Gənclər təmtəraqdan imtina edir: Göstərişli toylar tarixə qarışırmı?

Bir vaxtlar aylarla danışılan, həftələrlə hazırlanan, bəzən borc-xərc içində keçirilən təmtəraqlı toy mərasimləri bu gün yavaş-yavaş səhnədən çəkilir. Böyük zallar, yüzlərlə qonaq, uzun-uzadı toy axşamları getdikcə yerini sadə nikah mərasimlərinə, ailə arasında qeyd olunan günlərə verir. Cəmiyyət dəyişir, iqtisadiyyat dəyişir, amma ən əsas dəyişən - gənclərin bu gün toya baxışıdır.

Son illərdə Azərbaycanda müşahidə olunan sosial tendensiyalar, xüsusilə də gənclər arasında formalaşan yeni həyat fəlsəfəsi toy anlayışına da təsirsiz ötüşmür. Gənclər daha az xərclə, daha az nümayişlə və daha çox özlərinə yönəlmiş şəkildə evlilik yolunu seçirlər. Onlar üçün bu gün bir evlilikdən gözləntilər daha real, daha praqmatik və daha sadədir. "Qonaqlar üçün yox, özümüz üçün" düşüncəsi getdikcə geniş yayılır.

Toyların sadələşməsinin arxasında bir neçə mühüm səbəb dayanır. Əvvəla iqtisadi reallıqlar. Gənclərin əksəriyyəti müstəqil yaşamaq, kirayə mənzil tutmaq, kreditlər ödəmək və ya ölkə xaricində yaşamaq məqsədilə pul yığmağa çalışır. Belə vəziyyətdə minlərlə manatlıq toy təşkil etmək nə praktik görünür, nə də cəlbedici. Toya sərf edilən vəsaiti bal ayına, yeni ev əşyalarına və ya ümumiyyətlə gələcək üçün yığım hesabına yönəltmək daha ağıllı yanaşma kimi qəbul olunur.

İkinci mühüm faktor - sosial gözləntilərin və adətlərin gücünü itirməyə başlamasıdır. Əvvəllər "el nə deyər?", "qohumlar inciməsin", "filankəsin toyundan geri qalmasın" düşüncəsi ailələri təzyiq altında saxlayırdı. İndi isə sosial media və fərdi düşüncə azadlığı bu təsirləri sarsıdır. Gənclər öz seçimlərini daha açıq şəkildə müdafiə edə bilirlər. Onlar artıq kiminsə xoşuna gəlmək üçün özlərini maddi yükə salmaq istəmirlər.

Bundan əlavə, pandemiyanın da bu tendensiyaya təsiri oldu. COVID-19 dönəmində tətbiq olunan məhdudiyyətlər, toyların təxirə salınması və ya kiçik çevrədə qeyd olunması bir çox ailəyə və cütlüyə göstərdi ki, əslində böyük mərasimlərsiz də toy mümkündür və bu, münasibətin dəyərini azaltmır. Pandemiyadan sonra bir çoxları daha az qonaqla, daha sadə formatda, amma daha səmimi şəkildə bu günü qeyd etməyi seçdi.

Sadələşən toy anlayışı yalnız mərasimlərlə bitmir. Geyimlər, hədiyyələr, "cehiz" məsələsinə də yeni baxış formalaşır. Gənc qızlar artıq onlarla xalça, qab-qacaq toplamağa yox, keyfiyyətli, az və funksional əşyalar almağa üstünlük verirlər. Bəzən isə ümumiyyətlə cehiz gətirmədən birgə həyatlarını sıfırdan qurmağı seçirlər. Kişi tərəfi isə eyni şəkildə böyük toy xərclərinə qarşı daha həssas yanaşır.

Bütün bunlarla yanaşı, bəziləri bu dəyişiklikləri narahatlıqla izləyir. Ənənəvi dəyərlərin unudulduğunu düşünənlər, toyu bir ailə bayramı və cəmiyyətin birləşdirici elementi kimi görənlər üçün bu dəyişikliklər xoşagələn olmaya bilər. Amma reallıq budur ki, dəyişiklik qaçılmazdır və bu dəyişiklik gənclərin həyat tərzinə, dəyərlərinə və gələcək planlarına uyğun olaraq formalaşır.

Ən əsası isə odur ki, bu gün gənclər toyu bir son deyil, bir başlanğıc kimi görürlər. Onlar üçün bu, həyatı birgə yaşamağa verilən qərarın sadə, lakin dərin mənalı rəsmi təsdiqidir və bəlkə də, əsl sevgi və anlaşma üçün təmtərağa ehtiyac yoxdur.

