Müharibə ağrılı, qələbə arzulu misralar
9 May 17:43 Siyasətİkinci Dünya Müharibəsinin qələbə ilə sonlanması, faşizmin məğlub edilməsində Azərbaycan xalqının böyük xidmətləri var idi. Azərbaycan xalqı bu günümüzdə erməni neofaşizminə qarşı döyüşüb bəşəriyyəti bu terrorizm bəlasından xilas etdiyi kimi, İkinci Dünya Müharibəsində də bütün qeyrətli oğul və qızları ilə rəşadətlə döyüşmüşdür. Ulu Öndər Heydər Əliyev xalqımızın bu müharibədəki xidmətləri haqqında demişdir: "Tarix bu gün bilməlidir ki, İkinci Dünya Müharibəsində Azərbaycan Respublikasının xidmətləri, fəaliyyəti, rolu çox böyük olmuşdur". Azərbaycan xalqının Həzi Aslanov, Mehdi Hüseynzadə (Mixaylo), Qafur Məmmədov, İsrafil Məmmədov, Hüseynbala Əliyev, Əhmədiyyə Cəbrayılov və daha onlarla, yüzlərlə övladı, taleləri nə olursa-olsun, bu amansız döyüşlərdə fədakarlıq və qəhrəmanlıq nümayiş etdirmişdilər. Hətta azərbaycanlılardan ibarət diviziyalar - 416-cı "Taqanroq", 77-ci, 223-cü, 271-ci, 402-ci diviziyalar böyük qələbənin əldə olunmasında, bilavasitə Reyxstaqın tutulmasında canları və qanları bahasına iştirak etmiş, əsl döyüş hünəri göstərmişdilər.
Bu amansız müharibədə ölkəmizi, habelə Naxçıvan Muxtar Respublikasını təmsil edən yazıçı və şairlərimiz də az olmamışdır. Məlum olduğu kimi, İkinci Dünya Müharibəsində bir çox Azərbaycan yazıçısı iştirak etmişdi. Bu kimi yazıçı adlarının arasında naxçıvanlı yazıçı və elm adamlarının da adları yer almaqdadır: Abbas Zamanov, İslam Səfərli, Əkbər Məftun, Hüseyn Razi, Müzəffər Nəsirli, Nağı Nağıyev və başqaları. Bu yazıçı və alimlər ya əllərindəki qələmi qoyub odlu silahla "müsəlləh əsgər" kimi döyüşlərə qatılmış, ya da döyüşçülər arasında əhval-ruhiyyəni artırmaq, onlara mənəvi dayaq durmaq məqsədilə jurnalist və təbliğatçı kimi fəaliyyət göstərmişlər. Eləcə də həm müharibə illərində, həm də müharibədən sonra Naxçıvan ədəbi mühitində müharibə mövzusunda olduqca layiqli əsərlər yazılmışdır. İslam Səfərlinin, Məmməd Arazın, Kəmalə Ağayevanın, Hüseyn İbrahimovun, Nağı Nağıyevin və başqalarının bu mövzudakı əsərləri ədəbi xəzinəmizdə qiymətli yer tutur. Naxçıvanlı yazıçılardan olan Qurban Qurbanov müharibəyə gedərək qayıtmayan talesiz insanlardan biri idi. İkinci Dünya Müharibəsində Azərbaycanın 416-cı "Taqanroq" diviziyasında rəşadətlə döyüşən, döyüşlərdən birində qəhrəmanlıqla həlak olan Naxçıvan Muxtar Respublikasında İncəsənət İşləri Komitəsinin sədri olmuş İsmayıl Sayılovun da adı məhz belə kədərli siyahıda yer alır. Naxçıvan ədəbi mühitinin görkəmli nümayəndələrindən olan qüdrətli sənətkar İslam Səfərli, Xalq şairi Məmməd Araz, Xalq yazıçısı Hüseyn İbrahimov, Kəmalə (Ağayeva), tanınmış yazıçılardan Nağı Nağıyev, Müzəffər Nəsirli, Əkbər Məftun, Hüseyn Əzim, Məmmədəli Tarverdiyev və başqaları öz yaradıcılıqlarında müharibə mövzusuna müraciət edərək onun dəhşətləri, qayğı və problemlərini əks etdirmişlər.
