Azad edilmiş bütün ərazilərimizdə həyata keçirilən layihələr şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir

"44 günlük İkinci Qarabağ müharibəsinin hər günü Azərbaycanın tarixinə bir şəhərin, kəndlərin və qəsəbələrin işğaldan azad edildiyi tarix kimi yazıldı. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi tarixi Zəfərimizin əbədiləşdirilməsində, hər bir şəhərin azad edildiyi tarixin yaddaşlarda əbədi qalmasında, Vətən müharibəsi ilə bağlı həqiqətlərin indiki və gələcək nəsillərə çatdırılmasında əhəmiyyətli rol oynayır. Qeyd olunan Sərəncama əsasən 17 oktyabr Füzuli Şəhəri Günüdür. Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı ordumuz tərəfindən 17 oktyabr tarixində işğaldan azad edildi. Ümumilikdə 44 gündə Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilib. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri oldu. Bu əməliyyat sayəsində həmçinin Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri Silahlı Qüvvələrimiz tərəfindən azad edildi. 30 ildə düşmən təmas xəttində  möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya Azərbaycanın gücünü gördü və bunu etiraf edir". 

"Olaylar" xəbər verir ki, bunu  Milli Məclisin deputatı Malik Həsənov deyib.

Millət vəkili qeyd edib ki, Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur: "Ermənistan  silahlı qüvvələri ilə mübarizədə  rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür. İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Rayonda mövcud olan abidələr sırasına Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar. İşğal dövründə Füzuli tamamilə dağıdılmış, bütün tikililər yerlə-yeksan edilmişdir. Dövlət başçısı İlham Əliyev 2023-cü il oktyabrın 17-də "Füzuli Şəhəri Günü"ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bu reallıqları bir daha diqqətə çatdımışdı ki, Füzulinin timsalında bütün dünya erməni vəhşiliyinin nədən ibarət olduğunu görür. Biz uzun illər Qarabağ dərdimizin həqiqətlərini dünya birliyinin diqqətinə çatdırmağa çalışanda bəziləri inanmırdı, elələri də var idi inanmaq istəmirdi. Bizim əlimizdə o qədər də böyük sübutlar yox idi. Bilirdik ki, hər şey dağıdılıb, viran qoyulub, ancaq bu dərəcədə, hətta, biz təsəvvür edə bilmirdik. Çünki işğalçı dövlət heç kimi o vaxt bu bölgəyə buraxmırdı, qadağan etmişdi. Nə üçün? Çünki buraya gələn hər bir insan görəcəkdi, erməni vəhşiliyi nədən ibarətdir. Onun təzahürləri hər yerdə görünür".

Malik Həsənov vurğulayıb ki, son beş ildə digər azad edilmiş ərazilərimiz kimi, Füzuli də sevincli günlərini yaşayır: "Tarixi sahibinə qovuşan bu torpaqlarda dağıntıları quruculuq, bərpa əvəz edir. Dünya Azərbaycan xalqının nə qədər qurucu xalq olduğunu görür. Bu gün həm Füzulidə, həm bütün başqa şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir. Azad edilmiş ərazilərimizdə keçirilən Azərbaycan Milli Şəhərsalma Forumları həqiqətlərimizin beynəlxalq ictimaiyyətə çatdırılmasında öz sözünü deyir. Ağdam, Zəngilan şəhərlərinin ardınca Xankəndi şəhəri hazırda bu Foruma ev sahibliyi edir. Belə ki, oktyabrın 15-də öz işinə başlayan, üç gün davam edəcək Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumu Xankəndidə 60-dan çox ölkədən 400-dək dövlət və özəl qurumların nümayəndələrini, beynəlxalq təşkilatların, akademik institutların və vətəndaş cəmiyyətinin təmsilçilərini bir araya gətirib. Forum çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, tətbiq olunan müasir şəhərsalma standartları və innovativ texnologiyalar, Azərbaycanın postmünaqişə dövründə əldə etdiyi nailiyyətlər geniş təhlil edilir. Dövlət başçısı İlham Əliyev Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçılarına müraciətində bu mühüm məqamı xüsusi qeyd etdi ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycan dövlətinin şəhərsalma sahəsində strateji baxışını və icra imkanlarını nümayiş etdirir. Müasir şəhərsalma prinsiplərinin tətbiqi ilə Qarabağ və Şərqi Zəngəzur regionlarının dayanıqlı infrastrukturunun qurulması, yaşayış məntəqələrinin yenidən salınması və əhalinin qayıdışı üçün zəruri şəraitin yaradılması istiqamətində sistemli və ardıcıl tədbirlər həyata keçirilir".

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Füzuli  rayonu yenidən qurulur və infrastrukturun bərpası istiqamətində irimiqyaslı işlər həyata keçirilir: "Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü il 18 martda "Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı"nı təsdiq etmişdir. Dövlət başçısının xüsusi diqqəti nəticəsində rayonda "Füzuli" yarımstansiyası, Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, həmçinin Köndələnçay su anbarları kompleksi istifadəyə verilmişdir. Füzulidə nəqliyyat infrastrukturunun yaradılması istiqamətində mühüm layihələr reallaşdırılıb.  Zəfər, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları istismara verilib. Bununla yanaşı, Prezident İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılışı oldu. 2023-cü il avqustun 18-dən etibarən Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlandı və bu proses artan templə davam edir. İlkin mərhələdə 144 ailə köçürülüb. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində çətin şəraitdə yaşayan ailələrdir. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı 2024-cü il yanvarın 24-də Bakı şəhərinin Qaradağ rayonundan Füzuli şəhərinə yola salındı. Bu günə qədər Füzuliyə 824 ailə, 3141 nəfər köçürülüb. Böyük Qayıdış Proqramının birinci mərhələsində - 2026-cı ilin sonunda 22 min sakin Füzuli rayonunda yaşayacaq. Ümumilikdə isə həmin dövrə qədər Qarabağ və Şərqi Zəngəzura 140 min keçmiş məcburi köçkünün qayıdışı nəzərdə tutulub".

Malik Həsənov bildirib ki, dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad edilmiş ərazilərimizə səfərləri davamlı xarakter daşıyır: "Hər bir səfər çərçivəsində mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimləri keçirilir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tarixi Zəfərimizdən dərhal sonra azad edilmiş əraziləmizə ilk səfəri məhz Füzuli və Cəbrayıl  rayonlarına oldu. 16 noyabr 2020-ci ildən bu günə qədər dövlət başçısı İlham Əliyev Füzuli rayonuna 20-dən artıq səfər edib. Səfərlərin say tərkibi görülən işlərin aydın mənzərəsini yaradır. Füzuli şəhəri Böyük Qayıdışın sevincini yaşayan şəhərlərimiz sırasındadır.  Ümumilikdə  işğaldan azad olunmuş 6 şəhər, 2 qəsəbə və 20 kənd sakinlərinə qovuşub.  Böyük Qayıdış Proqramı uğurla icra edilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31