"Son illərdə Azərbaycanda toy mərasimlərinin formatı və mahiyyəti əhəmiyyətli dərəcədə dəyişmişdir. Ənənəvi şəkildə yüzlərlə qonağın dəvət olunduğu, böyük restoranlarda keçirilən və sosial statusun nümayişinə çevrilən toylar getdikcə daha sadə, sakit və bir-birini tanıyan insanların məhdud çevrəsində təşkil olunur. Bu dəyişiklik təkcə maddi amillərlə deyil, həm də gənclərin dünyagörüşü, ailəyə və münasibətlərə yanaşması ilə sıx bağlıdır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında şüuraltı üzrə uzman, şəxsi inkişaf üzrə kouç, beynəlxalq dərəcəli təlimçi İlahə Adil bildirib:

"Burada əsas amillərdən biri iqtisadi reallıqdır. Ənənəvi toy mərasimləri yüksək maliyyə vəsaiti tələb edir. Bir çox ailələrin bu yükü daşımaq imkanı yoxdur və bu, artıq cəmiyyət tərəfindən də uyğun sayılmır. Toy xərclərinə görə borca düşmək, kredit götürmək və ya digər ehtiyaclardan imtina etmək illərlə bu praktikanın uğursuz olduğunu sübut etdi. İndi isə gənclər bu yanaşmanı məqbul saymır, həmin vəsaiti ev almağa, səyahət etməyə və ya gələcək üçün investisiyaya yönəldirlər. Bu prosesə təsir edən əsas amillərdən biri də COVID-19 pandemiyası oldu. Həmin dövrdə insanlar məcburi şəkildə sadə toy modellərinə keçdi və bu təcrübə göstərdi ki, sadə toylar həm daha real, həm də münasibdir. Pandemiyadan sonra artıq cəmiyyət də bu yanaşmanı yeni norma kimi qəbul etməyə başladı. Çünki illərdir Qərb filmləri və sosial şəbəkələr vasitəsilə bizə daha kiçikmiqyaslı, səmimi, yalnız yaxın çevrə ilə keçirilən toylar təqdim olunur və bu təsirlər cəmiyyətə getdikcə daha çox nüfuz edir".

Uzmanın sözlərinə görə, toyların sadələşməsi və dəyərlərin dəyişməsi ailə qurmağı şəxsi, səmimi və daha müstəqil qərara çevirib.

"Maddi və sosial dəyərlərin dəyişməsi gənc nəsil üçün ailə qurma anlayışını da dəyişib. Artıq ailə qurmaq təkcə ictimai hadisə deyil, şəxsi və mənəvi önəm daşıyan qərardır. Gənclər münasibəti daha özəl və səmimi mühitdə yaşamaq istəyirlər. Sosial status nümayişindən çox, münasibətin keyfiyyəti və ailədaxili dinamika ön plana keçir. Bu da toy anlayışına və ümumilikdə ailə institutuna yeni baxış bucağı gətirir. Toyların sadələşməsi sosial münasibətlərə də təsir edir. Əvvəllər toylar geniş qohum çevrəsinin bir araya gəldiyi, ictimai əlaqələri gücləndirən hadisələr idisə, indi bu münasibətlər daha fərdi xarakter alır və ailə daxilində verilən qərarlarla məhdudlaşır. Artıq ailə daxilindəki problemlər əvvəlki kimi bütün nəslin iştirakı ilə deyil, birbaşa ailənin özü tərəfindən həll olunur. Bu da insanların daha müstəqil qərarlar verməsinə şərait yaradır".

İlahə Adil əlavə edib ki, toyların sadələşməsi, ailə institutunun bərabərlik, qarşılıqlı hörmət və şüurlu tərəfdaşlıq üzərində yenidən formalaşmasının göstəricisidir.

"Toyların sadələşməsi yalnız mərasimin formatının dəyişməsi deyil, ailə institutuna münasibətin dəyişməsi deməkdir. Yeni nəsil ailəni bərabərlik, qarşılıqlı hörmət və psixoloji uyğunluq üzərində qurmağa çalışır. Əvvəllər bu, daha çox sosial məcburiyyət kimi qəbul edilirdisə, indi şüurlu və tərəfdaşlığa əsaslanan model önə çıxır. Bu, müasir Azərbaycan ailə institutunun formalaşma prosesidir və artıq bu proses başlayıb. Bu dəyişikliklər ailə daxilində gender rollarının bərabərləşməsini, şəxsi sərhədlərin tanınmasını və qərarvermə prosesində gənclərin azadlığını əks etdirir. Ailələrin formalaşmasında bu gün baş verən dəyişikliklər yalnız iqtisadi deyil, həm də dəyərlər sistemində baş verən transformasiya ilə bağlıdır. Gənclər ailə qurma prosesinə daha real, funksional və emosional yanaşır. Bu dəyişiklik həm sosial münasibətlərin formasını, həm də ailə institutunun mahiyyətini dəyişir. Sadə toylar bu mənada təkcə bir mərasim formasının deyil, gələcək ailə modelinin xəbərçisidir. Gələcəkdə bu model daha çox yayılacaq və cəmiyyət üçün lazımsız xərclərdən uzaq, daha məntiqli seçim kimi qəbul olunacaq. Çünki bu, artıq qlobal bir tendensiyadır. Dünyanın bir çox ölkəsində orta və aşağı gəlirli ailələr toyları daha kiçikmiqyaslı keçirir, yalnız yaxın çevrəni dəvət edərək həm maliyyə, həm də emosional baxımdan uğurlu seçim etdiklərini göstərirlər".