Poeziyamızın qüdrətli nümayəndəsi, müharibədə rəşadətli döyüş yolu keçən İslam Səfərlinin müharibə illərində qələmə aldığı "Ordumuza ithaf", "Onüçlər", "Əmin ol, ata!", "Səngərsiz döyüş", "Döyüşçünün xəyalı" və b. əsərləri müharibənin dəhşətlərini, insanların əhval-ruhiyyəsindəki əksini təsvir və təqdim etmək baxımından çox diqqətəlayiqdir. Bu döyüşkən ruhlu şairin məşhur azərbaycanlı zabit, mahir tankçı, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun əziz xatirəsinə həsr etdiyi "Təzə çiçəklər" əsəri də çox maraqlı, mənalı və təsirlidir. Şairin məşhur "Onüçlər" şeiri də öz avtobioqrafikliyi ilə diqqəti cəlb edir. Bu əsərdə özü də daxil olmaqla şairinin yaşadığı Sarvanlar məhəlləsindən bir yerdə müharibəyə gedən on üç nəfərin döyüş yolu təsvir edilmişdir. Poemalarında da müharibə mövzusunu davam etdirən şair xüsusilə öz poetik qüdrəti və təsir gücü ilə seçilən "Sınaq gecəsi", "Çex qızının məhəbbəti", "Yaralı nəğmə" və b. kimi bir-birindən maraqlı, yaddaqalan əsərlərində müharibə dəhşətlərini, əsgərlərin döyüş yolunu, onların qəhrəmanlığı və talelərini əks etdirmişdir. "İkinci Dünya Müharibəsindən əlil qayıtmış tələbə dostum Əhəd Əliyevin dedikləri" epiqrafı "Çex qızının məhəbbəti" poemasının real həyat hadisələri əsasında yazıldığına dəlildir. "Üçüncü hərb istəmirik" şeirində də şairin müharibəyə nifrət, sülhə çağırış ideyası öz əksini tapıb.
Müharibə mövzusunda yazılan əsərlər arasında Xalq şairi Məmməd Arazın "Müharibə olmasa", "Gözləri yol çəkən ana mahnısı" şeirləri, "Üç oğul anası", "Əsgər qəbri haqqında ballada" poemaları və b. əsərləri məxsusilə qeyd edilməlidir. "Üç oğul anası" poemasında üç övladını müharibəyə göndərən bir ananın portreti yaradıldığı kimi, onun mənəvi əzabları, psixoloji sarsıntıları, ana kədəri və taleyi əsaslı yer almaqla müharibəyə lənət və nifrət duyğuları əks edilib. "Müharibə olmasa" şeirində isə bəşəriyyətə sülh, əmin-amanlıq arzu edən Xalq şairi bütün dərd-ələmin səbəbi kimi müharibəni lənət ünvanına çevirib.
Kəmalənin naxçıvanlı Əli Babayevə həsr etdiyi "O, bizim dağların oğludur" pyesi maraq doğurur. Əsər Naxçıvandan olan və uzaq İtaliyada partizan hərəkatında rəşadətlə döyüşən "Pyotto" ləqəbli Əli Babayevin keçdiyi döyüş yolundan bəhs edir. Əsir düşərgəsindən qaçan Əli Babayev partizanlara qoşulur və düşmənə qarşı döyüşlərdə öz qəhrəmanlıqları ilə ad çıxarır. Bu qorxmaz və igid döyüşçü böyük hünər göstərərək Udino haəbsxanasından dustaqları qaçırmağa nail olaraq qəhrəman kimi yaddaşlara yazılır.
