İrandan növbəti "qırmızı xətt" hədəsi: "Məqsəd Türk dünyasını əngəlləməkdir" – ÖZƏL
16:23 SiyasətƏli Mustafa: "İran özündən kənarda keçən yolları həzm edə bilmir"
İranın Ali Rəhbərinin müşaviri Məhəmməd Muxber regiondakı nəqliyyat və kommunikasiya layihələrinə münasibət bildirərək sərt xəbərdarlıq edib. Müşavirin sözlərinə görə, həm Hörmüz boğazından keçən cənub xətti, həm də TRIPP (Zəngəzur) dəhlizi üzrə irəli sürülən "saxta marşrutlar" heç vaxt "real dəhlizləri" əvəz edə bilməz. İranın bölgədəki geosiyasi maraqlarının rəsmi Tehran üçün "qırmızı xətt" olduğunu vurğulayan Muxber, bu maraqların kənara qoyulmasına icazə verməyəcəklərini bildirib və tərəfləri Hörmüz boğazı nümunəsindən dərs çıxarmağa çağırıb. İran rəsmisinin bu açıqlaması Ermənistan və ABŞ-nin TRIPP layihəsinin icrasına başlanıldığını elan etməsindən sonraya təsadüf edir.
Sözügedən mövzu ilə bağlı Olaylar.az-a danışan siyasi ekspert Əli Mustafa bildirib ki, anlaşılan odur ki, İran tərəfi öz ərazisindən kənardan keçən yolları qəbul etmir. Ermənistan ərazisindən keçən TRIPP dəhlizini isə saxta dəhliz hesab edir. Yəni İran hesab edir ki, böyük dövlət olduğuna görə onun geosiyasi maraqları, iqtisadi layihələri daha önəmlidir. Bu yanaşmaya əsasən, kiçik dövlətlər, o cümlədən Ermənistan o qədər də əhəmiyyət daşımır. İran istəmirsə, onun ərazisindən hər hansı nəqliyyat marşrutu keçə bilməz, hər hansı ticarət yolu fəaliyyət göstərə bilməz. Əlbəttə, bu, eqoist bir yanaşmadır. Eyni zamanda, burada müəyyən qırmızı xətlər müəyyənləşdirilir. Məsələn, suveren bir dövlətin ərazisindən keçən ticarət yolunu İran hansısa qırmızı xətt hesab edir. Bununla da Türk dünyasının birləşməsinə mane olmaq istəyir. Azərbaycanla münasibətlər kontekstində uzun illər davam edən blokadanı hansı məntiqlə və hansı hüquqla düzgün hesab edir? Halbuki bu yollar tarixən, sovet dövründə də hər zaman fəaliyyət göstərib. İran belə bir mövqe sərgiləyirsə, onda sovet dövründə də deməli idi ki, həmin yollar fəaliyyət göstərməməlidir. Halbuki o vaxt Azərbaycandan Naxçıvana, Naxçıvandan da Ermənistana yollar gedib-gəlirdi. Deməli, yaranmış yeni geosiyasi şəraitdə İran özünü sanki bir zorba kimi aparmaq istəyir. Əlbəttə, bu, doğru və ədalətli yanaşma deyil.
Ekspertin sözlərinə görə, Ermənistanın münasibətləri yaxşılaşdırmaqla yolların açılmasına çalışmasının İranla birbaşa əlaqəsi yoxdur. Bunun İrana heç bir aidiyyəti yoxdur. Bir vaxtlar İran Ermənistanı qorumaq bəhanəsi ilə müəyyən mövqelər sərgiləyirdi. İndi isə Ermənistanın özünü təhdid edir. Yəni biz görürük ki, dövlətlər korporativ maraqlarını, öz dövlət maraqlarını müxtəlif formalarda manipulyasiya edərək sanki müqəddəs dəyər kimi təqdim edirlər. Əslində isə belə deyil. İran dövlətçilik anlayışının nədən ibarət olduğunu, Azərbaycan xalqının hüquqlarını və onun ərazisindən ticarət yollarının keçməsinin əhəmiyyətini nəzərə almır. Halbuki bu yollar vasitəsilə tranzit yüklərin daşınması, Azərbaycanın beynəlxalq kommunikasiyaların bir hissəsinə çevrilməsi, iqtisadi gəlir əldə etməsi mümkündür. Bununla da ölkə təcrid olunmuş vəziyyətdən, blokadadan çıxmaq imkanı qazanır. Bu məsələlərdə güc faktorundan söhbət gedirsə, İranın müəyyən gücü var. Onlar hesab edirlər ki, məhz bu gücə görə haqlıdırlar. Amma belə deyil. Digər siyasi və sosial məsələlərdə olduğu kimi, bu məsələdə də güc amili haqlı olmaq demək deyil. Zatən İran ərazisindən də yollar keçir, Ermənistan ərazisindən də. Əgər bu, saxta marşrutdursa, işləməyəcək. Bəs onda İran niyə narahat olur, niyə əndişələnir? Onlar narahat olurlarsa ki, bu yol fəaliyyət göstərəcək, onda öz ərazilərindən keçən yolların da işləməsi üçün şərait yaratmalıdırlar. Bu halda da Ermənistanın öz ərazisindəki siyasəti və iqtisadi maraqları nəzərə alınmalıdır. Yəni bütün bunlar müəyyən münasibətlər sisteminin daxilində həll olunmalıdır ki, İran ərazisindən keçən yollar da fəaliyyət göstərsin. Əslində, nəqliyyat yollarının müxtəlif variantlarının olması tamamilə normaldır. Onsuz da bizim bir sıra marşrutlarımız İran ərazisindən keçir. Digər bir marşrutun Ermənistan ərazisindən keçməsinin isə İranla birbaşa əlaqəsi yoxdur. Qarşımızda aydın bir məsələ və yaranmış problem var. Deməli, İran bu problemin yaranmasına şərait yaratmamalıdır. Əksinə, problemin həllinə töhfə verməlidir. Aydındır ki, burada formalaşan münasibətlər sistemində bütün dövlətlərin öz maraqlarını reallaşdırmaq və qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərmək hüququ var. Azərbaycan da, Ermənistan da öz ərazisindən ticarət yolunun keçməsində maraqlıdır. Bu məsələdə ABŞ və digər dövlətlər də onlara dəstək göstərirlər. Hər halda, mən düşünürəm ki, bu yol çəkiləcək. Bu yolun çəkilməsi heç də mənasız bir layihə deyil, əksinə, region üçün faydalı olacaq.
Səidə Ramazanova