Təhsildə yük və tələblər: Şagirdin gələcəyi nə vaxt önə çıxacaq?

Təhsil, yalnız kitabları oxumaq və imtahanlardan keçmək deyil; o, insanın düşüncə tərzini, həyatla münasibətini və həyata hazırlıq yolunu müəyyən edir. Bir uşağın məktəbdə aldığı biliklər, onun gələcəkdəki həyatında necə bir insan olacağına, hansı sahələrdə uğur qazanacağına təsir edir. Lakin biz çox vaxt bu "gələcək"dən daha çox, yalnız məktəb illərindəki müvəffəqiyyətləri ölçürük.

Təhsilin məqsədi nədir? Bu sual hər bir valideyni, müəllimi və hər bir şagirdi düşündürməlidir. Təhsil  uşaqları bir çox sosial, mədəni və psixoloji dəyişikliklərlə tanış etmək, onlara fərqli dünyaları, ideyaları və problemləri görmək imkanı verməkdir. Təhsil yalnız nömrə və qiymətlə ölçmək yox , onu düşünmək, yaratmaq, analiz etmək, təhlil etmək qabiliyyətlərinə malik olmaqdır. Bu sistemdə, şagirdin gələcəyi yalnız müvəffəqiyyətli nəticələrdən ibarət olmayacaq, eyni zamanda onun şəxsiyyətinin formalaşması da bu yolda böyük rol oynayacaq. Təhsil yalnız bilik verməkdən daha çox şey olmalıdır; bu, insanın dünyaya baxışını, düşüncə tərzini və şəxsi inkişafını formalaşdırmalıdır.

Keçmiş təhsil naziri Misir Mərdanov sonuncu müsahibəsində təhsil sistemindəki problemlərə toxunaraq, xüsusilə şagirdlərin qarşılaşdığı çətinliklərə diqqət çəkib. Onun sözlərinə görə, şagirdlər yalnız əzbərləmə prosesinə yönəlmiş bir sistemdə iştirak edirlər. Bu sistem isə onların şəxsi inkişafını və gələcəkdə düşünən, yaradıcı insan olaraq yetişməsini təmin etmir. Təhsil sistemində şagirdlərə verilən imtahanların sayının çoxluğu da problemlərdən biridir. Dünyanın bir çox ölkələrində yalnız iki fəndən imtahan verilərkən, bizdə şagirdlər təhsil illəri ərzində 10-a yaxın imtahanla üzləşirlər. Bu, şagirdlərin təhsil müddətində qarşılaşdıqları təzyiqi və stressi daha da artırır. Ən vacib olan isə, bu çoxsaylı imtahanların yalnız məlumatın mənimsənilməsi ilə məhdudlaşmasıdır; şagirdin düşünmə qabiliyyətinin, yaradıcı yanaşmalarının inkişafına yönələn heç bir sistemli addım atılmır.

Bütün bu çətinliklərin fonunda, əsas sual yaranır: Şagirdin gələcəyinə yönəlik təhsilin rolunu nə zaman önə çıxaracağıq? Çünki yalnız məlumatla deyil, düşünmə qabiliyyətini inkişaf etdirən, analiz etməyi, problem həll etməyi bacaran gənclər yetişdirmək daha vacibdir. Beləliklə, təhsildəki bu sistemin dəyişməsi zərurət halına gəlib, gələcəyin təhsil siyasəti yalnız əzbərləməklə kifayətlənməyən, düşüncəli, yaradıcı və tənqidi baxış açıları inkişaf etdirən bir yanaşmaya çevrilməlidir.

Təhsilin bu günkü vəziyyəti yalnız biliklərin ötürülməsi ilə məhdudlaşır. Şagirdlər, bir çox halda, yalnız imtahan nəticələrinə və əldə edilən qiymətlərə görə qiymətləndirilir. Bu yanaşma, əslində, təhsilin əsas məqsədini dar bir çərçivəyə salır və real həyatda qarşılaşacaqları problemləri həll etmək üçün lazım olan bacarıqların inkişafına mane olur. Təhsil yalnız məlumatın öyrədilməsi prosesi deyil, həm də insanın dünyaya baxışını formalaşdıran, onun düşüncə tərzini inkişaf etdirən, analitik qabiliyyətlərini artıran və sosial problemlərlə üzləşdiyi zaman necə hərəkət edəcəyini müəyyən edən bir sistem olmalıdır.

