Vərəsəlik münasibətləri və tənzimlənmə. Hüquqlar, vəzifələr, öhdəliklər
11:44 SosialHüquqi dövlətin əsas vəzifəsi insan hüquqlarına əsaslanmaq, bu hüquq və azadlıqları qorumaq və möhkəmləndirmək, hərəkət və davranışların qanuna uyğun olmasını, hər bir sahədə ədalətli hüquq qaydasının qurulmasını və inkişaf etdirilməsini təmin etməkdir. Hüququn ümumbəşəri prinsiplərinə hörmət etmək hüquq dövləti olmağın tələbidir. Əldə edilmiş hüquqlara hörmət prinsipi də hüququn ümumi prinsiplərinə və qanunun aliliyi anlayışına daxildir. Bu prinsipin əsas məqsədi şəxsin hüquqi təhlükəsizliyini təmin etməkdir. Dövlət təminatı altına alınan əsas hüquqlardan biri də mülkiyyət hüququdur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin I hissəsi, 29-cu maddəsinin I və II hissələri).
Mülkiyyət hüququ fərdin əşya üzərindəki hakimiyyət səlahiyyətini təminat altına almaqla, bir tərəfdən fərd üçün heç kəsin müdaxilə edə bilməyəcəyi xüsusi sahə yaradır, digər tərəfdən fərdin əməyinin qarşılığı olan əşyasını təminat altına almaqla ona həyatını yönləndirmək və gələcəyini istədiyi kimi şəkilləndirmək imkanı verir. Ona görə də fərdin azadlığı ilə mülkiyyət hüququ arasında sıx əlaqə vardır. Şəxsi mülkiyyətin davamlılığı isə vərəsəlik institutunun varlığına bağlıdır. Belə ki, vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyi-nəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bilmək imkanını ifadə edir. Bu iki element bir-birini tamamladıqda və yalnız birlikdə vərəsəlik konstitusion hüququn tərkib əlamətlərini yaradar.
Azərbaycan Respublikası Konstitusiyası vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" 2021-ci il 8 yanvar tarixli Qərarında qeyd edilmişdir ki, mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malik olmaqla yanaşı, öz övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Mülkiyyətçinin bu cavabdehliyi onun ölümündən sonra vərəsəlik hüququnda öz təsbitini tapmış mirasda məcburi pay institutu ilə təmin edilmiş olur. Bu zaman yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə miras qoyanın iradəsindən asılı olmayaraq mirasda məcburi pay ayrılır. Beləliklə, qanunverici mirasda məcburi pay institutunu təsbit etməklə, ailə münasibətlərini bir ailə üzvünün düşünülməmiş, digər ailə üzvlərinin mənafelərini nəzərə almadan, bununla da etibarlı və sağlam ailə münasibətlərinə və təminatına zərər verə bilən qərarından qorumaq məqsədi daşıyır.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də Marks Belçikaya qarşı iş üzrə 1979-cu il 13 iyun tarixli qərarında göstərmişdir ki, vəsiyyətdən kənar vərəsəlik və yaxın qohumlar arasında sərəncam məsələləri ailə həyatı ilə sıx bağlıdır. Ailə həyatı təkcə sosial, əxlaqi və ya mədəni əlaqələri əhatə etmir (məsələn, uşaqların təhsili sahəsində), buraya həmçinin, digər məsələlərlə yanaşı, alimentlə bağlı öhdəliklər və Razılığa gələn Dövlətlərin əksəriyyətinin daxili hüquq sistemlərində nəzərdə tutulmuş mirasın qorunan hissəsi kimi maddi xarakterli təminat və maraqlar da daxildir.
Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar və Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair konstitusiya təminatına da xələl yetirmiş olur.
Avropa Məhkəməsinin presedent hüququna əsasən, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyaya dair 1 saylı Protokolun (bundan sonra - Konvensiyaya dair 1 saylı Protokol) 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə xas olan "ədalətli balans" prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında "ədalətli balans" gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük Palatanın Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Böyük Palatanın Skordino İtaliyaya qarşı iş üzrə 2006-cı il 29 mart tarixli Qərarı, § 93).
Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında qeyd etmişdir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir.
