AB-dən Orta Dəhlizə "Qlobal qapı" dəstəyi: Azərbaycan "Qovşaq ölkə" olur – ÖZƏL

"Avropa Birliyinin (AB) Lüksemburqda başlatdığı, Mərkəzi Asiya və Güney Qafqazı vahid masa ətrafında toplayan yeni işbirliyi formatını bölgə üçün həm siyasi ismarıc, həm də gerçəkçi iqtisadi gündəm kimi qiymətləndirmək mümkündür".

Bu fikirləri Olaylar.az-a açıqlamasında türkoloq, araşdırmaçı-yazar Əkbər Qoşalı deyib: "Bu platform ticarət, enerji, rəqəmsal və daşımaçılıq bağlarını "Global Gateway" - "Qlobal Qapı", başqa deyilişlə, "Qlobal Keçid Təşəbbüsü" vasitəsilə konkret layihələrlə möhkəmləndirməyi hədəfləyir. AB bu çərçivəni rəsmi şəkildə "davranışlı yatırım - şəffaf şərtlər" formulu ilə təqdim edir".

Bəs bu, Rusiyaya qarşı siyasi dəngə cəhdidirmi?

Doğrusu, təşəbbüs yalnız geoiqtisadi zərf deyil, geosiyasi oxunuşu da var. Rusiya-Ukrayna savaşından sonra Brüsselin prioriteti, Rusiyanı dövrədən qıraq keçən Transxəzər-Güney Qafqaz xəttini sürətləndirmək, tədarük və marşrut asılılıqlarını şaxələndirməkdir. AB rəsmiləri bunu "dayanıqlı, yaşıl və rəqəmsal bağlantılar" kimi ifadə etsələr də, məzmun etibarilə bu, Moskva və Pekin mərkəzli şəbəkələrə qarşı yumşaq dəngəqurma strategiyası kimi yorumlana bilər. Yəni "qarşıdurma yox, alternativlər yaratmaq" xətti sayıla bilər.  

Ekspert bu fonu gücləndirən iki faktı vurğulayıb: "AB 2024-2025-ci illərdə Orta Dəhlizə və genişlənmiş bağlantılara milyardlarla avroluq "Global Gateway" zərfləri elan edib və Orta Dəhliz üçün ayrılan hissənin artdığı bildirilir.  
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və AB-nin Qazaxıstanın Aktau limanının yenilənməsinə 35 mln avro kredit üstəgəl 10 mln avro qrant kombinə dəstəyi Transxəzər zəncirində, necə deyərlər, "şüşə boğazlar"ı aradan qaldırmağa hesablanıb. Yəni söhbət, sistemdə hərəkətin, axının və ya sürəcin müəyyən nöqtədə daralmasını - axının ləngiməsinə, məhsuldarlığın azalmasına səbəb olan "tıxanma nöqtəsi"ni açmaqdan gedir. Bax, bu, xətt Günbatara -  Güney Qafqaza - axını artıracaq.
Bəli, dəngə elementi var, amma AB bunu "iqtisadi dayanıqlıq üstəgəl standartlara uyğun yatırım" şəklində qurur; bu yanaşmanı - "məqsəd - bölgə ölkələrini bir blokdan digərinə qarşı qoymaq yox, marşrut və bazar müxtəlifliyini artırmaqdır" - kimi oxumaq olar".

Bəs Azərbaycan üçün gerçək üstünlüklər nələr ola bilər?