Mövzu ilə bağlı Olaylar.az-a açıqlama verən psixoloq Sibel Piriyevanın sözlərinə görə isə, Azərbaycanda toyların dəyişməsi gənclərin dəyər sistemindəki dönüş və modern həyat tərzinə uyğunlaşması ilə bağlıdır:

"Azərbaycanda son illərdə toy mərasimləri keçirilmə formasına görə üç qrupa bölünür:

1.         Olduqca sadə şəkildə keçirilən toylar,

2.         Ənənəvi qaydada - adət-ənənələrə əsasən təşkil edilən toylar,

3.         Şahşahalı və dəbdəbəli toy mərasimləri.

Bəs bu fərqlərin əsas səbəbi yalnız maddiyyatdırmı? 

Bəli, kapitalist cəmiyyətdə yaşayırıq və maddiyyatın təsiri var, amma bu təsir həlledici deyil. Əgər əsas səbəb yalnız maliyyə olsaydı, bütün yüksək təbəqəyə mənsub insanlar şahşahalı toylar edərdi. Halbuki bu, həmişə belə deyil. Bu da onu göstərir ki, burada əsas məsələ düşüncə tərzləri və ailə dəyərləridir.

Bu üç fərqli toyu təşkil edən ailələrin dəyərlərinə baxdıqda da bunu müşahidə edə bilərik. Dəbdəbəli toy edənlər adətən göstərişə, şöhrətə və ictimai rəyə daha çox önəm verirlər. Orta təbəqəyə aid ailələr isə əsasən adət-ənənələrə sadiq qalmağa və onları qoruyub yaşatmağa üstünlük verirlər. Ən sadə şəkildə toy edənlər isə daha müasir düşüncəyə sahib olan gənclərdir. Onlar üçün ailə dəyərləri artıq maddiyyat və ya adət-ənənələr üzərində qurulmur, daha çox mənəvi dəyərlərə əsaslanır. Onlar düşünürlər ki, sevgi və xoşbəxtlik göstərişdə və ya kütləvi təmtəraqda deyil, şəxsi münasibətlərdə və daxili harmoniya ilə bağlıdır. Buna görə də toylarını daha sadə formada keçirməyi üstün tuturlar. Məsələn, 2000-ci illərdən əvvəl azərbaycanlılar xaricə az səyahət edirdilər. Amma bu gün gənclərin bir çoxu səyahət etməyi, dünyanı görməyi, özünü inkişaf etdirməyi planlaşdırır. Artıq təkcə universitet təhsili də kifayət etmir. Elmin və texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə insanlar bu tempə çatmaqda çətinlik çəkirlər. Çoxları deyir: "Çatdıra bilmirik". Bu da öz növbəsində sosial mühitə təsir edir".

Psixoloqun sözlərinə görə, toy mərasimlərindəki dəyişikliklər gənclərin dəyərlərinin dəyişməsi və qərb yönümlü müstəqil düşüncə tərzinin güclənməsi ilə bağlıdır.

"Elmi və texnoloji inkişaf mikro və makromühitdə dəyişikliklər yaradır. Bu da insanların dəyərlərinə və davranışlarına təsir göstərir. Nəticədə, toyların formasında da dəyişiklik baş verir. Gənclər sadə toy etdikləri üçün yaşlı nəsil tərəfindən bəzən tənqid olunsalar da, bu tənqidlər onlara ciddi psixoloji təsir etmir. Çünki bu günün gəncləri əvvəlki nəsillərə nisbətən daha müstəqil düşünür və öz qərarlarını daha sərbəst verirlər. Sorğular da göstərir ki, gənclər toy mərasiminə xərcləyəcəkləri pulu səyahətə, şəxsi inkişaflarına və xoşbəxtliklərinə sərf etməyə üstünlük verirlər. Şərq mədəniyyətində "başqaları nə deyər?" düşüncəsi ön plandadırsa, qərb mədəniyyətində insan daha çox özünü sorğulayır. Hazırda bizim gənclər də qərb mədəniyyətinə daha çox yaxınlaşır və ətrafın deyil, özlərinin nə istədiyini ön plana çıxarırlar. Bu dəyişikliklərin kökündə əsasən dəyərlərin transformasiyası dayanır. Ailə qurmaq, ailə daxilində münasibətlər və boşanma səbəbləri də məhz bu dəyişən dəyərlərlə sıx bağlıdır".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31