Mediatorların ilkin hazırlıq kursuna cəlb olunan namizədlərlə məlumatlandırıcı onlayn görüş keçirilib-Özəl
15:07 Sosial4 noyabr 2026-cı il tarixində mediatorların ilkin hazırlıq kursuna cəlb olunan namizədlərin iştirakı ilə Zoom platforması üzərindən görüş keçirilib.
Ümumilikdə 6 qrup üzrə 74 nəfər namizədin iştirak etdiyi görüş zamanı açılış nitqi ilə Ədliyyə Akademiyasının Vəkillərin və mediatorların tədrisi fakültəsinin dekan müavini Fərdin Xəlilov və Mediasiya Şurasının Mediatorlarla və mediasiya təşkilatları ilə iş departamentinin müdiri Kamil Lətifov çıxış edib.
Ədliyyə Akademiyasının Vəkillərin və mediatorların tədrisi fakültəsinin dekan müavini Fərdin Xəlilov çıxışında mediatorların ilkin hazırlıq kursunun əhəmiyyətindən bəhs edərək, mediasiya sahəsində peşəkar bilik və bacarıqlara malik mütəxəssislərin yetişdirilməsinin vacibliyini vurğulayıb. O, namizədlərə təlim müddətində keçiriləcək dərslərə məsuliyyətlə yanaşmağı, təqdim olunacaq nəzəri bilikləri və praktiki təcrübəni diqqətlə mənimsəməyi tövsiyə edib.
Mediasiya Şurasının əməkdaşı Kamil Lətifov çıxışında ilkin hazırlıq kursunun təşkili və təlim prosesinin gedişi barədə namizədləri məlumatlandırıb. O, təlimlərin müəyyən edilmiş dərs cədvəlinə uyğun şəkildə təşkil olunacağını qeyd edərək, iştirakçıların müvafiq göndərilən məlumatları mütəmadi izləmələrinin və dərslərdə davamlı iştirak etmələrinin vacibliyini diqqətə çatdırıb.
Sonda hər bir namizədə uğurlar arzulanıb.