2025-ci il iqlim dəyişikliyinə uyğunlaşmanı inkişaf etdirmək üçün dönüş nöqtəsi olmalıdır - Muxtar Babayev

Kopenhagendə dünyanın müxtəlif ölkələrindən liderlər və nazirlərin iştirakı ilə Braziliyada keçiriləcək COP30 müzakirələrinə istiqamət vermək məqsədilə iqlim üzrə görüş başlayıb.

Olaylar.az xəbər verir ki, görüşə Danimarkanın energetika, kommunal xidmətlər və iqlim naziri Lars Aagard sədrlik edir.

Görüşdə, həmçinin, COP30-un təyin olunmuş prezidenti, Braziliyalı səfir Andre Korrea do Lago və vəzifəsini təhvil verən COP29 rəhbəri, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iştirak edirlər.

Görüşün açılışında vurğulanıb ki, 2024-cü ilin noyabrında Bakıda keçirilmiş COP29 zamanı demək olar ki, 200 tərəfdaş ölkə "Bakı İqlim Həmrəyliyi Paktı" çərçivəsində mühüm nəticələr əldə edib. Bu nəticələr iqlim dəyişikliklərinə qarşı mübarizənin intensivləşdirilməsi, dayanıqlılığın gücləndirilməsi və ehtiyacı olanlar üçün maliyyə resurslarının səfərbərliyi ilə bağlı irəliləyişləri əhatə edib.

Əsas nailiyyətlər arasında İqlim Dəyişmələrinə Qarşı Maliyyə Yardımı üzrə Yeni Kollektiv Miqdar Hədəfi (NCQG), Zərər və Ziyanın Ödənilməsi Fondu və Paris Sazişinin 6-cı maddəsinə uyğun olaraq karbon bazarına dair qaydaların tamamlanması yer alır. Ən önəmlisi isə odur ki, COP29 ölkələrin birlikdə fəaliyyət göstərməsi sayəsində çoxtərəfli yanaşmanın real nəticələr verə biləcəyini təsdiqlənib.

Hazırda əsas diqqət bu nəticələrin real addımlara çevrilməsinə yönəldilməlidir. İqlim böhranı qətiyyətli və sürətli qlobal tədbirlər tələb edir. COP30-un uğuru beynəlxalq ictimaiyyətin çoxtərəfli iqlim rejimini dəstəkləməyə və möhkəmləndirməyə hazırlığından asılı olacaq. Bu da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) prosesini insanların həyatına yaxınlaşdırmaq və Paris Sazişinin məqsədlərinin həyata keçirilməsini sürətləndirmək deməkdir.

COP29-un prezidenti və Azərbaycanın iqlim üzrə xüsusi nümayəndəsi Muxtar Babayev çıxışında qeyd edib ki, sürətlə dəyişən dünyada bütün ölkələr iqlim böhranı ilə üzləşirlər və bu səbəbdən də ölkələrin bu barədə açıq danışmaları, konstruktiv əməkdaşlıq etmələri və birlikdə irəliləmələri vacibdir:

"Biz bir yerdə çox şeyə nail olmuşuq. Paris Sazişindən əvvəl dünya 4°C-dən çox istiləşməyə doğru gedirdi. Hələ uzun yolumuz var, amma əldə etdiyimiz irəliləyişi inkar edə bilmərik. Biz Bakıda irəli getdik. COP29-da sübut etdik ki, dünya razılaşa və nəticə əldə edə bilər. Yeni öhdəliyə əsasən, inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon dollar iqlim maliyyəsi ayrılacaq.

Biz, həmçinin, Paris qaydalar paketini bağladıq. Ancaq bu gün dünyada artan qeyri-müəyyənlikləri nəzərə alaraq, real vəziyyətə qarşı dürüst olmalıyıq. Qorxuya qapılmamalı və iqlim fəaliyyətini unutdurmağa imkan verməməliyik. İqlim böhranı digər problemlər həll olunana qədər gözləməyəcək. Hər bir məsələ ilə birlikdə iqlim böhranının həlli də paralel şəkildə irəliləməlidir. Əks halda, fürsətləri qaçırdığımız üçün peşman olacağıq", - deyə Muxtar Babayev bildirib.

