Vüqar Rəhimzadə: Hər daşı, qayası tarix olan Kəlbəcər canlı təbiət muzeyini xatırladır
16:01 SiyasətAzad Kəlbəcər Azərbaycanın gücünün və quruculuq əzminin təcəssümüdür
2020-ci ilin 25 noyabr tarixi Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə həkk olunmuş şərəfli günlərdən biridir. Azərbaycanın döyüş meydanında qazandığı şanlı Qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı. Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu. 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu bir güllə belə atılmadan Azərbaycana təhvil verildi. Nəticədə Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Həmin gün Prezident İlham Əliyev xalqa müraciətində Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə bütün Azərbaycan xalqını təbrik edərək, bu qədim diyarın - Kəlbəcər şəhərinin və rayonun bütün kəndlərinin ən müasir standartlara uyğun şəkildə yenidən qurulacağını bəyan etdi. Bu çağırış dövlətimizin qətiyyətli siyasi iradəsinin və yeni quruculuq strategiyasının başlanğıcı idi.
Tarixi Zəfərimizin əbədiləşdirilməsi istiqamətində atılan mühüm addımlardan biri Prezident İlham Əliyevin Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsidir. Həmin sənədə əsasən, 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur. 25 noyabr tarixi özündə 30 illik işğal dövrünün acılarını, 44 günlük Vətən müharibəsinin Zəfərini və postmünaqişə dövrünün quruculuq reallıqlarını təcəssüm etdirir. Tariximizin hər bir səhifəsinin daim vərəqlənməsi, indiki və gələcək nəsillərə çatdırılması qarşıya qoyulan əsas hədəflərdəndir. Bu baxımdan Kəlbəcərin bugünkü dirçəlişi fonunda yaxın keçmişin acı həqiqətləri də unudulmur. 1993-cü il aprelin əvvəlində Kəlbəcərin işğal altına düşməsi məhz o zamankı hakimiyyətin - bədnam AXC-Müsavat cütlüyünün siyasi səriştəsizliyi, daxili çəkişmələrinin və xəyanətkar mövqeyinin acı nəticəsi idi.
Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğala qədər 3054 kvadratkilometr ərazisi olan rayonda 53 478 nəfər əhali yaşayırdı. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi. İşğal zamanı 511 dinc sakin qətlə yetirildi, 321 nəfər isə əsir götürüldü və itkin düşdü. Kəlbəcər sakinləri respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olmuşdular. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, yüzlərlə inzibati bina, minlərlə fərdi yaşayış evi və texnika talan edilərək dağıdılıb, rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb. Kəlbəcərdə erməni vandalizminin izləri hər addımda görünür. Dağıntı və talanlar həm işğal dövründə, həm də 2020-ci ildə ermənilər rayonu tərk edərkən davam etdirilib.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə mediaya açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Kəlbəcər də dövlət başçısı İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olundu. Prezidentin rayona çoxsaylı səfərləri zamanı yeni infrastruktur obyektlərinin, yaşayış məntəqələrinin, tunellərin və enerji stansiyalarının təməli qoyuldu, bir çoxunun isə açılışı həyata keçirildi. Hər bir səfər regionun sürətli dirçəlişinə xidmət edərək kəlbəcərlilərin otuz ildən artıq həsrətlə gözlədikləri doğma yurdlarına qayıdışını günbəgün yaxınlaşdırdı. Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli Qərarı ilə "Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı" təsdiq edilib. Şəhərin işğala qədərki son Baş planında ərazisi 130 hektar, əhalisinin sayı isə 7500 nəfər nəzərdə tutulduğu halda, yeni konsepsiyaya uyğun olaraq bu rəqəmlər iki dəfədən çox artaraq təxminən 290 hektar ərazi və 17 000 nəfər əhali təşkil edəcək. Şəhərin mərkəzində ortamərtəbəli çoxmənzilli və inzibati binalar, ətraf hissələrdə isə fərdi yaşayış evləri inşa olunacaq. Ümumilikdə 2040-cı ilədək əhalinin 4250 mənzillə təmin olunması planlaşdırılır. Bununla yanaşı, şəhərdə 4 məktəb, 4 uşaq bağçası, 2 xəstəxana, 1 reabilitasiya mərkəzi, İşğal və Zəfər muzeyləri, mehmanxanalar, ictimai-iaşə obyektləri və idman meydançaları tikiləcək. Plana əsasən, şəhər ərazisinin 22 faizi yaşıllıqlardan ibarət olacaq. Ölkənin digər şəhərlərində ümumi istifadədə olan yaşıllıq sahəsinin adambaşına düşən norması 7-10 kvadratmetr olduğu halda, Kəlbəcər şəhərində bu göstərici 33 kvadratmetrə çatacaq.
