Açdım  gözlərimi  işığa yenə... Təranə Dəmirin şeirləri

Baş  açmadım ürəyimdən,

Dərdə, ələmə uduzdum.

Boyun əydim taleyimə,

Əydim, şələmə uduzdum.

Dərə, təpə, dağ dolaşdım,

Qismət gəzdim, baxt dolaşdım,

Yazdım başıma iş açdım,

Susdum, qələmə uduzdum.

Ömrün  başına dolandım,

Səbrin xoşuna  dolandım,

Eşqin   oduna  qalandım,

Söndüm,  külümə uduzdum.

Zaman  baxmadı sözümə,

Durdu  vaxt-bivaxt üzümə,

Bir quyu  qazdım özümə,

Düşdüm tələmə, uduzdum.

Qədərdən  qaça bilmədim,

Qərq  oldum heçə, bilmədim ,

Yolumdan keçə bilmədim,

Gedib gələnə uduzdum.

Baş açmadım ürəyimdən,

Dərdə, ələmə uduzdum.

Boyun əydim taleyimə,

Əydim, şələmə uduzdum.

**
 

Addım -addım  ölçürəm  şəhəri,

Kölgəm də  mənimlə addımlayır.

Ölçürəm adamları, yolları, maşınları,

Ağacları , binaları, səkiləri .

Qarğalar  məni addım  səslərimdən  tanıyır,

Kölgəmə  qaçır   yiyəsiz  küçə  itləri.

Başımın  üstündə  səma,

Ayağımın  altında  torpaq  yeriyir.

"Kimsə arxamca  danışır"-

Qulağım  cingildəyir.

Addım -addım  keçirəm  şəhərin  tarixini,

Küçələri , reklamları,

Afişaları,  heykəlləri, şəkilləri...

İçimdə  tutub  saxlayıram nəfəsimi,

Ürəyim  ovcumda  döyünür.

Gözümün qabağında

rəng  verib rəng  alır adamlar,

saxta  gülüşlərdən  diksinir

divarlar, daşlar,  ağaclar, quşlar.

Addım -addım  yeriyirəm  qaranlığın  üstünə,

Qürubun  şəkli  düşür  dənizə,

Nə yaxşı dəniz var..

**

Bir  payız  nağılıydı,

Ayrılıq qoxuluydu,

Sərsəmdi, yuxuluydu,

Gözümdə azdı  getdi,

Bu sevgi  göyərmədi.

Dərd  yoğurdu, qəm əkdi,

Yerdən, Göydən  nəm çəkdi,

Bir  didərgin  küləkdi,

Ruhumda əsdi getdi,

Bu sevgi  göyərmədi.

Bəlkə  də  sınaq  idi,

Tənəydi, qınaq  idi,

Bir   qəfil  qonaq  idi,

Xəzandan küsdü  getdi,

Bu sevgi  göyərmədi.

**
 

Min notda ağlatdı  duyğular  məni,

Ovundum  bir misra  baxışın  altda.

Göz yaşım  asıldı  kirpiklərimdən,

İslandım  bir  qərib  yağışın  altda,

Bir  vüsal  doğuldu   gözümdə  yenə.

Göynədi, duz  səpdim  yaramın  üstə,

Əl  atıb  yapışdım ağrılarımdan.

Söz-söz, heca-heca  axıb duruldum,

Sıyrılıb  qurtardım qorxularımdan,

Bir  vüsal  doğuldu  gözümdə  yenə.

Didib  parçaladım  tərəddüdləri,

Yolumun  üstündən    çəkildi  həsrət.

Güzarım  təzədən  sevgiyə  düşdü,

Təzədən  üzümə güldü  məhəbbət,

Bir  vüsal  doğuldu  gözümdə  yenə.

Bir  ümid  boy  atdı  əzablarımdan,

Bir  ocaq  qalandı külümdən, Allah.

Az qala  özümdən  yıxılacaqdım, 

Son anda  qayıtdım  ölümdən, Allah,

Bir  vüsal  doğuldu gözümdə yenə.

**

Qeybdən  bir səda  gəldi,

Kimsə  adımı çağırdı.