Ətraflı

Muxtar Babayev əlavə edib ki, hazırda COP29-un sədrliyi Braziliyanın COP30 hazırlıqlarına dəstək verir. O, Azərbaycan Prezidentinin - İlham Əliyevin rəhbərliyi və dəstəyinin COP29-un uğurla təşkil olunmasında və ölkənin iqlim dəyişikliklərinə qarşı mübarizəyə sərmayə qoymasında həlledici rol oynadığını vurğulayıb: "Bizim əsas məqsədimiz bütün liderlərin bu prosesdə eyni dərəcədə fəal iştirak etməsidir. Vaşinqtonda keçirilən yaz görüşlərində iqlim məsələsinin gündəlikdən çıxarılmaq təhlükəsi ilə üzləşdik. Amma biz bu mövzunu yenidən ön plana çəkməli, verilmiş vədlərin konkret yerinə yetirilməsi planlarını təqdim etməliyik. Bu, hökumətlərdən əlavə olaraq, çoxtərəfli inkişaf bankları və digər maliyyə institutları da daxil olmaqla bütün maraqlı tərəfləri əhatə edir".

M.Babayev, COP29-un nəticələrindən biri kimi, 2035-ci ilə qədər hər il 300 milyard dolların səfərbər olunması hədəfini xatırladıb. Bu məqsədə çatmaq üçün kollektiv səylər lazım olduğunu bildirib.

M.Babayev vurğulayıb ki, ən yaxın və əsas nəticə növbəti iqlim planlarının hazırlanması olmalıdır. Bütün ölkələr sentyabr ayına qədər Öz Milli Uyğunlaşma Planlarını (NAP) və ilk ikiillik şəffaflıq hesabatlarını təqdim etməlidirlər. Bu addımlar COP30-da Braziliyanın liderliyinə dəstək verəcək.

COP30-un prezidenti Andre Korrea do Lago isə beynəlxalq ictimaiyyəti insanlığın rifahı naminə iqlim dəyişikliyinə qarşı səyləri birləşdirməyə çağırıb. O, BMT Baş katibi Antonio Quterreşin son Petersberq İqlim Dialoqunda etdiyi çağırışı xatırladıb - ölkələr sentyabr ayına qədər 1,5°C hədəfinə uyğun milli töhfələr təqdim etməlidir: "Biz bu çağırışlara ciddi yanaşmalıyıq - həm ən pis nəticələrin qarşısını almaq, həm də aşağı karbonlu və davamlı gələcək imkanlarından faydalanmaq üçün zəruridir", - deyə Andre Korrea do Lago vurğulayıb.

2025-ci il Paris Sazişinin qəbul edilməsinin 10 illiyi və iqlim fəaliyyətləri üçün həlledici onilliyin ortası olaraq dönüş nöqtəsidir. Bu il həm də Paris Sazişi məqsədlərinin tətbiqi mexanizmləri üçün önəmli bir mərhələdir. 2025-ci il iqlim dəyişikliyinə uyğunlaşmanı inkişaf etdirmək və Milli Uyğunlaşma Planlarını təqdim etmək üçün dönüş nöqtəsi olmalıdır.

Bu kontekstdə COP30, BMT-nin İqlim Konvensiyası çərçivəsində və xaricində iştirakçıları, prosesləri və mexanizmləri sistematik şəkildə əlaqələndirmək üçün unikaldır. Məqsəd - Paris Sazişinin əsas elementləri olan azaldılma, uyğunlaşma, maliyyələşmə, texnologiya və potensialın artırılması üzrə boşluqları aradan qaldırmaqdır. Bu da COP30-un "Cənub Xaçı" baxışına uyğundur.

COP30-a cəmi 7 ay qalmış tərəflərin iqlim ambisiyalarını və tədbirlərini sürətləndirmək üçün həlledici imkanı var. Kopenhagendəki bu yüksək səviyyəli görüş iqlim fəaliyyəti ilə bağlı səmimi və konstruktiv müzakirələr üçün platforma təqdim edir.

İki günlük görüş çərçivəsində plenar və bölmə iclaslarında iştirakçılar Bakı Həmrəyliyi Paktı və BƏƏ Konsensusu əsasında müəyyən edilmiş bir sıra əsas məsələlər - milli səviyyədə müəyyən edilmiş töhfələr, ədalətli keçid, maliyyələşmə, uyğunlaşma və dayanıqlılıq, eləcə də Qlobal Yekun İcmalın həyata keçirilməsi mövzusunda açıq və konstruktiv müzakirələr aparacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31