Zatulinin bəyanatları: siyasi nostalji, yoxsa məqsədli təxribat? – ÖZƏL

"Konstantin Zatulinin Qarabağla bağlı növbəti açıqlamaları nə tarixi həqiqətlərə, nə beynəlxalq hüquqa, nə də Azərbaycan-Rusiya münasibətlərinin strateji məntiqinə uyğundur. Qarabağın Azərbaycan bayrağına qayıtmasını yaxud Azərbaycan bayrağının Qarabağa əbədi qayıtmasını, başqa sözlə dövlət suverenliyimizə reinteqrasiyasını "milli faciə" adlandırmaq, əslində, separatizmin süqutunu faciə kimi təqdim etməkdir. Halbuki Qarabağda baş verənlər qətiyyən hansısa dövlətin ərazi itkisi sayıla bilməz! Bu, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində konstitusion quruluşun və suverenliyin bərpası aktıdır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib. Türkoloq bildirib ki, Zatulinin bu ritorikasının arxasında bir neçə siyasi məqsəd görünür. Birincisi, Rusiyanın müəyyən siyasi çevrələrində hələ də mövcud olan postsovet məkanına köhnə təsir mexanizmləri ilə yanaşmaq düşüncəsidir. İkincisi, Ermənistanın Qərbə yaxınlaşması fonunda Paşinyan hökumətinə təzyiq göstərmək və onu Qarabağ məsələsi üzərindən siyasi baxımdan zəiflətmək, revanşist ünsürləri canlandırmaq cəhdidir. 
Üçüncüsü isə Azərbaycanla Ermənistan arasında sülh prosesinə köhnəlmiş "münaqişə" ritorikasını yenidən daxil etmək istəyidir. Zatulinin keçmiş separatçı rəhbərləri özünün dostları və tərəfdaşları adlandırması ayrıca diqqət istəyir. Bu ifadə həm şəxsi münasibətin etirafı, həm də müəyyən siyasi bağlılıqların nümayişidir. Əlbəttə, bir deputatın mövqeyini bütövlükdə Rusiya dövlətinin rəsmi siyasəti kimi təqdim etmək doğru olmaz; ancaq Dövlət Dumasının üzvünün bu cür mövqeyi açıq şəkildə ifadə etməsi Rusiyanın siyasi mühitində separatçı keçmişə rəğbət bəsləyən dairələrin mövcudluğuna dair ciddi suallar doğurur. Burada önəmli bir məqam da var: Zatulin Ermənistanın bugünkü hakimiyyətini tənqid edərkən, əslində, Azərbaycanı da hədəfə alır. Yəni onun ritorikasında Paşinyan siyasi ünvan, Qarabağ isə təzyiq vasitəsidir. Dediyimiz kimi, belə yanaşma Ermənistanın özündə də revanşist düşüncəni qidalandıra, bölgədə dayanıqlı sülhün formalaşmasına mənfi təsir göstərə bilər.

"Azərbaycan-Rusiya münasibətlərinə gəlincə, bu münasibətlər ayrı-ayrı siyasətçilərin emosional və ideoloji açıqlamalarından daha geniş dövlətlərarası çıxarlara əsaslanır. Bununla belə, belə açıqlamalar cavabsız qalmamalıdır. Dövlətlərarası güvən rəsmi sənədlərlə birgə, suverenliyə və ərazi bütövlüyünə göstərilən siyasi sayğı ilə də ölçülür. Əgər bu cür mövqelər sistemli xarakter alarsa və rəsmi siyasi xəttə təsir göstərərsə, təbii ki, ikitərəfli münasibətlərdə əlavə güvənsizlik yarada bilər. Ən başlıcası, Zatulin və onun kimi düşünənlər anlamalıdır ki, Qarabağ məsələsi artıq separatçı layihələrin gələcəyi haqqında müzakirə predmeti deyil. Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu gerçəklik nə siyasi nostalji, nə də revanşist ritorika ilə dəyişdirilə bilər. Azərbaycan öz suverenliyini bərpa edib. İndi bölgənin ehtiyacı gələcək sülhün, qarşılıqlı güvənin və əməkdaşlığın möhkəmləndirilməsinədir. Rusiyanın məsuliyyətli siyasi dairələri üçün də daha doğru yanaşma bax, elə bu olardı", - deyə ekspert əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31