İranın TRIPP narahatlığı: Tehran niyə “real dəhliz” israrındadır?- ÖZƏL

İranın Ali Rəhbərinin müşaviri Məhəmməd Muxber regiondakı nəqliyyat və kommunikasiya layihələri ilə bağlı sərt bəyanatla çıxış edib. O bildirib ki, istər Hörmüz boğazından keçən cənub xətti, istərsə də TRIPP (Zəngəzur) dəhlizi ilə bağlı irəli sürülən "saxta marşrutlar" heç vaxt "real dəhlizləri" əvəz edə bilməz. İranın regiondakı geosiyasi maraqlarının rəsmi Tehran üçün "qırmızı xətt" olduğunu vurğulayan müşavir, bu maraqların kənara qoyulmasına imkan verməyəcəklərini qeyd edib və tərəfləri Hörmüz boğazı nümunəsindən dərs çıxarmağa çağırıb. Bu açıqlama Ermənistan və ABŞ-nin TRIPP layihəsinin icrasına başlanıldığını elan etməsindən sonraya təsadüf edir.

Muxberin "saxta marşrutlar" və "real dəhlizlər" ifadələri ilə vermək istədiyi əsas mesaj nədir? "Hörmüzdən dərs çıxarın" nə deməkdir?

Mövzu ilə bağlı beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:

"Muxberin bu marşrutları "saxta" adlandırması, mənə elə gəlir ki, bu ifadəni işlədərkən məhz layihənin adına diqqət çəkmək istəməsi ilə bağlıdır. Nəyə görə? Çünki tarixin heç bir mərhələsində, nəinki Ermənistanda, ümumilikdə Cənubi Qafqazda, hətta ətraf regionlarda belə, TRIPP adında nə bir qəsəbə, nə bir yol, nə bir layihə, nə bir şəhər, nə də bir ölkə olub. Ona görə də o, yəqin ki, bunu nəzərdə tutur: TRIPP marşrutu adlandırılması əslində tarixi yolları, tarixi keçidləri və tarixi zənginliyi olan bir bölgəyə sonradan verilmiş addır. Ancaq burada təəccüblü heç nə yoxdur. Çünki hər hansı layihə həyata keçirilirsə, yeni yol inşa edilirsə və ya köhnə yol yenidən təşkil olunursa, həmin yolun hansısa tarixi adla adlandırılması və ya ona mütləq şəkildə tarixi məna yüklənməsi vacib deyil. Yeni layihələr də həyata keçirilə bilər, yeni yollar da çəkilə bilər. Bu, həmin layihələrin tərəfləri arasında razılaşmadan asılı olaraq, fərqli adlarla da adlandırıla bilər. Burada təəccüblü heç nə yoxdur. O ki qaldı real dəhlizlər məsələsinə və ya yolların yeni olması ilə bağlı ziddiyyətli fikirlərə, Cənubi Qafqaz hər zaman nəqliyyatın açıq olduğu, kommunikasiyaların işlədiyi bir bölgə olub. Mehri üzərindən Naxçıvana yollar gedir. Qərbi Zəngəzurun digər ərazilərindən də Naxçıvana, İrəvana, Cənubi Azərbaycana, qardaş Türkiyəyə və Azərbaycanın digər rayonlarına uzanan, fəaliyyət göstərən yollar olub. Həmin yollar bir zamanlar İpək Yolunun tərkib hissələrini təşkil edib. Eyni zamanda, ayrı-ayrı rayonlar arasında da müxtəlif yollar çəkilib. Biz bu cür hadisələri misal gətirə bilərik. Ona görə də İran tərəfinin real olmayan dəhlizlər və ya yollarla bağlı bu cür fikirləri qəbulolunmazdır. Tarixən Azərbaycan rayonları arasında və müxtəlif ölkələr arasında yollar mövcud olub. Həmin yollar o zaman indiki mənada marşrut və ya tranzit dəhlizləri olmasa da, bu gün zamanın tələbinə uyğun olaraq artıq marşrutlara və tranzit layihələrinə çevrilir. İranın burada fərqli yanaşma sərgiləməsi, mənə elə gəlir ki, sırf layihədən kənarda qalması ilə bağlıdır.
Azərbaycan hələ 44 günlük müharibədən sonra və antiterror tədbirlərindən sonra hər kəsin iştirak edə biləcəyi məqbul platforma təklif edib. Həmin platformadan istifadə etmək istəməyən, kənarda qalmağı seçən İran tərəfinin özü olub. Yəni İran bu gün regionda yalnız öz maraqlarına uyğun dominant mövqe sərgiləyirsə, hər şeyin onun istədiyi kimi olmasını, özündən başqa heç kimin maraqlarının təmin edilməməsini istəyirsə, Tehranın müəyyən etdiyi çərçivələrə uyğun hərəkət edilməsini tələb edirsə, bu, yanlış təfəkkürdür.
Belə olan halda, əlbəttə ki, Tehran bu layihələrdən kənarda qalacaq və bunun günahını da, özündə axtarmalıdır. Azərbaycan bütün tərəflərin maraqlarına xidmət edən unikal bir layihə təklif edib. Bu gün də kommunikasiya xətlərinin hər kəsin marağına uyğun layihəyə çevrilməsi üçün qapıları açıq saxlayır. İran da gəlib qoşula, layihədə öz yerini ala, ehtiyaclarını bu marşrut vasitəsilə təmin edə, ixrac etmək istədiyi məhsulları geniş Avropa və Asiya bazarlarına çıxara bilər. Şimal istiqamətində, Rusiyaya çıxış üçün də Şimal-Cənub dəhlizi çərçivəsində Azərbaycan tərəfindən müxtəlif imkanlar təklif edilir. Ona görə də indi həqiqətən də fikrini dəyişməli olan tərəf varsa, o da İrandır. İran hər kəsin hüququna, haqqına hörmət etməyi öyrənməlidir. Yəni, İran var deyə digər dövlətlər öz maraqlarından imtina edə bilməzlər. İran da öz maraqlarını təmin edə, layihələrə qoşula, tərəfdaş ola bilər. Digər ölkələr necə qazanır və bu layihələrdən necə faydalanırlarsa, İran da qazanc əldə etməyin yollarını axtarmalı, təkliflər verməli və layihələrdə yer almalıdır. Yoxsa hər şey mənə uyğun təşkil olunmalıdır prinsipi ilə yanaşmaq ilk növbədə elə İranın özünə zərər verəcək. Digər sualınıza, "Hörmüzdən dərs çıxarən" məsələsində İran, yəqin ki, Amerikaya qarşı apardığı mübarizəni nəzərdə tuturdu. Çünki Amerika və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayarkən onların məqsədləri daha geniş idi: rejimi devirmək, ölkənin potensialını məhv etmək, hətta zənginləşdirilmiş uranı İrandan çıxarmaq, eyni zamanda, İranda onların maraqlarına uyğun yeni siyasi düzən qurmaq və s. Ancaq İranın infrastrukturunun dağılmasından, generalların, həmçinin ali dini liderin öldürülməsindən başqa ciddi nəticə əldə edilmədi. Yəqin ki, onlar da bu məqamdan çıxış edərək, İrana qarşı bu uğursuzluğu İranın qələbəsi kimi göstərməyə çalışır və bununla bir növ Ermənistan hakimiyyətinə "Biz ABŞ-la mübarizə aparmışıqsa, sizinlə də daha rahat mübarizə apara bilərik" mesajını vermək, onu çəkindirmək istəyirlər.
Yəni bu, İranın Ermənistana qarşı hədə-qorxu və çəkindirmə ritorikasıdır. Ermənistana real güc nümayiş etdirirlər. Həqiqətən də bu gün Ermənistanın İranla mübarizə aparacaq hərbi-texniki imkanları yoxdur.
Ancaq bu, o demək deyil ki, İran özündən zəif olan hər kəslə təhdid, müharibə və hədə-qorxu dili ilə danışaraq məqsədlərinə nail olmalıdır. Dünya artıq əvvəlki dünya deyil. Çünki bu TRIPP layihəsində Ermənistanın maraqlarından başqa, görün nə qədər dövlətin maraqları və nə qədər böyük imkanlar var. Bu, Çini də maraqlandıran layihədir, Azərbaycanı da, Türkiyəni də.
Hətta Rusiya belə əvvəlcə bu layihəni öz maraqlarına zidd hesab etsə də, sonradan orada iştirak etməyin yollarını axtarmağa başlayıb. Bu layihə Avropa dövlətlərinin və ABŞ-ın da maraq dairəsindədir.
Ona görə də burada boş yerə hədə-qorxu gəlməkdənsə, regionda qan çanağı yaradacağı, , "sizinlə də vuruşa bilərik" kimi yanaşmalar ortaya qoymaqdansa, İran artıq əvvəlki səhvlərini düzəltməli, tərəflərlə dil tapmalı və dinc münasibətlər qurmalıdır. Eyni zamanda, öz maraqlarına uyğun təkliflərlə adaptasiya prosesini sürətləndirməlidir.
Əks təqdirdə,  qeyd etdiyimiz kimi, bütün bu hadisələrin sonunda ən çox zərər görən tərəflərdən biri də İranın özü olacaq. Çünki hər şeyi hərbi güclə və müharibə ilə həll etmək olmaz. Bəzən diplomatiya və iqtisadiyyat kimi amilləri də ön plana çəkmək lazımdır".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00