Müharibə dövründə ədəbiyyata gələn Hüseyn İbrahimov da "O qoymadı düşməndə anasının qanını" şeiri, "Məzar daşına yazılan yazı", "Senanın göz yaşları", "Qorxmaz kapitan" və s. kimi əsərləri ilə müharibənin gətirdiyi və yaşatdığı problemləri əks etdirmişdir. Xalq yazıçısı Hüseyn İbrahimov təkcə müharibə kimi dəhşətli bir hadisənin savaş və qırğın səhnələrini əks etdirməyib, o daha çox insanların qəlb dünyası və ruhunda yaşanan hissi-psixoloji "savaşı" təqdim etməyə çalışıb. Buna görə də o, məharətlə müharibə dövrünün dəhşətlərindən insan talelərinə enib. "Ata məhəbbəti" hekayəsində məhz yazıçı bir döyüşçünün geridə buraxdığı ailəsi və hələ doğulmamış körpəsinə olan məhəbbətini əks etdirib. "İnam" hekayəsində yazıçının Vahid adlı döyüşçü obrazı da Azərbaycan xalqının müharibədə rəşadət göstərən qəhrəman övladlarının ümumiləşmiş obrazı kimi çıxış edir. "Şirin xatirə" hekayəsində yazıçının böyük məhəbbətlə təsvir etdiyi Azərbaycanlı qızı Yazgül obrazı sevgilisinin ardınca müharibəyə gedən, bütövlükdə vətən aşiqi olaraq özünü təsdiq edən, öz əməli, eşqi, məhəbbəti ilə qəlblərdə əzəmətli bir QADIN-ANA abidəsi ucaldan yaddaqalan bir personajdır. Yazıçının "Zərifənin çiçəkləri", "Sakit axşamlar" və b. əsərlərində də məhz bu cür ruh, bu kimi ideya hakimdir.
Naxçıvan ədəbi mühitinin simalarından olan Hüseyn Əzim "Yadigar", "Terek sahilində", "Vətən", "Gözü yolda qalan yar" kimi əsərlərində müharibənin gətirdiyi bəşəri bəlaları və ortaya çıxan ictimai kədəri, hisləri əks etdirib.
Müharibə mövzusunda çoxsaylı publisistik yazılar ilə çıxış edən yazıçı Nağı Nağıyev həm də bu mövzuda yazdığı "Polad" pyesində bir döyüşçünün qəhrəmanlıq nümunəsi ilə müharibənin dəhşətlərini, döyüşçülərin ruhunu diqqətə mərkəzinə gətirmək istəmişdir. Pyesdə vətənin azadlığı və istiqlaliyyəti uğrunda misilsiz döyüş hünəri göstərən igid Azərbaycan övladı Poladın cəbhədəki qəhrəmanlıqlarından bəhs edilir. Yazıçının "Bir qəlbin fəryadı" hekayəsi də müharibə mövzusunda yazılmış ən yaxşı əsərlərdən biridir.
Azərbaycan oğullarını qəhrəmanlığa çağıran şeirlərilə çıxış edən Əkbər Məftun Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevə həsr etdiyi "Sən könül mülkünün iftixarısan", eləcə də "Xilaskar ordu", "Ey Vətən", "Partizan hekayəsi" kimi müharibə mövzulu lirik şerlərini yazmışdır. Şair Əlyar Yusiflinin isə "Oğlu cəbhədən qayıtmayan analara", "Məğlub bayraq", "Buhenvald", "Əsgər anası" və b. şeirləri müharibəyə həsr olnumşdur. O, "Əlincədən uçan qartal" adlı poemasını və sonradan bunun əsasında yazdığı eyniadlı pyesini naxçıvanlı Sovet İttifaqı Qəhrəmanı Qəzənfər Əkbərova həsr etmiş, onun bir örnək təşkil edən döyüş yolundan, qəhrəmanlıq nümunələri və şücaətindən bəhs etmişdi.
