Trampın Əliyevə G20 dəvəti Vaşinqtonun Azərbaycana verdiyi siyasi qiymətdir-ÖZƏL

" Donald Trampın Prezident İlham Əliyevi G20 Liderlər Sammitinə dəvət etməsi Azərbaycan-Amerika münasibətləri baxımından, eyni zamanda, ölkəmizin beynəlxalq nüfuzunun son illərdə artmasının göstəricisi kimi mühüm siyasi hadisədir. Bu, sadəcə, bir jest deyil. Bu dəvət, eyni zamanda, Vaşinqtonun Cənubi Qafqazda dəyişən geosiyasi reallıqlara və Azərbaycanın artan strateji əhəmiyyətinə verdiyi qiyməti də özündə əks etdirir".

Bu fikirləri siyasi şərhçi Elmir  Səftərov Olaylar.az-a açıqlamasında söyləyib. Siyasi şərhçi qeyd edib ki, burada əsas məqamlardan biri ondan ibarətdir ki, Azərbaycan G20-nin daimi üzvü olmadığı halda, ABŞ prezidentinin xüsusi dəvət etdiyi ölkələr sırasındadır:
" Ümumiyyətlə, Vaşinqton və Bakı münasibətləri strateji müstəvidə inkişaf etdirirlər. Bu da 2025-ci ildə Vaşinqtonda keçirilən görüşdən sonra münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Burada söhbət təkcə ABŞ-Azərbaycan münasibətlərindən getmir. Xəzər hövzəsi, Mərkəzi Asiya, Avropa, Orta Dəhliz və Yaxın Şərqə çıxış baxımından Azərbaycan ABŞ üçün mühüm geosiyasi mövqeyə malikdir.
Digər əsas məqamlardan biri ABŞ-nin regional proseslərdə Azərbaycanın artan nüfuzunu və rolunu nəzərə almasıdır.
Növbəti mühüm məqam iqtisadi əməkdaşlıqdır. Çünki G20 dünya iqtisadiyyatının aparıcı ölkələrini bir araya gətirən platformadır. Bu baxımdan sammit investisiya, enerji təhlükəsizliyi, nəqliyyat, logistika, regional iqtisadiyyat və yeni texnologiyalar sahələrində əməkdaşlıq imkanlarının müzakirəsi üçün mühüm platformadır.
Həmçinin sammit Azərbaycanın tranzit və enerji potensialının, bu sahələrdə əldə etdiyi imkanların və mövcud üstünlüklərinin beynəlxalq səviyyədə təqdim edilməsi baxımından da əhəmiyyətlidir.
Siyasi etimad iqtisadi nəticələrə də çevrilə bilər. Azərbaycanın G20-də iştirakı ölkəmizin beynəlxalq mövqeyinə çox müsbət təsir göstərə bilər. Çünki bu platforma Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyini daha geniş coğrafiyada təqdim etməsinə imkan yaradır. Azərbaycan artıq regional dövlətdən daha geniş beynəlxalq aktora çevrilir.
Yəni ölkəmiz təkcə Cənubi Qafqazdakı proseslərdə deyil, Avrasiya məkanında da enerji, nəqliyyat, logistika və təhlükəsizlik məsələlərinə təsir göstərən tərəfdaş kimi çıxış edir.
Bu, eyni zamanda, ölkəmizin çoxvektorlu xarici siyasətinin güclənməsi deməkdir və güc mərkəzləri ilə balanslaşdırılmış münasibətlərini əks etdirir. ABŞ, Avropa İttifaqı, Rusiya, Çin və Mərkəzi Asiya ölkələri ilə əlaqələrin paralel şəkildə inkişaf etdirilməsi Azərbaycana beynəlxalq münasibətlər sistemində daha geniş manevr imkanları yaradır. Bundan əlavə, ölkəmizin beynəlxalq gündəliyə təsir imkanları da genişlənir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31