Vüqar Rəhimzadə vurğulayıb ki, bölgədə müasir standartlara cavab verən yol-nəqliyyat infrastrukturu ilə yanaşı, zəngin enerji mənbələrindən səmərəli istifadə istiqamətində də mühüm addımlar atılır. Kəlbəcər rayonu ərazisində Tərtər çayının sol qolu olan Meydan çayı üzərində 3,4 meqavat gücündə kiçik su elektrik stansiyası tam yenidən qurulub. Həmçinin rayonun qərbində, Tərtər çayı üzərində yerləşən 8,33 meqavatlıq "Çıraq-1" və 5,3 meqavatlıq "Soyuqbulaq", Qaraarxac çayı üzərində isə 3,6 meqavatlıq "Çıraq-2" KSES-lər "AzərEnerji" ASC tərəfindən əsaslı şəkildə bərpa edilib. Bundan əlavə, rayonda 8,6 meqavatlıq "Aşağı Vəng", 8,8 meqavatlıq "Nadirxanlı" və 5 meqavatlıq "Çaykənd" kiçik su elektrik stansiyaları inşa olunub.
Millət vəkili bildirib ki, görülən genişmiqyaslı bərpa-quruculuq işləri nəticəsində möhtəşəm və tarixi gün gəlib çatdı. 2025-ci il avqustun 21-i tariximizə Kəlbəcər şəhərinin öz doğma sakinlərinə qovuşduğu gün kimi yazıldı. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmin gün Kəlbəcər rayonunda bir sıra mühüm sosial obyektlərin açılış və təməlqoyma mərasimlərində iştirak etdilər, 1-ci yaşayış kompleksində yaradılan şəraitlə tanış olaraq doğma torpaqlarına qayıdan sakinlərlə görüşdülər. Dövlət başçısı görüşdəki tarixi çıxışında bu hadisənin mənəvi və siyasi əhəmiyyətini belə ifadə etdi ki, bu gün sizin həyatınızda tarixi bir gündür. Doğma Vətənə, doğma şəhərə 32 ildən sonra qayıdırsınız və bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik və bugünkü tədbir bir daha onu göstərir ki, Azərbaycan xalqı iradəli xalqdır. Prezident İlham Əliyev onu da vurğuladı ki, Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli və müasir şəhərlərindən birinə çevrilir. Böyük Qayıdış Proqramı çərçivəsində birinci mərhələdə Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur ki, bu binalarda 10 mindən çox sakin daimi məskunlaşacaq.
Vüqar Rəhimzadə qeyd edib ki, hər daşı, qayası tarix olan Kəlbəcər canlı təbiət muzeyini xatırladır. Rayonun zəngin təbii ehtiyatları sırasında məşhur İstisu müalicə ocağı xüsusi yer tutur. Mənbəyini dəniz səviyyəsindən 1600 metrdən çox yüksəklikdə yerləşən termal su yataqlarından götürən və təbii halda 60°C-dən yuxarı temperaturda çıxan "İstisu" mineral suyu regionun nadir sərvətlərindən biridir. Təməli 2022-ci il iyunun 26-da Prezident İlham Əliyev tərəfindən qoyulan "İstisu" mineral su zavodunda tikinti işləri 2024-cü ildə tam başa çatdırılıb. İllik istehsal gücü 100 milyon şüşə butulkadan artıq olan və ikinövbəli iş rejimində fəaliyyət göstərən müəssisədə 100-ə yaxın insan işlə təmin edilib ki, onların da əksəriyyəti Kəlbəcər və Laçın rayonlarının sakinləridir. Bu gün Kəlbəcərdə tikilən yeni binalar, çəkilən yollar və doğma yurd-yuvasına qayıdan sakinlərin sevinci bir daha sübut edir ki, bu torpaqlarda həyat əbədi olaraq davam edəcək. Rayonda aparılan nəhəng quruculuq işləri dağlar diyarının parlaq gələcəyindən və azad olunmuş ərazilərə Böyük Qayıdışın uğurlu perspektivindən xəbər verir. Qeyd edək ki, 2026-cı il noyabrın 6-dək Kəlbəcərdə 162 ailə (681 nəfər) daimi məskunlaşıb.