“Azərbaycanla münasibətlərin taleyi İranın seçimindən asılıdır” – Taleh Əliyev – ÖZƏL
17:22 Siyasət"Azərbaycan və İran arasında dövlət başçılarının birbaşa iştirakı ilə son zamanlar bir sıra yüksək səviyyəli görüşlər keçirilmişdir. Ən son belə bir görüş bu gün Azərbaycanın Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Toplantısında baş tutmuşdur. Bundan əvvəl İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər etmişdir. Ondan da öncə isə İranın sabiq prezidenti ilə Azərbaycan Prezidentinin Xudafərin körpüsü istiqamətində görüşü baş vermişdir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri, siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçinin sözlərinə görə, İranda Azərbaycan əleyhinə fəaliyyət göstərən dairələrin təzyiqləri və təxribatçı addımları iki ölkə arasında münasibətlərin normallaşmasına ciddi maneə yaradır:
"Baxmayaraq ki, hər iki ölkə rəhbərliyi münasibətlərin normallaşdırılması üçün müxtəlif təşəbbüslər göstərir, təəssüflə qeyd etmək lazımdır ki, İranda, xüsusilə də İranın xüsusi xidmət orqanlarına bağlı olan fars şovinist dairələrin Azərbaycan dövlətinə və xalqına qarşı göstərdiyi təzyiqlər və aşağılayıcı münasibətlər bu normallaşma səylərinə ciddi maneə yaradır. Bu münasibətlər yalnız Azərbaycanda deyil, eyni zamanda İranın özündə - Güney Azərbaycanda və digər bölgələrdə yaşayan türklərə qarşı da mənfi yanaşmalarda özünü göstərir.
Eyni zamanda, İranın təhlükəsizlik və xüsusi xidmət orqanlarının Azərbaycandakı inanclı insanların dini hisslərindən sui-istifadə edərək onları öz agentura şəbəkəsinə cəlb etməyə çalışması halları da illərdir müşahidə olunur. Son 30 ildə İranın Azərbaycan vətəndaşlarını əməkdaşlığa cəlb etməsi faktları mövcuddur. Hazırda da İranda fəaliyyət göstərən anti-Azərbaycançı təbliğat qruplarının sosial şəbəkələrdə fəallığı ikitərəfli münasibətlərin inkişafına mane olur".
Siyasi şərhçi qeyd edib ki, Azərbaycanla münasibətlərin taleyi İranın seçimindən asılıdır və əgər Tehran şovinist yanaşmalardan uzaq durmasa, ən böyük zərəri elə özü görəcək.
"Bu gün Azərbaycanla dost olmaq və ya düşmən olmaq İranın seçimidir. Bu, heç də İranın güclü dövlət olması anlamına gəlməməlidir. Eyni hüquqa Azərbaycan da malikdir. İranın bəzi dairələri - xüsusilə fars şovinistləri - Azərbaycanın mövcudluğunu və müstəqil siyasətini İranın bütövlüyünə və ideologiyasına təhlükə kimi görür. Məhz buna görə də Azərbaycanın müstəqilliyini bərpa etdiyi 1990-cı illərdən bəri müxtəlif təxribatlarla bu dövlətə qarşı kampaniyalar aparırlar. Azərbaycanı ya siyonizmlə əlaqələndirir, ya da digər qüvvələrlə ittiham edirlər. Məqsəd isə aydındır: Azərbaycan adlı müstəqil dövlətin varlığını inkar etmək, onun Güney Azərbaycandakı soydaşlarımız üçün milli oyanış mənbəyi olmasının qarşısını almaq və bu yolla öz imperiya iddialarını davam etdirmək. Bu baxımdan qeyd etməliyəm ki, Azərbaycanla İran arasında münasibətlərin normallaşması birbaşa İran hakimiyyətindən asılıdır. Əgər İran rəhbərliyi rasional və uzaqgörən qərarlar qəbul etsə, vəziyyəti düzgün qiymətləndirsə, bu iki ölkə, xüsusilə də İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində, yeni iqtisadi inkişaf və güc mərkəzinin əsasını qoya bilər. Əks halda, bu coğrafiya yenə də daimi qarşıdurmaların və regional münaqişələrin mənbəyinə çevriləcəkdir. Ona görə də İran tərəfi bu məsələlərdə nə qədər uzaqgörən və şovinist ideologiyalardan uzaq davranarsa, bu, həm bölgə üçün, həm xalqlarımız üçün, həm də hər iki dövlətin gələcəyi üçün faydalı olacaqdır. Əks təqdirdə isə bundan ən çox zərər görən məhz İran və onun içindəki şovinist dairələr olacaqdır".
Səidə Ramazanova