Əliyev liderliyi: Təkcə siyasət yox, insan rifahı! – ÖZƏL

"15 oktyabr 2003-cü il - bu, İlham Əliyevin ilk dəfə Prezident seçildiyi tarixi gündür.
Yeni başlanğıc öz ritmini tapdı - siyasi davamlılıq, inkişaf ardıcıllığı və xəlqi ideyaların, müstəqil dövlətçiliyin yeni uğurlara aparılması".

Bu sözləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib. O bildirib ki, bu mərhələdə İlham Əliyevin adı ilə bağlı olan bir neçə strateji istiqaməti vurğulamaq vacibdir. Bunlar Azərbaycanın uluslararası çəkisini artırdı və ölkənin sahibi olduğu enerji, daşımaçılıq, infrastruktur, diplomatiya kimi sahələrdə ayaq üstə dayanmağını təmin etdi. Enerji diplomatiyası və daşımaçılıq kəmərlərini yığcam şəkildə incələyək:

-Körpü rolunun yüksəldilməsi - Azərbaycan Xəzər dənizi hövzəsində enerji daşıma şəbəkələrinin qovşağına çevrildi. "Quzey-Güney", "Günçıxar-Günbatar", TANAP və TAP kimi layihələr vasitəsilə ölkə Avropaya enerji çıxarma imkanı qazandı;
-Qaz tranziti strategiyası - Azərbaycan qazı yalnız yerli sərfiyyata yönəldilmədi - tranzit ölkəyə çevrildi, Avropanın şaxələndirmə roluna yiyə durdu;
-İnfrastrukturun gücləndirilməsi - limanlar, dəmir yolları, hava limanları çağdaşlaşdırıldı; logistika şəbəkələri genişləndi və s. 
Bu layihələr Azərbaycanın uluslararası dayanıqlığını artırdı - artıq ölkə yalnız enerji istehsalçısı deyil, həm də enerji təminatında kritik tranzit üzvdür.

Araşdırmaçı-yazar diplomatiya və uluslararası rola da toxunub:
-Azərbaycan bölgədə işğal olunmuş torpaqlarını geri alma hüququnu beynəlxalq arenada sistemli şəkildə müdafiə etdi və bu mövqedə qərarlı duruş nümayiş etdirdi;
-Ölkə güclü uluslararası əlaqələr qurdu - həm Günbatarla (Avropa, ABŞ), həm qonşu bölgələrlə (Rusiya, İran, qardaş Türkiyə) dəngəli işbirliyi siyasəti yürütdü;
-İlham Əliyevin liderliyi uluslararası məsələlərdə əsas səslərdən biri kimi tanındı - enerji təhlükəsizliyi, bölgəsəl barış və infrastruktur layihələri çərçivəsində Azərbaycanın çəkisi artdı. 
Beləliklə, strateji layihələr və diplomatik cəhdlər Azərbaycanın uluslararası nüfuzunu yalnız rəqəmlərlə deyil, həm də salam-sayğı məqamları ilə möhkəmləndirdi.

"Başqa bir məqam - siyasi və iqtisadi sabitliyin toplumdakı əksi: gündəlik yaşam, sosial struktur mövzusu da özünə diqqət tələb edir.
Burada "sabitlik" yalnız siyasi yox, həm də makroiqtisadi stabilizasiya, proqnozlaşdırıla bilən siyasət deməkdir. Bu sabitlik isə toplumun dərin qatlarına toxundu.
Ötən illər içində makroiqtisadi göstəricilər -
dövlət büdcəsinin gəlirləri, valyuta ehtiyatları, idxal-ixrac və yatırım axınları ciddi şəkildə və uğur ifadəsi olaraq dəyişdi.
Bu makro uğurlar yalnız "qeydiyyatda olan" sonuclar deyil - onlar sabahın proqnozlarını da gücləndirir, böhranlara qarşı tampon rolunu oynayır", - deyə türkoloq əlavə edib.

Ekspert qeyd edib ki, eləcə də, sosial transformasiya, xidmət sahələri, bölgələrə diqqət yüksələn xətt üzrə dəyişdi:
-Bölgələrin inkişafına diqqət yetirildi - kənd yerlərində infrastrukturnun genişləndirilməsi, yolların, elektrik, qaz, su sistemlərinin çatdırılması prioritet oldu;
-Sosialyönümlü layihələr (təhsil, səhiyyə, mənzil, sosial müdafiə proqramları) daha sistematik həyata keçirildi;
-İş yerlərinin yaradılması, kiçik və orta sahibkarlığın inkişafına dəstək - iqtisadi şaxələndirmə meyilləri gücləndi;
-Xalqın gündəlik yaşamında "hər şey uzaqda deyil" prinsipi gücləndi - indi yaşayış yerlərində yaxşı yol, su, qaz sistemi, səhiyyə mərkəzləri, məktəblər, ictimai xidmətlər, o cümlədən internet gözlə görünən faktorlardır.
Beləliklə, siyasi və iqtisadi sabitlik - planlı, dayanıqlı və davamlı - insanın gündəlik yaşamı ilə uyğunlaşdı. İnsan gördü ki, dövlət yalnız "yuxarıda" olan institut deyil, həqiqətən onun rifahını təmin edən mexanizmə çevrilə bilər. İlham Əliyev hamının Prezidenti oldu!

"15 oktyabr xalqın gələcəyə olan qərarlılığının ifadəsidir. O gündən bu günə qədər İlham Əliyevin rəhbərliyi ilə aparılan strateji kurs, enerji diplomatiyası, infrastruktur islahatları, bölgəsəl siyasət və sosial layihələr Azərbaycanın uluslararası nüfuzunu gücləndirdi və gündəlik yaşamda sabitliyi sağlamlaşdırdı", - deyə araşdırmaçı-yazar sonda vurğulayıb.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31