Dünyanın bir çox inkişaf etmiş ölkələrində isə təhsil, şagirdin təkcə əzbərlədiyi məlumatla deyil, həm də onun təhlil etmə bacarıqları, problemləri həll etmə qabiliyyəti ilə ölçülür. Orada, məktəbdəki imtahanların sayı çox azdır və bu imtahanlar, yalnız şagirdin düşünmə və analiz etmə qabiliyyətini ölçməyə xidmət edir. Bu yanaşma, şagirdlərin yalnız akademik biliklərlə deyil, həm də sosial bacarıqları ilə yetişməsini təmin edir. Həmçinin, onların hərtərəfli inkişaf etmələrinə, şəxsiyyətlərinin formalaşmasına, yaradıcı düşüncələrinin güclənməsinə imkan yaradır.

Mövzu ilə bağlı təhsil ekspeerti Kamran Əsədov Olaylar.az-a açıqlama verib:

"Hazırkı Azərbaycan təhsil sistemində dərs və imtahan yükünün artması, əsasən əzbərə və test mərkəzli ölçmə metodlarına söykənməsi, həm psixoloji, həm də intellektual cəhətdən şagirdlər üçün təhlükəli və destruktiv nəticələr doğurur. Dərs yükünün həddən artıq olması, gün ərzində orta məktəbdə 6-7 dərsin keçirilməsi, əlavə olaraq repetitor hazırlıqları və imtahan təzyiqləri, xüsusilə 9 və 11-ci sinif şagirdləri üçün zehni və emosional tükənməyə səbəb olur. UNICEF-in 2022-ci ildə Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə hesabatında göstərilir ki, yüksək dərs və imtahan təzyiqi altında olan şagirdlərin 62%-ində həyəcan pozuntusu və diqqət problemi, 39%-ində isə özünəinamın aşağı olması müşahidə olunub. Azərbaycanda isə bu göstəricilərin rəsmi statistikası aparılmasa da, psixoloq və müəllimlərin təcrübəsinə əsasən bu hallar geniş yayılıb və artmaqda davam edir.

Keçmiş təhsil naziri Misir Mərdanovun son açıqlamasında da haqlı olaraq qeyd olunur ki, hazırkı sistem düşünən, yaradıcı və şəxsiyyət kimi formalaşan insan modeli üçün əlverişli deyil. Çünki bu sistem uşağı sualı başa düşmək və cavabı məntiqi əsaslandırmaq üçün deyil, testin doğru cavabını əzbərləmək üçün hazırlayır. Nəticədə Azərbaycan məktəblisi bilikli, lakin bacarıqsız, nəzəriyyəni bilən, lakin praktikada onu tətbiq edə bilməyən bir "performans" nümayiş etdirir. Bu, həm də beynəlxalq qiymətləndirmə nəticələrində aydın görünür. 2022-ci il PISA nəticələrinə əsasən Azərbaycan şagirdləri funksional oxu və riyazi bacarıqlarda OECD ortalamasından xeyli geri qalır - 73 ölkə arasında 64-cü yerdə qərarlaşıb. Bu da göstərir ki, şagirdlər real həyat problemlərini həll etməyə yönəlik düşüncə bacarıqları ilə silahlanmayıblar. Bacarıq əsaslı və şəxsiyyət yönümlü təhsilə keçid üçün ilk praktiki addım kurikulumun yüklənmiş strukturunun sadələşdirilməsi və tədris planlarının optimallaşdırılmasıdır. Hazırda bəzi siniflərdə həftədə 35-36 saat dərs keçirilir ki, bu da orta hesabla gündə 7 dərsə bərabərdir. Bu yüklə nə pedaqoji keyfiyyət, nə də psixoloji davamlılıq təmin edilə bilməz. İlk mərhələdə bu dərs yükü 5 dərs/saat gündəlik prinsipi əsasında balanslaşdırılmalıdır. Bu da yalnız fənlərin prioritetləşdirilməsi və bəzi fənlərin birləşdirilməsi və ya inteqrativ formada keçirilməsi ilə mümkündür.

