"Euronews": Azərbaycan WUF13-ə hazırlığı başa çatdırır

Azərbaycan mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma 13-cü sessiyasına (WUF13) hazırlıq işlərini uğurla başa çatdırır.

Olaylar xəbər verir ki, bu barədə "Euronews"un reportajında deyilir.

Bildirilir ki, beynəlxalq iştirakçıların yüksək səviyyədə qəbul edilməsi üçün infrastruktur, nəqliyyat, təhlükəsizlik sistemləri və xidmətlərin koordinasiyası tam təmin olunub:

"Dövlət qurumları yerli və beynəlxalq tərəfdaşlarla birlikdə təşkilati proseslərin rəvan və səmərəli aparılması üçün intensiv çalışırlar".

WUF13-ün kommunikasiya şöbəsi rəhbərinin müavini Nərmin Abdullayevanın sözlərinə görə, forum çərçivəsində 40 əsas sessiya, tərəfdaşlar tərəfindən təşkil edilən 350 tədbir və "Urban Expo" sərgisi keçiriləcək.

Məkan "WUF13 Boulevard" zonasını, BMT strukturları, dövlət qurumları və media üçün funksional sektorları əhatə edir. Artıq 208 000-dən çox iştirakçı qeydiyyatı və mediadan 1000-ə yaxın akkreditasiya müraciəti qeydə alınıb.

WUF13 Azerbaijan Əməliyyat Şirkətinin məzmun şöbəsinin rəhbəri Cəmilə İsmayılzadə vurğulayıb ki, bu tədbir Bakını beynəlxalq diqqət mərkəzinə çevirəcək və məlumatların operativ çatdırılması xüsusi əhəmiyyət daşıyır.

Nəqliyyat sahəsində də mühüm yeniliklər tətbiq edilib.

Şəhərin mərkəzində 112 km xüsusi zolaq ayrılıb və elektrik avtobuslarının sayı 2026-cı ilə qədər 450-yə çatdırılıb.

Eyni zamanda, Daxili İşlər Nazirliyi qonaqların təhlükəsizliyini rəqəmsal monitorinq sistemləri və peşəkar polis nəzarəti ilə ən yüksək səviyyədə təmin edəcək.

Turizm xidmətləri çərçivəsində iştirakçılar üçün Bakı və regionları əhatə edən 20-dən çox xüsusi tur hazırlanıb və 150-dən çox sertifikatlı bələdçi ayrılıb.

Azərbaycan Turizm Bürosunun CEO müavini Rəşad Əliyev hər bir iştirakçının potensial turist olduğunu və ölkənin ən yaxşı şəkildə təqdim ediləcəyini qeyd edib.

"İçərişəhər" qoruğunun nümayəndəsi Gümrü Məmmədova isə əlavə edib ki, bərpa işləri sayəsində İçərişəhər sadəcə muzey deyil, incəsənət və ictimai asudə vaxt məkanı kimi canlı irs statusunu qoruyub saxlayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31