Vəsiyyət üzrə vərəsəlik zamanı miras qoyan şəxs əmlakını kimə vəsiyyət etməsindən asılı olmayaraq, onun həyat yoldaşının, uşaqlarının və valideynlərinin mirasda məcburi payı vardır. Məcburi pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısı miqdarında olmalıdır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, vərəsəlik dedikdə, ölmüş şəxsin hüquq və vəzifələrinin vərəsəlik hüquq normaları əsasında vərəsələrə keçməsi başa düşülür. Ancaq əksəriyyət ölümdən sonra topladığı sərvətin, əmlakın aqibəti barədə düşünür və düşünməlidir də. Buna görə də, vərəsəlik, yəni mirasın bölüşdürülməsi məsələsi ilə tez-tez qarşılaşırıq.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527-ci maddəsinə müvafiq olaraq vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir.
Azərbaycan Respublikasının mülki qanunvericiliyində mirasda məcburi pay anlayışına müxtəlif yanaşmalar olmuş və fikrimizcə bu yanaşma istər "mülkiyyət hüququ"nun mahiyyətinə münasibətdə, istərsə də məhkəmə təcrübəsində problemlər yaradılmasına və hakimlər üçün rüşvət mənbəyinə çevrilməsinə münasibətdə mənfi istiqamətə doğru inkişaf etdirilmişdir.
Azərbaycan SSR-nin 16 iyun 1923-cü il tarixli Mülki Məcəlləsinin 492-ci maddəsinin 2-ci hissəsinə əsasən, "Vəsiyyət edən özünün tam yaşa dolmayan uşaqlarını və əməyə bacarığı olmayan digər vərəsələrini, qanun üzrə onlara çatası paydan məhrum edə bilməz".
Azərbaycan Respublikasının 11 sentyabr 1964-cü il tarixli Mülki Məcəlləsinin 538-ci maddəsinə əsasən, "Miras qoyanın həddi-büluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın) üçdə iki hissədən az olmayan hissəsini alırlar. Məcburi payın miqdarı müəyyən edilərkən adi ev avadanlığı və məişət predmetlərindən ibarət olan əmlakın dəyəri də nəzərə alınır".
Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən, "Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir".
Bu maddələrin məzmunundan göründüyü kimi, sonuncu, yəni bu gün qüvvədə olan 28 dekabr 1999-cu il tarixli Məcəlləyə qədər, qanunverici mirasda məcburi pay hüququnu həmin payı qəbul edəcək vərəsələrin "həddi-buluğa çatmamaları (tam yaşa dolmamaları), əmək qabiliyyəti olmamaları (əməyə bacarığı olmaması) və himayədə olmaları" ilə əlaqələndirmişdir. Fikrimizcə, bu tamamilə düzgün bir mövqedir. Təəssüflər ki, 28 dekabr 1999-cu il tarixli yeni mülki məcəllə qəbul ediləndə mirasdan məcburi pay almanın zəruri əsasları aradan qaldırılmış və hər bir qanuni vərəsə üçün istənilən halda "vərəsəlik zamanı onlara çatası payın yarısı" qədər olsa da, vərəsəlik hüququ tanınmışdır. Bununla da, əslində, vəsiyyət etmə hüququ haqsız olaraq məhdudlaşdırılmış, mülkiyyətçinin - miras qoyanın mülkiyyət hüquqları əsassız olaraq pozulmuşdur.
Əgər şəxs sağlığında özünə məxsus əmlakın bölüşdürülməsi ilə bağlı vəsiyyətnamə tərtib etməmişsə, o öldükdən sonra miras qalan əmlakın bölgüsü qanun üzrə vərəsəlik formasında həll olunur. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, ər və ya arvad, valideynlər, həmçinin övladlığıa götürülənlər bərabər pay hüquqlu vərəsələr sayılırlar. Hətta nikahdankənar doğulmuş uşaqlar da ölmüş atanın vərəsəsi sayılırlar. Bir şərtlə ki, atalıq qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş olsun. Birinci növbəli vərəsələr olmadıqda digər qohumlar vərəsə kimi tanına bilərlər. Lakin birinci növbəli vərəsələrdən birinin olması digər qohumların vərəsə kimi tanınmasından imtina edilməsi üçün əsasdır. Ümumiyyətlə, ər və arvad nikah dövründə əldə edilmiş əmlakın birgə mülkiyyətçisi sayıldığına görə onlardan biri vəfat edərkən yalnız vəfat edənin payına düşən əmlak miras kimi bölüşdürülə bilər.
