İtaliya ilə imzalanan 7 sənəd iqtisadiyyatda yeni imkanlar aça bilər- ÖZƏL
16:16 SiyasətAzərbaycan-İtaliya biznes-forumu çərçivəsində iki ölkə arasında kritik xammal sahəsində üçüncü dövlətlərlə birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Bununla yanaşı, süni intellekt və yüksək məhsuldarlıqlı hesablama sistemləri, investisiya, sənaye məhsullarının ixracı, tikinti, ictimai nəqliyyat və ticarət sahələrində əməkdaşlığı nəzərdə tutan memorandumlar, həmçinin Qaradağ Şüşə Zavodunun modernləşdirilməsinə dair müqavilə daxil olmaqla, ümumilikdə 7 sənəd mübadilə edilib.
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlama verib:
"Azərbaycan və İtaliya arasında imzalanan sənədlər iqtisadi əməkdaşlığın ənənəvi enerji sahəsindən kənara çıxarılaraq sənaye, yüksək texnologiyalar, investisiya və ixrac istiqamətlərində genişləndirilməsi baxımından əhəmiyyətlidir. Xüsusilə kritik xammal sahəsində üçüncü ölkələrlə birgə layihələrin həyata keçirilməsi Azərbaycanın Qafqaz, Mərkəzi Asiya və Afrika bazarlarında iqtisadi iştirakını artıra bilər. Azərbaycanın Orta Dəhliz üzərindən logistika imkanları isə bu xammalın Avropa bazarlarına çatdırılmasında üstünlük yarada bilər.
Süni intellekt və yüksək məhsuldarlıqlı hesablama sistemləri sahəsində əməkdaşlıq texnologiya transferinə, mütəxəssis hazırlığına və rəqəmsal iqtisadiyyatın inkişafına imkan verə bilər. Qaradağ Şüşə Zavodunun modernləşdirilməsi isə yerli istehsalın texnoloji səviyyəsinin və məhsuldarlığının yüksəlməsinə xidmət edə bilər. Baku Steel Company ilə bağlı ixrac əməkdaşlığı da Azərbaycan sənaye məhsullarının xarici bazarlara çıxışını genişləndirmək potensialına malikdir.
Lakin bu razılaşmaların real iqtisadi nəticəsi imzalanan sənədlərin sayından deyil, onların konkret layihələrə çevrilməsindən asılı olacaq. Bunun üçün investisiyaların faktiki həcmi, istehsalda yerli komponentlərin payı, yeni iş yerləri, ixrac müqavilələri və texnologiya transferi təmin edilməlidir. Əgər əməkdaşlıq bu istiqamətlərdə nəticə verərsə, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə, qeyri-neft sektorunun güclənməsinə və ölkəyə xarici investisiyaların cəlbinə real töhfə verə bilər".
Zeynəb Mustafazadə