Daşımaçılıqda "keçid ölkə"dən "qovşaq ölkə"yə çevrilmiş olarıq. Ələt (Bakı) Limanı-BTQ-dəmir yolu üçbucağı Orta Dəhlizin, belə deyək, sinirlərini təşkil edir. Aktau səmtdə genişlənmə olduqca, yük axınının təbii tranzit qapısı Azərbaycan olacaq. Bu, tranzit gəlirlərini, logistik xidmətlərin dəyər zəncirini - sığorta, ekspedisiya, anbar, multimodal və s. - böyüdür.  
AB-nin elan etdiyi "çoxşaxəli, yaşıl və rəqəmsal bağlantılar" çərçivəsində e-CMR (uluslararası elektron yükdaşıma bəlgəsi), eTIR (uluslararası elektron tranzit rejimi), "one-stop" (birgə sərhəd-gömrük xidməti mərkəzi) gömrük prosedurlarına keçid üçün maliyyə-texniki dəstək imkanı artır; əlbəttə, bu da çevikliyi, keçid vaxtını yetərincə azaldır.  
Enerjidə isə "Qara dəniz yaşıl kabeli" və elektrik göndərişi önplana çıxır. Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan xətti ilə Qara dənizaltı yüksək gərginlikli daimi cərəyan (HVDC) kabeli AB-nin "yaşıl keçid" strategiyasına birbaşa bağlanır. Layihə üçün birgə müəssisə yaradılıb, Brüsselin ciddi maliyyə dəstəyi açıqlanıb; bu xətt Azərbaycanın bərpaolunan enerjisini Avropaya çıxaracaq.  
Ayrıca, bölgəsəl elektrik bazarlarına qoşulma enerji diplomatiyasında manevr sahəsini genişləndirir: qazla yanaşı "təmiz elektrik" göndərişi Azərbaycanın enerji portfelini şaxələndirəcəkdir.  
Ondan sonra, yatırım və standartlara - "keyfiyyətli kapital"a diqqət yetirə bilərik.
AB tərəfi yeni formatda şəffaf şərtlər və ətraf mühit, sosial məsuliyyət və korporativ idarəetmə (ESG) standartlı yatırımları vurğulayır. Bu, Azərbaycanın logistik, enerji və rəqəmsal layihələrinə ucuz maliyyə, uzunmüddətli kreditlər, qrantlar cəlb etmək üçün bir fürsətdir.  
Nəhayət, siyasi çəkidə yüksəlişdən danışa bilərik. Lüksemburq sürəcinin dili özünəxasdır: Mərkəzi Asiya-Güney Qafqaz-Türkiyə-AB xətti. Coğrafi qovşaqda dayanan Azərbaycan, həm Türküstanla praktik bağlayıcı, həm də AB ilə güvənli tərəfdaş kimi siyasi çəkisini artırır.  

Bəs risklər və evtapşırıqları sualına gəlsək, nələrə odaqlanmalıyıq?

Aktau və digər mənbə limanlarında genişlənmə sürətləndikcə, Ələt-BTQ xəttində yeni sıxlıqlar yarana bilər. İkinci faza genişlənməsi, konteynerləşmə və rəqəmsal gömrük sürətlənməlidir.  
AB maliyyəsi şəffaflıq, rəqabət və dayanıqlılıq tələbləri ilə gəlir. Bu, hökumət-özəl sektor-tənzimləyici üçbucağında koordinasiyanı vacib edir.  
Çin və Rusiya yönümlü xətlər (o cümlədən quzey marşrutu) paralel işləməkdədir; üstünlüyü - sürət, sabitlik, xidmət keyfiyyəti bir yerdə verəcək.  

Biz nə etməliyik?

-Ələt limanı və BTQ üçün konteyner gücünü və rəqəmsal platformları genişləndirmək; "one-stop" və 24/7 rejimini normallaşdırmaq;
-Qara dəniz kabeli üzrə texniki-hüquqi qərarların icra tempini artırmaq; bərpaolunan (külək-Günəş) parklarını bu göndəriş xəttinə bağlayan şəbəkə modernizasiyasını sürətləndirmək;
-"Global Gateway" və EBRD mexanizmlərində prioritet layihələr üçün birgə layihə qərargahı yaratmaq: logistik parkları, sərhəd-keçid modernizasiyasını, "yaşıl liman" standartlarını gözönündə tutmaq;
-"İnsan kapitalı" komponenti: gömrük-logistik-enerji tənzimləməsi üzrə AB standartlarına uyğun təlim və sertifikasiya proqramlarını yerinə yetirmək və s.  

"Beləliklə, AB-nin yeni formatı və Lüksemburqdakı görüş barədə rəsmi bilgilər ilə tanış olsaq, habelə AB Şurasının açıqlamaları, AB Xarici Fəaliyyət Xidməti (EEAS) və Komissiya xəbərləri, eləcə də digər güvənli bilgilərə istinad etsək cızmağa çalışdığımız mənzərə ortaya çıxar.
Lüksemburq mərhələsi marşrutların və dəyərlər zəncirinin şaxələndirilməsi kimi dəyərləndirilməyi haqq edir. Azərbaycanın üstünlüyü - coğrafiyanın verdiyi qovşaq rolu - indi maliyyə, standart və texnologiya ilə birləşirsə, qovşaq-dövlət mərtəbəsi gerçək ölçü qazanır. Qalır sürət, şəffaflıq və keyfiyyət - bu üçlüyü tutan, yeni xəritədə qalib gələcəkdir.
Bütün bu vurğuladıqlarımız fonunda "Mərkəzi Asiya-Güney Qafqaz" formatı Azərbaycan üçün yalnız yeni inkişaf xıttini deyil, Azərbaycanın töhfələrini də eyni dərəcədə ifadə edir", - deyə türkoloq sonda əlavə edib.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31