Əgər şəxs vəfat etməmişdən əvvəl öz əmlakını vərəsələrə və ya kənar adamlar sırasından bir və ya bir neçə şəxsə vəsiyyət edərsə, bu zaman şəxsin ölümündən sonra miras vəsiyyət üzrə vərəsəlik qaydasında bölüşdürülür. Vəsiyyətnamə sadə yazılı formada və notarial təsdiq edilmiş formada tərtib edilə bilər. Əgər şəxs bir neçə vəsiyyətnamə tərtib etmişdirsə, bu zaman notarial formada təsdiq edilmiş etibarnaməyə üstünlük verilir.
Vəsiyyət üzrə vərəsəlik zamanı miras qoyan şəxs əmlakını kimə vəsiyyət etməsindən asılı olmayaraq, onun həyat yoldaşının, uşaqlarının və valideynlərinin mirasda məcburi payı vardır. Məcburi pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısı miqdarında olmalıdır.
Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna ərizə ilə müraciət edərək mirası qəbul edə və ya mirasın qəbulundan imtina edə bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Mirasın qismən qəbul edilməsinə, və ya qismən ondan imtina edilməsinə yol verilmir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mirası qəbul etmiş şəxsə mirasın açıldığı gündən altı ay keçdikdən sonra vərəsəlik şəhadətnaməsi verilir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd edilmiş şəxsin əldə etdiyi hüquqları göstərilir. Şəhadətnamədə bütün övladlar yazılmalı və onlar vərəsə kimi göstərilməlidir. Əgər hansısa övlad (bacı yaxud qardaş) vərəsəlik şəhadətnaməsi aldığı zaman digər uşağı (ayrı yaşayır deyə) göstərmirsə, bu, qanunsuzluqdur. Bu hal digər övlada sonradan məhkəmə mübahisəsi açmağa haqq verir.
Qeyd edək ki, həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsəlik mümkün deyil. Bu halda bu növ vərəsəlik qanun üzrə vərəsəlik adlandırılır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 548-ci maddəsinə müvafiq olaraq vəsiyyət edən istənilən vaxt əvvəl tərtib etdiyi vəsiyyətnaməni dəyişdirə və ya ləğv etdirə bilər. Vəsiyyətnamənin ləğvi və ya dəyişdirilməsi isə yeni vəsiyyətnamə tərtib etmək yolu ilə olur.Vərəsəlik açıldıqda qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən, övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. İkinci növbədə ər-arvad, valdeynlər, bacı-qardaş durur. Üçüncü növbədə nənələr, babalar dayanır. Dördüncü növbədə xala, dayı, bibi, əmi, beşinci növbədə isə dayı, xala, bibi, əmi uşaqları varis sayıla bilər.
Əgər ölən şəxsin birinci növbəli qohumu yoxdursa, varislik avtomatik olaraq növbəti qohuma keçir".
Miras qoyan şəxsin nəvə və nəticələri də vərəsə ola bilərlər, lakin: "Onlar bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun, yəni onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə ölənin bacı-qardaşları, habelə onun həm ata, həm də ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi vərəsə olurlar. Qanunvericiliyə görə, miras iki formada əldə edilə bilər: miras açıq elan edildikdən sonra notariat kontoruna ərizə ilə müraciət etməklə və mirası faktiki idarə etməklə. Vərəsə həmin iki haldan biri ilə mirası qəbul etmirsə, ona pay çatmır. Baxmayaraq ki, o qanuni vərəsə hesab olunur. Bundan başqa, vəsiyyət edən vəsiyyətnamədə qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vərəsəlik hüququndan məhrum edə bilər.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbinə əsasən vəsiyyət edən istənilən vaxt əvvəl tərtib etdiyi vəsiyyətnaməni dəyişdirə və ya ləğv etdirə bilər. Vəsiyyətnamənin ləğvi və ya dəyişdirilməsi isə yeni vəsiyyətnamə tərtib etmək yolu ilə olur.
