Nüvə müharibəsi iddiaları: Real təhlükə, yoxsa psixoloji təzyiq?-ÖZƏL

"ABŞ-nin İrana və ya Rusiyanın Ukraynaya qarşı yaxın günlərdə taktiki nüvə silahından istifadə edəcəyi barədə iddialar əsasən media manipulyasiyası və psixoloji xarakter daşıyır, lakin hər bir dövlətin əhalini fövqəladə hallara hazırlaması standart təhlükəsizlik təcrübəsidir".

Bu fikirləri politoloq Tural İrfan Olaylar.az-a açıqlamasında söyləyib.

" ABŞ-da Donald Tramp administrasiyasının İsrailin təzyiqi ilə İranın yeraltı nüvə obyektlərinə zərbə endirə biləcəyi iddiaları amerikalı jurnalist Taker Karlsonun noyabr ayında sosial şəbəkələrdə yaydığı fərziyyələrə əsaslanır. Bundan sonra dünyada sözü gedən mövzu ilə bağlı çalxantı yarandı. Rəsmi beynəlxalq mənbələr və hətta Rusiya rəsmiləri bu məlumatların real əsasının olmadığını və seçkiöncəsi informasiya kampaniyalarının tərkib hissəsi ola biləcəyini vurğulayıblar. Jurnalist Taker Karlsonun iddiaları İranın Natanz nüvə obyektinə yönəlib. Lakin nüvə silahının tətbiqi qlobal fəlakət və sanksiyalar zənciri demək olduğundan bu real hərbi plandan daha çox qarşı tərəfi güzəştə məcbur etmək üçün aparılan psixoloji təzyiq elementidir. ABŞ nüvə silahı atmaq iqtidarında deyil və buna hazırlığı yoxdur. Rusiyanın da zaman-zaman nüvə ritorikasından istifadə etməsi Qərbin Ukraynaya birbaşa hərbi müdaxiləsinin qarşısını almaq məqsədi daşıyır. Beynəlxalq kəşfiyyat və nüvə monitorinqi agentlikləri real nüvə zərbəsinə hazırlıq barədə hər hansı fiziki aktivlik, silahların anbarlardan çıxarılması, xüsusi hərbi dislokasiya qeydə almayıblar. Dünyanın bir çox ölkələrində, İsveç, Norveç, Almaniya) vətəndaşlara 72 saatlıq və ya daha uzunmüddətli ehtiyat toplamaq barədə edilən tövsiyələr yalnız nüvə müharibəsi təhlükəsi ilə bağlı deyil. Bu, Avropa İttifaqının və digər inkişaf etmiş ölkələrin mülki müdafiə və ümumi böhran hazırlığı strategiyasıdır.
Azərbaycanda da əhaliyə bənzər tövsiyələrin verilməsi və bu istiqamətdə maarifləndirmə işlərinin aparılması məqsədəuyğundur. Azərbaycan seysmik zonada yerləşir, zəlzələ riski var. Güclü zəlzələ, sel, infrastruktur qəzaları və ya kiberhücumlar zamanı su, qaz və elektrik təchizatı bir neçə gün kəsilə bilər. 72 saatlıq ehtiyat ilk növbədə bu cür hallardan sağ çıxmaq üçündür. Azərbaycan nüvə gərginliyinin müzakirə olunduğu regiona coğrafi baxımdan yaxındır. Hər hansı regional gərginlik fonunda tədarük zəncirlərinin qısa müddətli qırılması riskinə qarşı hazırlıqlı olmaq dövlətin mülki müdafiə prioritetlərindən biri olmalıdır. Rəsmi qurumlar tərəfindən evlərdə su, quru qida, ilkin tibbi yardım dəstləri, radio, fənər və s. saxlanılması qaydaları mütəmadi təbliğ edilməlidir. Bu, əhalidə təlaş yaratmaq üçün deyil, əksinə, qəfil böhran anlarında hər kəsin soyuqqanlı və hazırlıqlı olmasını təmin etmək üçün lazımdır.
Nəticə etibarilə, qlobal mediada yayılan nüvə müharibəsi anonsları böyük ölçüdə şişirdilmiş xəbərlər olsa da, fərdi səviyyədə 72 saatlıq fövqəladə hal ehtiyatına malik olmaq hər bir vətəndaş üçün ayıqlıq və təhlükəsizlik ənənəsinin göstəricisidir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31