Yüyürdüm adıma sarı,

Büdrədim, durdum, yıxıldım,

Adıma çata  bilmədim.

Ürəyimi məşəl etdim,

Hamı yığıldı başına.

Hərə bir  daş atıb qaçdı,

Gücüm çatmadı daşıma,

Dadıma  çata bilmədim.

Əlim özümdən üzüldü,

Asılıb qaldım gümandan.

Ümid  etmədim  sabaha,

Qərq  oldum keçmiş  zamanda,

Vaxtıma  çata  bilmədim.

Sevgini dayazda tapdım,

Dərində  tapmadım, neynim.

Tanrını Göydə axtardım,

Yerində  tapmadım, neynim,

Baxtıma  çata  bilmədim.

**

Yanvar  yağışından asılıb qalıb iyundan qalan  arzular,

Üşüyür  bulud  evində.

Üstünü  şaxta örtüb, qırov basıb,

Didərgindi  yerlə göyün arasında.

Bir  himə bənddi çiliklənib tökülsün üzüaşağı  səma   yuvasından  .

Amma  qorxusu  yoxdu heç nədən --

nə yağışdan, nə  küləkdən..

Yanvarın  boğazında  ilişib qalacaq uzaqbaşı,

Şükür  hələ ki, diridi..

nə bilmək olar,

ölümlə olumun tən ortasında

bir də gördün gün çıxdı, buz əridi..

**

Gah  küləkdən, gah  yağışdan adlayıb,

Gah   enişdən, gah   yoxuşdan adlayıb,

Ürəyini  hərə bir cür odlayıb,

Ümidini  hərə bir cür qırıb  hey,

İçimdəki  qərib hey!

Göz  dikiblər  taleyinə , baxtına,

Od  vurublar "Ömür " adlı taxtına,

Həsrət  düşüb gözəl-göyçək  vaxtına,

Vüsalını  şaxta-sazaq  vurub hey,

İçimdəki  qərib  hey!

Doymayıblar  qeybətindən , qalından,

Qova -qova  döndəriblər  yolundan,

Yıxılanda  tutmayıblar  qolundan,

Addımbaşı  bir  xəyanət  görüb hey,

İçimdəki qərib hey!

Keçiriblər  min tənədən , qınaqdan ,

Min qarğışdan, min nifrətdən, min ahdan,

Yorulanda hayıf  çıxıb  varaqdan,

Heça-heça nəfəsini  dərib hey,

İçimdəki qərib hey!

**

Bu  külək  nə yaman dəli olubdu,

Neynirəm , əl çəkmir   telimdən , Allah.

Saçlarım  ovcunda  əsir kimidi,

Bir  xəta  çıxacaq əlindən , Allah.

Gah   göyə  uçurur , gah  tumar  çəkir,

Gah  dağıdıb tökür  , gah  hamar çəkir,

O da  məhəbbətin   belə  car  çəkir,

Qoparır  dünyanı yerindən , Allah.

Telimlə  sözlənib bu gün bu külək,

Bəzənib,   süstlənib  bu gün bu  külək,

Nə yaman  hirslənib  bu gün bu külək,

Qoymur  nəfəs  alım  dərindən, Allah.

Gah sevib  oxşayır mələk  diliylə,

Dəniz  dalğasıyla, çiçək diliylə ,

Saçımla  danışır külək diliylə ,

Baş aça bilmirəm dilindən, Allah.

Bu külək nə yaman dəli olubdu,

Asılıb qalıbdı telimdən ,Allah.

Saçlarım ovcunda  əsir kimidi,

Bir xəta çıxacaq  əlindən, Allah.

**

Ulduzlar  gecəyə, işıq   səhərə,

Ürək  məhəbbətə  qaçır  min ildi.

Vüsal  ayrılığa ,  göz  xəyanətə,  

Sevgi  itaətə  qaçır  min ildi.

Zaman hey  fırlanır  ömrün başına,

Nə bahar  dəyişir  yerini  , nə qış .

Sevinc də , kədər  də qoşa  yeriyir,

Küləyi  küləkdi, yağışı yağış.

Buludlar  səmadan asılıb qalıb,

Ağaclar  torpaqdan  yapışıb durub.