İkinci mərhələ qiymətləndirmə sisteminin dəyişdirilməsi ilə bağlıdır. Hal-hazırda Azərbaycanda şagirdlər ibtidai sinifdən başlayaraq son sinfə qədər müxtəlif adlar altında 8-10 imtahan verir: buraxılış imtahanları, monitorinqlər, diaqnostik qiymətləndirmələr, beynəlxalq olimpiadalar, fənn müsabiqələri, DİM sınaqları və əsas qəbul imtahanları. Bu proseslərin əksəriyyəti bir-birini təkrarlayır və səmərəlilik gətirmir. Dünya təcrübəsində, xüsusilə Finlandiya və Estoniya kimi yüksək nəticə göstərən ölkələrdə ümumilikdə 1-2 əsas summativ qiymətləndirmə mərhələsi olur, onun xaricində isə müəllimin şagirdə gündəlik formatda verdiyi rəy və layihə əsaslı qiymətləndirmə ön plandadır. Azərbaycanda da bu modelə keçid üçün orta məktəbdə qiymətləndirmə vahid bir sistemə inteqrasiya edilməli, test mərkəzli yox, layihə və portfoliolarla zənginləşdirilmiş sistem qurulmalıdır. Üçüncü mərhələ müəllimlərin hazırlıq və təşəbbüs imkanlarının genişləndirilməsidir. Bacarıq əsaslı tədris yalnız o halda uğurlu ola bilər ki, müəllim həm kurikulumun məzmununu dəyişə bilsin, həm də interaktiv təlim metodlarından istifadə edə bilsin. Hal-hazırda isə təəssüf ki, müəllimlər sistem tərəfindən ciddi şəkildə formal metodlara məcbur edilirlər. Sertifikasiya prosesləri, standart dərsliklər və ciddi inzibati təzyiqlər müəllimə innovativ düşünmək imkanı vermir. Bu səbəbdən bacarıq əsaslı sistemə keçid üçün müəllimlərə avtonomiya verilməli, onların metodoloji təşəbbüsləri dəstəklənməli və ixtisasartırma təlimləri real praktikaya yönəlik formatda yenidən dizayn edilməlidir. Şəxsiyyət yönümlü sistem həm də məktəbin funksiyasına yeni baxış tələb edir. Məktəb yalnız informasiya ötürən deyil, uşağı sosial həyat üçün hazırlayan, emosional tərbiyə verən və əmək bazarına inteqrasiya etdirən struktur olmalıdır. Bu da məktəblərdə psixoloq, sosial pedaqoq və karyera məsləhətçilərinin şəbəkəsini gücləndirməyi, layihə əsaslı öyrənməni və STEAM təlimlərini genişləndirməyi zəruri edir. Məsələn, Sinqapur və Kanada kimi ölkələrdə şagirdlər 14 yaşdan sonra real həyat layihələrində iştirak edir, bu isə onların həm ictimai bacarıqlarını artırır, həm də təhsilin real həyatla əlaqəsini gücləndirir.

Nəticə olaraq, hazırkı təhsil sistemi şagirdin yaradıcı və azad düşüncəli şəxsiyyət kimi yetişməsinə deyil, rəqəm və nəticə əsaslı qiymətləndirilməsinə xidmət edir. Bu isə təhsilin mahiyyətindən uzaqlaşmaq, psixoloji yükü artırmaq və düşüncə azadlığını məhdudlaşdırmaq deməkdir. Bu vəziyyətdən çıxmaq üçün mərhələli islahatlarla dərs yükləri azaldılmalı, qiymətləndirmə sistemi yenilənməli, müəllimə azadlıq verilməli və məktəbin sosial funksiyası gücləndirilməlidir. Əgər bu istiqamətdə ardıcıl və ciddi addımlar atılarsa, təhsil sistemi nəinki bacarıqlı şagirdlər, həm də şəxsiyyət kimi formalaşan, milli və qlobal dəyərləri daşıyan yeni nəsil yetişdirə bilər".

Təhsil sistemi yalnız şagirdlərin akademik müvəffəqiyyətinə deyil, onların şəxsiyyətlərinin formalaşmasına da önəm verməlidir. Yalnız əzbərlənmiş məlumatlarla deyil, yaradıcı düşünmə, analitik yanaşma və həyat bacarıqları ilə zənginləşdirilmiş təhsil modeli gələcəyin yanaşma, cəmiyyətin inkişafını təmin edəcək və təhsilin real məqsədinə xidmət edəcəkdir.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31