Zəngəzur dəhlizi dilemması: Rusiya yoxsa ABŞ nəzarəti? – ÖZƏL
15:02 Siyasət"Zəngəzur dəhlizi ilə bağlı hazırda ortada iki əsas sənəd mövcuddur. Birinci sənəd - 2020-ci il 10 noyabrda Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri tərəfindən imzalanmış bəyannamədir. Həmin sənədin 9-cu bəndinə əsasən, Ermənistan və Azərbaycan arasında nəqliyyat-kommunikasiya xətləri açılmalıdır və Zəngəzur dəhlizinə nəzarət Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə (FTX) həvalə olunmalıdır.
İkinci sənəd isə 2024-cü il avqustun 8-də ABŞ-da imzalanmış razılaşmadır. Bu sənədə əsasən, Ermənistan Zəngəzur dəhlizinin Amerikanın nəzarətinə verilməsi ilə bağlı ortaq razılığa gəlib".
Bu fikirləri Olaylar.az-a açıqlamasında Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri,siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, hazırda ortada iki sənəd var və sual yaranır: hansı sənəd hüquqi baxımdan daha qüvvəlidir?
Bu məsələnin hansı istiqamətdə reallaşacağını zaman göstərəcək. Unutmaq olmaz ki, Paşinyan hakimiyyətə ABŞ-nin dəstəyi ilə gəlib və bu səbəbdən o, Vaşinqton qarşısında müəyyən öhdəliklər götürüb. Bu öhdəliklərdən biri də Rusiyanın Ermənistandakı təsir dairəsini zəiflətmək və ölkəni Moskvanın nüfuzundan uzaqlaşdırmaqdır. Paşinyanın yürütdüyü siyasət də bu istiqamətdə formalaşır.
Ekspert əlavə edib ki, Rusiya üçün isə Cənubi Qafqazda strateji maraqlar olduqca önəmlidir. Rusiyanın regiondakı mövcudluğu müəyyən mənada Zəngəzur dəhlizi üzərindəki nəzarətlə ölçüləcək.
Əgər Rusiya bu dəhlizə nəzarət edə bilsə, deməli, onun Cənubi Qafqazdakı mövcudluğu davam edəcək.
Əks halda, Rusiyanın regiondakı təsiri tədricən zəifləyəcək.
Siyasi şərhçinin sözlərinə görə, Zəngəzur dəhlizinə kim nəzarət edəcəksə, o tərəf dünya iqtisadi sisteminə təsir göstərmək gücünə malik olacaq. Bu səbəbdən də Zəngəzur dəhlizi beynəlxalq kommunikasiya xətlərinin mühüm körpüsü sayılır və Orta Dəhlizin bir qolu kimi strateji xarakter daşıyır.
Rusiya bu dəhliz üzərində nəzarəti saxlamaqda açıq şəkildə maraqlıdır - bu, həm Rusiya ekspertləri, həm də rəsmi dövlət rəsmiləri tərəfindən dəfələrlə bəyan edilib.
"Hazırda Zəngəzur dəhlizinin işlək mexanizmə çevrilməsi real görünmür, çünki Rusiya Ermənistan daxilində hakimiyyət dəyişikliyində maraqlıdır.
2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkiləri bu baxımdan həlledici ola bilər.
Ermənistan cəmiyyəti hazırda iki qütbə bölünüb: Rusiya yönümlü qüvvələr hesab edir ki, ölkənin gələcəyi Moskva ilə əməkdaşlıqdan asılıdır.
Qərbyönümlü qüvvələr isə Ermənistanın Avropa və ABŞ xətti ilə irəliləməsini istəyir.
Yəni, 2026-cı ildən sonra yeni siyasi situasiyadan asılı olaraq, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması yenidən gündəmə gələ bilər", - deyə A. Məsiyev vurğulayıb.
Siyasi şərhçinin sözlərinə görə, əgər Paşinyan hakimiyyətdən getsə, Ermənistan-Azərbaycan münasibətlərində və sülh prosesində yeni mərhələ başlaya bilər. Zəngəzur dəhlizinin işləməsi məsələsi birbaşa Azərbaycanın mövqeyindən asılıdır.
Azərbaycan üçün əsas şərt - öz ərazisindən Naxçıvana gedən vətəndaşların toxunulmazlığının təmin edilməsidir. Bu təminat kimliyindən asılı olmayaraq istər Rusiya, istərsə də ABŞ nəzarət etsin yerinə yetirilməlidir.
Əks halda, Ermənistan ərazisində nəqliyyat infrastrukturunun açılması real olmayacaq. Əgər Ermənistan Azərbaycanın şərtlərini qəbul etməsə, alternativ yol - Araz dəhlizi layihəsi gündəmdə qalacaq.
Ermənistan dünya iqtisadi sisteminə inteqrasiya etmək istəyirsə, Zəngəzur dəhlizinin açılmasına və Azərbaycanın şərtlərinə razılıq verməlidir.
"Ermənistan cəmiyyətində "Zəngəzur" ifadəsi tarixi səbəblərə görə qıcıq yaradır. Bu, Zəngəzurun Azərbaycanın tarixi torpaqları olmasından irəli gəlir. XX əsrin əvvəllərində bu ərazi Azərbaycan xalqının iradəsi olmadan Ermənistana verilib.
Bu səbəbdən, Zəngəzur adının işlədilməsi Ermənistan siyasi elitasında narahatlıq doğurur.
Ermənistan yaxşı bilir ki, həm Zəngəzur, həm də Göyçə mahalı Azərbaycanın tarixi torpaqlarıdır, və Azərbaycan xalqı bu torpaqları unutmamışdır.
Əgər Ermənistan qonşuları ilə sülh içində birgəyaşayış prinsiplərinə əməl etməsə, Konstitusiyasında Azərbaycan torpaqları ilə bağlı iddialardan imtina etməsə, bu, gələcəkdə Azərbaycanın tarixi torpaqlarına qayıdış iddiasını gündəmə gətirə bilər.
Ermənistanın uğurlu gələcəyi üçün Türkiyə və Azərbaycanla münasibətlərin normallaşması həyati vacibdir. Çünki dünya bazarına çıxış da məhz bu münasibətlərin bərpasından keçir", - deyə siyasi ekspert bildirib.
A. Məsiyev sonda qeyd edib ki, Zəngəzur dəhlizi - Orta Dəhlizin vacib bir qolu kimi yalnız Azərbaycanın tələbləri və şərtləri yerinə yetirildiyi halda işlək mexanizmə çevrilə bilər.
Sevda Dəniz