Elşən Manafov: “Qərbin təzyiqlərinə baxmayaraq, Gürcüstan hökuməti kursunu dəyişmir"- ÖZƏL

"Bu il oktyabrın 4-də Gürcüstanda keçirilən bələdiyyə seçkilərində hakim partiya "Gürcü Arzusu" bütün iri şəhərlərdə (64 şəhərdə) qalib gəlib və seçicilərdən 80%-lik dəstək alıb. Lakin bu nəticə ölkə müxalifəti və onun Qərbdəki havadarları tərəfindən qəbul edilmir. Müxalifət, eləcə də Qərbdəki bəlli institutlar - ATƏT və AB iqtidarı seçkilərin nəticələrinə müdaxilə, habelə onları saxtalaşdırılmasında ittiham edirlər". 
Bu fikirləri politoloq Elşən Manafov Olaylar.az-a açıqlamasında söyləyib: 
" Məhz onların çağırışı ilə ölkənin etiraz elektoratı küçələrə çıxaraq etiraz aksiyaları keçirib, qanuni və legitim hakimiyyəti zor tətbiq etməklə devirməyə cəhd göstəriblər. Müxalifətin seçkilərin nəticələrini tanımayıb etiraz aksiyaları təşkil etməsi, şübhəsiz ki, onun konyunktur maraqlarından irəli gəlir. Öz lideri, sabiq ölkə başçısı Saakaşvilinin siyasi fəaliyyətinin məhdudlaşdırıldığı, həmçinin onun barəsində çıxarılan məhkəmə qərarlarından sonra reytinqinin aşağı düşdüyü bir şəraitdə müxalifət hələ də özünə gələ bilməyib. Üstəlik, müxalifətin vahid cəbhə ilə çıxış edə bilməməsi, onun sıralarındakı siyasi pərakəndəlik ölkə iqtidarının xeyrinə işləyən  siyasi və sosial faktorlar olub. Həmçinin müxalifətin ümid etdiyi geosiyasi faktor da hələlik özünü doğrultmur. Qərbin bütün təzyiq və təhdidlərinə baxmayaraq, Kobaxidze iqtidarı tutduğu siyasi kursdan imtina etməyəcəyini bildirib. Gürcüstan hakimiyyəti Qərbdən gələn təzyiqlərə baxmayaraq, Rusiya ilə münasibətlərin kəskinləşdirilməsi kursundan imtina edir və Rusiyaya qarşı ikinci cəbhə açmaq niyyətində olmadığını bəyan edir. Gürcü hakimiyyətinin Qərbin seçki institutlarına ünvanladığı müraciətlərə baxmayaraq, ATƏT və onun insan haqları institutları seçkiləri sınamaq üçün müşahidəçi komissiyalarını belə göndərməkdən imtina ediblər. Bu isə seçkilərin hansı nəticələr doğuracağından asılı olmayaraq, nəticələrinin qəbul edilməyəcəyi barədə Qərbdəki bəlli institutlardan sifarişləri yerinə yetirmək barədə sərəncam almaları təəssüratını doğurur". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31