İtaliya Azərbaycan üçün Avropaya açılan mühüm tərəfdaşdır- ÖZƏL

Xarici işlər naziri Ceyhun Bayramov italiyalı həmkarı Antonio Tayaninin iştirakı ilə keçirilən mətbuat konfransında Azərbaycan-İtaliya münasibətlərinin sürətlə inkişaf etdiyini bildirib. O qeyd edib ki, gələn il diplomatik əlaqələrin 35 illiyi qeyd olunacaq. İndiyədək 65 sənəd imzalanıb, 20-yə yaxın sənəd isə müzakirə olunur. Bayramov İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu, ölkədə 124 İtaliya şirkətinin fəal fəaliyyət göstərdiyini vurğulayıb.

Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib:

"Azərbaycanın xarici ticarət dövriyyəsinin 22-24 faizini İtaliya ilə ticarət sövdələşmələrindən əldə edilən gəlirlər təşkil edir. Hazırda İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Bu ilin ilk 9 ayının yekunlarına görə, Azərbaycanın xarici ticarət dövriyyəsi 38 milyard dollardan çox olub ki, bunun da 9,18 milyard dolları İtaliya ilə ticarət əlaqələrinin payına düşüb.
İtaliya Azərbaycandan əsasən xam neft və maye qaz idxal edir. Bu istiqamətdə yüksək göstəricilərlə ölkənin ticarət tərəfdaşları arasında birinci yerdə qərarlaşıb. İtaliyanın Azərbaycanda qeydiyyatdan keçmiş 167 şirkətindən 124-ü hazırda fəaliyyət göstərir. Təəssüf ki, onların əksəriyyəti neft, qaz və enerji sektorunda çalışır. Qeyri-neft sektorunda fəaliyyət göstərən İtaliya şirkətləri arasında isə əsasən servis xidmətləri, restoranlar və gözəllik salonları ilə tanınan müəssisələr yer alır. Bu sahələrin ölkələrimiz arasında ticarət əlaqələrinin genişlənməsi və inkişafında xüsusi çəkisi o qədər də yüksək deyil. İtaliya ilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlığımız bizə Avropa İttifaqının digər dövlətləri ilə münasibətlərin genişləndirilməsi istiqamətində yaşıl işıq rolunu oynayır.
Avropa İttifaqının aparıcı dövlətlərindən biri olan İtaliya Qərbdə Azərbaycanla münasibətləri erməni diasporasının sifarişi və maraqları müstəvisində qurmağa cəhd göstərən beynəlxalq qlobalist dairələrin məlum layihələrinin icrasına mane olan tərəf kimi çıxış edir. Bu baxımdan rəsmi Bakı İtaliya ilə münasibətlərindən Avropa institutlarında kök salmış ermənipərəst qüvvələrə qarşı mübarizədə bir növ buzqıran vasitəsi kimi yararlanır".
Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00