olmayacaq. Əgər Avropa liderləri, xüsusilə Fransa, Almaniya və Polşa danışıqların şərtlərini öz təhlükəsizliklərinə təhdid hesab etsələr, Kiyevə birtərəfli hərbi və iqtisadi yardımları davam etdirə bilərlər. Bu isə ABŞ-ın mövqeyindən asılı olmayaraq münaqişənin tam sönməsinə imkan verməz. Eyni zamanda Aİ-nin dəstəkləmədiyi bir saziş beynəlxalq hüquqi baxımdan zəif olacaq və gələcəkdə Rusiyaya qarşı sanksiyaların ləğv edilməsi prosesini kilidləyəcək. Rusiya iqtisadiyyatının normal qlobal sistemə qayıtması üçün isə Avropa bazarları və sanksiyaların götürülməsi vacibdir. Taktiki olaraq, atəşkəs və ya ilkin razılaşma Avropasız, yəni ABŞ və Rusiya arasında Əbu-Dabi kimi platformalarda hazırlana bilər. Lakin bu razılaşmanın strateji sülhə çevrilməsi və icra olunması üçün Avropa İttifaqının prosesə cəlb olunması mütləqdir. Avropasız sülh yalnız müvəqqəti fasilə rolunu oynaya bilər".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31