Orta Dəhliz tarixi İpək Yolunun müasir davamıdır- ÖZƏL
16:34 SiyasətPrezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin regionun gələcək inkişaf perspektivlərinin və İpək Yolunun bərpası imkanlarının müzakirəsi üçün əhəmiyyətli platforma olacağına inandığını bildirib. O, konqresin bölgədə sülhün, sabitliyin və qarşılıqlı etimadın möhkəmləndirilməsinə, dayanıqlı inkişafın təmin edilməsinə töhfə verəcəyini vurğulayıb.
Mövzu ilə bağlı politoloq Murad Sadəddinov Olaylar.az-a açıqlama verib:
" Tarixi İpək Yolunun əhəmiyyəti bugünkü dövrdə çox böyükdür. Bu gün biz dünyanın hər yerində Orta Dəhliz ideyasının müzakirə olunduğunu görürük. ABŞ, Avropa və Çində bu məsələ geniş müzakirə edilir. Məhz Orta Dəhliz tarixi İpək Yolunun yenidən bərpasıdır. Tarix göstərir ki, yüz illər keçməsinə baxmayaraq, bu marşruta yenə də ehtiyac var.
Orta Dəhliz bu gün Çinlə Avropa İttifaqı arasında çox mühüm əlaqə vasitəsidir. Mərkəzi Asiya ölkələrinin və ABŞ-ın da bu istiqamətə böyük marağı var. Onlar Mərkəzi Asiyaya çıxışı, bu regiona gedən yolları məhz Orta Dəhliz və Azərbaycan vasitəsilə görürlər. Bu gün Mərkəzi Asiyaya gedən əsas marşrutlardan biri Azərbaycandan keçir. Bu baxımdan qədim İpək Yolunun müasir dövrdəki davamı olan Orta Dəhlizin əhəmiyyəti daha da artır.
Qeyd etmək lazımdır ki, Orta Dəhlizə əlavə stimul verən amillərdən biri də TRIPP marşrutudur. Artıq TRIPP-in reallaşmasına başlanılır. Bu baxımdan tarixi İpək Yolunun əhəmiyyəti bir daha artır".
Zeynəb Mustafazadə