İkinci Dünya Müharibəsi dövründə müxtəlif işlərdə çalışan yazıçı, jurnalist Məmmədəli Tarverdiyevin də müharibədə iştirak edən həmyerlilərimiz və əmək adamları haqqında yazdığı əsərləri, xüsusilə arxa cəbhə adamlarının rəşadətli əməyini özündə əks etdirən "Zaman" pyesi və oçerklərini qeyd etmək yerinə düşər. Yazıçı Zaman obrazı vasitəsi ilə müharibədə rəşadətlə döyüşən və qayıtdıqdan sonra da əmək sahəsində qəhrəmanlıq göstərərək nailiyyətlər əldə edən onlarla Azərbaycan insanının surətini, taleyini ümumiləşdirmişdir.
II Dünya Müharibəsi mövzusu sonrakı ədəbi nəsillərin yaradıcılığında da ön planda dayanmış, qiymətli əsərlər ərsəyə gəlmişdir. Naxçıvan ədəbi mühitinin tanınmış nümayəndələri olan Elman Həbib, Muxtar Qasımzadə, Asim Yadigar, Vaqif Məmmədov, İbrahim Yusifoğlu, Sona Teymurbəyli və başqaları istər İkinci Dünya Müharibəsi və alman faşizminə, istərsə də Azərbaycanın XX əsrin sonlarında taleyinə yazılan erməni faşizminə qarşı müharibə mövzusuna həsr olunan qiymətli əsərlər ərsəyə gətirmişlər. İkinci Dünya Müharibəsində xalqın göstərdiyi böyük qəhrəmanlıqlar, müharibənin yaratdığı fəsadlar və yaşatdığı acılar Vaqif Məmmədovun müharibə mövzulu şeirlərində poetik həssaslıqla yer alır. "Müharibə yaraları" adlı şeirində müəllif yazır:
Ayaqsız dönübdür evə bir nəsil,
Dünyadan bir nəsil aralanıbdır.
Od-alov qoymayıb sevə bir nəsil,
Bir nəslin sevgisi yaralanıbdır.
Şairin "O kişilər gedibdi" şeirinin mövzusu da ictimai problemə, nəsillərin bir-birindən aralanması, uzaq düşməsi məsələsinə həsr olunub. Məhz bu cür ideya-etik əhəmiyyətinə görə şairin müharibə mövzusunda yazdığı bu əsərlər ədəbiyyatşünaslığımızın diqqətini çox çəkmişdir. Şairin müharibə mövzusuna həsr etdiyi "Qara kağızlar" şeiri də müharibənin insan talelərini əks etdirmək, insanların, xüsusilə döyüşçülərin yaxınlarının, hətta əsgər məktublarını aparan poçtalyonların psixoloji nüanslarını təqdim etmək baxımından çox uğurludur.
Beləliklə, naxçıvanlı yazıçılar da bəşəriyyətin taleyində qara və kədərli bir hadisəni təşkil edən II Dünya Müharibəsində iştirak etmiş, bir əsgər kimi döyüş yolu keçmişlər, eləcə də arxa cəbhədə, müharibədən sonra öz əsərlərilə qələbə uğrunda mücadilə aparmışlar. Az qala hər bir ailənin taleyində qara günləri, kədərli hadisələrilə yadda qalan İkinci Dünya Müharibəsibədii ədəbiyyata da öz təsirini göstərmiş, müharibənin məhrumiyyət və dəhşətlərlə dolu obrazı yaradılmışdır. Bu mənada İkinci Dünya Müharibəsinin qələbə ilə nəticələnməsi və böyük zəfərin çalınmasında azərbaycanlıların, o cümlədən Naxçıvandan olan döyüşçülərin, müxtəlif peşə, sənət adamlarının, sadə adamların, əlbəttə ki, insanları vətən uğrunda rəşadətli döyüşə və qəhrəmanlığa səsləyən ədəbiyyat adamalarının, şair və yazıçıların mislsiz rolları olmuşdur. Əlbəttə, həyatı təhdid edən amansız müharibələrdə təkcə insanların rəşadəti deyil, həm də ağıl orusu ilə misraları döyüşür!..
Ramiz QASIMOV
Naxçıvan Müəllimlər İnstitutunun dosenti,
filologiya üzrə fəlsəfə doktoru