Dəniz qayalara  pənah  gətirib,

Dağlar   bir - birinə  sarmaşıb  durub.

Dəyişə bilməyib  yolunu heç nə,

Duman adətindən, sel adətindən.

Nə sazaq  yerini  günəşə    verib,

Nə Günəş  qalıbdı  hərarətindən.

**

Açdım  gözlərimi  işığa yenə,

Açdım  səhər  ilə qoşa , günaydın.

Günaydın  ötüşən qar  dənəsinə,

Başının üstəki qışa günaydın.

Sakitcə  zülməti soyundu ruhum,

Səhərin nurunda  yuyundu ruhum,

Günəş paltarını geyindi  ruhum,

Sarıldı  torpağa, daşa, günaydın.

Xəzəllər  təzədən   çiçəyə döndü ,

Ağaclar  huriyə, mələyə  döndü,

Xəyallar  arzuya, diləyə döndü,

Döndü  bir  qanadlı quşa, günaydın.

Sazağım sevindi, buzum sevindi,

Cığırım  sevindi,  izim sevindi,

İşığa düşdükcə gözüm sevindi,

Sevincdən  tökülən yaşa  günaydın.

Açdım  gözlərimi  işığa yenə,

Açdım səhər ilə qoşa ,günaydın.

Günaydın   ötüşən  qar  dənəsinə,

Başının üstəki  qışa ,günaydın.

**

Bu yol  neçə qışdan , bahardan keçib,

O dərədən    keçib  , bu  yaldan  keçib,

Neçə ayrılıqdan , vüsaldan keçib,

Nələrdən  keçməyib yol olanacan?

Vurub dağa, daşa  özünü  gəzib,

Çəkib yerin, göyün  nazını  , gəzib,

Heç vaxt  qatlamayıb  dizini  , gəzib ,

Dolanıb  özünə  sarılanacan.

Uzana -uzana incəlib bu yol,

Döyülə -döyülə dirçəlib bu yol,

Elə  ayaq  üstə  dincəlib bu yol,

Yüyürüb nəfəsi  daralanacan.

Belində  nə qədər yükü  var ,Allah,

Günahı , əzabı  , görkü  var, Allah,

Bu yol  ağrı   çəkib o ki var , Allah

Özünə yol tapıb, yol alanacan.

**
 

"Natəvan" haqda  düşündüklərim..

Şairi addım səslərindən tanıyar,

Rəngli -rəngli yalanları eşitdikcə rəng verib rəng alar,

Susqunluğunda  bir nida  var,

Qapısı  alqışa , pəncərəsi  qaranlığa  açılar.

Balaca işıq  gördümü ,

gözləri gülər,

Ürəyindən keçənləri bir  Göydəki, bir də  özü bilər.

Çəpik  səslərinə diksinər xəyalları,

Ayağı  yer tutsa yüyürər  azadlığa sarı.

Bir yanda Xan qızı Natəvanın xatirəsi,

Bir  yanda ordenli ,medallı  adamların  söz hikkəsi.

Burda  adamın üzünə durar

söz oğurlayıb söz satanlar,

Boğazdan  yuxarı "Vətən " şeirlərində  sevgidən başqa  hər şey  var.

**

Addımlayıram  tütün qoxuyan  küçəni  üzü  dənizə sarı

Başımda   külək , ayağımda  payız  ,  xəyalımda  bahar.

Ağaclar  da  yeriyir mənimlə  , binalar  da .

Yanımda  dolaşır   rəngli -rəngli  adamlar ,

dodaqlarında  qeybət , yerişində əda, qollarında  təklik, gözlərində nida,

Çiyinlərində  çanta, barmaqlarında   mesaj ,  baxışlarında giley-güzar.

Hamısı  yorğun, hamısı  nigaran,

Hamısı  yarımçıq, hamısı natamam..

Bəziləri Göyündən, 

Bəziləri  yerin dibindən       baxır adama.

Bəziləri  əynindən , başından,

bəziləri  cibindən baxır  adama.

Yazığım  gəlir  şəhərə, küçəyə,

Bahara, özümə , küləyə....

