Müstəqilliyin bərpası: Azərbaycan xalqının ən böyük qələbəsi - ÖZƏL

 

"18 Oktyabr - Azərbaycanın tarixində əlamətdar günlərdən biridir. Bu tarix dövlət müstəqilliyimizin ictimai, tarixi və siyasi məzmununu ifadə edir. 18 Oktyabrda, uzunmüddətli fasilədən sonra, milli dövlətçiliyimiz yenidən bərpa olunub. Bu gün Azərbaycan xalqının əsrlər boyu arzuladığı müstəqilliyin reallaşdığı, tarixi arzularının gerçəkləşdiyi bir tarixdir." Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:

"18 Oktyabr həm də Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizəni, bu yolda göstərdiyi rəşadəti, verdiyi qurbanları və nəticə etibarilə əldə etdiyi ən böyük nailiyyəti - dövlət müstəqilliyini özündə ehtiva edir. Bu tarix böyüməkdə olan gənc nəslin milli ruhda formalaşması üçün mühüm tərbiyə simvollarından biridir.

18 Oktyabr, həmçinin, dövlət tariximizdə mövcud olmuş şərəfli mərhələlərin göstərilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu tarix bir daha sübut edir ki, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsi olduqca mürəkkəb mərhələlərdən keçib. Həmin mərhələlərin ən ağırlarından biri 70 illik Sovet əsarəti dövrü olub. Sovet hakimiyyəti Azərbaycan xalqının müstəqil dövlətçiliyinə müvəqqəti olaraq son qoysa da, xalq müstəqillik ideyalarından heç vaxt dönməyib.

Bəziləri 70 il ərzində Azərbaycan xalqının müstəqillik əzminin sönəcəyini düşünürdülər. Lakin 1980-ci illərin sonlarında başlayan azadlıq hərəkatı bu ideyaların yaşadığını və xalqın müstəqillik ruhuna sadiq qaldığını bir daha sübut etdi.

Bu mənada 1991-ci il - dövlət müstəqilliyimizin bərpa olunduğu, eyni zamanda, 70 illik Sovet əsarətinə baxmayaraq, xalqımızın müstəqillik ideologiyasına sadiqliyinin rəmzi olan bir tarixdir."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31