**

İndi  adamlar yox ,yollar darıxır,

Ağaclar, çiçəklər, yarpaqlar,  tikanlar, kollar darıxır.

İndi həsrət əsir  zamanın başı üstə,

Ayrılıqlar  uzanıb gedir  liman -liman, qatar-qatar..

Daş ömrü  yaşayır  bütün dünya,

Hara baxırsan  daşdı.

Ürəklər daş , küçələr daş,

Binalar daş , hasarlar daş.

Başına daş yağır,

Yoluna daş çıxır, üzünə daş baxır.

İndi adamlar  yox, xəyallar  darıxır,

İçində məhəbbət, saçında   sığal,  ruhunda bahar .

Hərdənbir   naguman  sevdalar doğulur,

Boğazında  ip, baxışında tərəddüd, qolunda  qandal.

Üzü qışa gedir bütün arzular,

Başında qovğa, dilində külək,

Gözündə yağış,əynində sazaq.

İndi  adamlar  yox,   kitablar  darıxır,

Arasında  yalın -yalavac  misralar,

Nöqtələr, nidalar ,suallar...

**

Hərdən küsər qafiyələr adamdan,

Misra -misra , heca- heca ağlayar.

Düşüb sınar  o bacadan, bu damdan,

Ağrısını  quca-quca  ağlayar.

Gah arzudan , gah  həvəsdən yıxılar,

Gah baxışdan, gah  nəfəsdən yıxılar,

Gah  o səsdən , gah  bu  səsdən yıxılar,

Sözdən  sözə  keçə -keçə ağlayar.

Sevdalanar , qış qapını kəsdirər,

İnadlaşar , "kaş" qapını kəsdirər,

Xəyalları    sətir-sətir  gəzdirər,

Heç nə tapmaz, durub  heçə ağlayar.

Gözə  girər  varaq -varaq  şeirlər,

Sınıq - salxaq  , yüngül  -yaraq  şeirlər,

Gündüz sərsəm, gecə oyaq  şeirlər

Uçan vaxta, gedən  köçə ağlayar.

**

Nə ağırmış ömür  boyu, İlahi

O baxışdan, bu baxışdan yıxılmaq.

Qismətinə , taleyinə  qul olub,

O naxışdan , bu naxışdan yıxılmaq.

Baxarsan ki, ürəyini  dərd yeyib,

Öz  bəxtini   öz içindən qurd  yeyib,

Ağır  dərddi  duasında   kiriyib ,

O alqışdan,  bu alqışdan yıxılmaq.

Nə danışsan , hardan keçsən söz  olur,

Aləm dəyir bir birinə ,   toz  olur,

Payız  vaxtı  yenə dərdin az olur,

Çox  çətindi  qarlı qışdan yıxılmaq.

Göz yaşında  boğulmağa  nə var ki,

Ölüb , bir  də doğulmağa  nə var ki,

Dağdan , daşdan yıxılmağa nə var ki,

Yaman şeydi aldanışdan yıxılmaq.

**

Bu bahar  ayrı  donda gəldi  ömrümə ,neynim

Ürəyimin özümdən küsən çağında  gəldi.

Gözlərimin  kədərə , qəmə  susayan vaxtı,

Saçımda  ayrılığın  süsən  çağında  gəldi,

Darıxdım.

Bu bahar  çiçəkləri  könlümü  oxşamadı,

Baxışlarım  gəzmədi  çəmənin , çölün üstə.

Ürəyimdən  keçmədi   bahara   sevdalanmaq, 

Durnalar  qayıtmadı  geriyə  dəstə-dəstə,

Darıxdım.

Pəncərəmə qonmadı bir  sərçə  təbəssümü,

Məni  salamlamadı  qaranquşlar  bu bahar.

Günəşin  şəfəqləri  isitmədi  könlümü,

Ayağımı yol  yordu,  ürəyimi  intizar ,

Darıxdım.

Bu bahar  ayrı  rəngdə qayıtdı  mənim üçün,

Bu bahar  ümidlərim göyərmədi nədənsə.

Həsrətimə  bələndi küsəyən   şeirlərim,

Hamı bahara  açdı  qapısını ,  mən isə

Darıxdım.

Təranə  Dəmir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31