Hüquqda vərəsəliyin iki növü mövcuddur: Qanun üzrə vərəsəlik və vəsiyyət üzrə vərəsəlik. Qanun üzrə vərəsəlik odur ki, bu növ vərəsəlik zamanı ölən şəxsin əmlakının, hüquq və vəzifələrinin keçdiyi şəxslərin dairəsi qanunun özü ilə müəyyənləşir və Yəni, ölən şəxsin heç bir arzu və niyyəti məlum deyilsə, bu zaman qanun üzrə vərəsəlik tətbiq edilir. Vəsiyyət üzrə vərəsəlik isə odur ki, bu vərəsəlik zamanı ölən şəxsin əmlakı, hüquq və vəzifələri onun hələ sağlığında etdiyi vəsiyyətdə göstərilən şəxslərə keçir. Ancaq hüquqda məcburi pay anlayışı da vardır ki, ölən şəxsin vəsiyyətinin olub-olmamasından asılı olmayaraq, mirasdan qanun əsasında pay alacaq şəxslər vardır. Ümumiyyətlə, məcburi pay dedikdə, mirasın elə bir hissəsi başa düşülür ki, məcburi vərəsələr vəsiyyətnamənin vasitəsi ilə bu paydan məhrum edilə bilməz və əgər vəsiyyətnamə ilə məcburi vərəsələr məcburi pay almaq hüququndan məhrum edilərsə, onda vəsiyyətnamənin həmin hissəsi etibarsız sayılacaqdır. Məcburi vərəsələr də 5 dərəcəyə bölünür.
Azərbaycan RespublikasıMülki Məcəlləsinin 1193-cü maddəsi ilə ailə birliyinin və maraqlarının qorunmasına xidmət edən mirasda məcburi pay institutu vasitəsi ilə birinci növbə qanun üzrə vərəsələrin vərəsəlik hüquqları miras qoyanın ölümlə bağlı sərəncamlarına qarşı təminat altına alınmış, onun belə sərəncamlarla ən yaxın ailə üzvlərini vərəsəlik hüququndan tamamilə məhrum etməsinin qarşısı alınmışdır. Məcburi pay, adından da göründüyü kimi "məcburilik" xüsusiyyəti ilə təmin olunaraq miras qoyanın birinci növbə qanun üzrə vərəsələrinin miras əmlakdan istisna edilə bilməyəcək şəkildə və ehtiyacdan asılı olmayaraq minimum həcmdə ayrılan miras hissəsidir.
Qanunvericiliyə əsasən məcburi pay almaq hüququ olan vərəsənin onu qəbul etməkdən imtina etdiyi halda onun payının vəsiyyət üzrə vərəsələrə keçməsi (Mülki Məcəllənin 1202.1-ci maddəsi), məcburi pay almaq hüququndan məhrumetmənin, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkün olması (Mülki Məcəllənin 1203.1-ci maddəsi) kimi müddəaların mövcudluğu da qanunvericinin məcburi payı digər vərəsəlik növlərindən, qanun üzrə vərəsəlikdən fərqlənməyən, əksinə onun toxunulmaz hissəsi kimi müəyyənləşdirdiyini göstərir. Bu səbəbdən də Mülki Məcəllənin 1255-ci maddəsinə uyğun olaraq miras əmlak mirasın açıldığı gündən digər vərəsələr kimi məcburi pay sahibi vərəsələrin də mülkiyyəti sayılır. Məcburi payı tələb hüququ kimi qiymətləndirən hüquq tətbiq edənlərin öz mövqelərini əsaslandırdığı Mülki Məcəllənin 1194-cü maddəsinə əsasən, məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər.
Bununla bağlı nəzərə alınmalıdır ki, mirasın açılması ilə miras əmlakı təşkil edən maddi dəyərlər vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçsə də, yəni həmin əmlak üzərində vərəsələrin, həmçinin məcburi pay sahibi vərəsələrin hüquqları yaransa da, bu hələ payların müəyyən edilməsini, mirasın bölüşdürülməsini, payların ayrılıb vərəsələrə verilməsini ifadə etmir.
Məcburi pay hüququ olan şəxslər miras qoyanın vəsiyyəti əsasında qanun üzrə vərəsəlikdən məhrum olarlarsa, mirasın açılması anından onların öz məcburi paylarının verilməsini digər vərəsələrdən tələb etmək hüququ yaranır və bu hüququn pozulması halında onun müdafiəsi qaydası digər vərəsəlik növləri üzrə pozulmuş hüquqların müdafiəsi qaydasından fərqlənmir.
Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair" 2014-cü il 22 aprel tarixli Qərarında da göstərmişdir ki, miras əmlakdan vərəsələrə çatası pay, o cümlədən məcburi pay miras açıldıqdan sonra müəyyən edildiyinə görə, həmin payı tələb etmək hüququ da miras açıldıqdan sonra həyata keçirilir.
Bununla yanaşı, qanunvericiliyin məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələrin birgə borclu kimi çıxış etməsinə dair müddəası ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, həmin maddədəki "birgə borclu" anlayışı Mülki Məcəllənin 500-cü maddəsi ilə tənzimlənən birgə borcluluğu özündə ehtiva etmir. Belə ki, Mülki Məcəllənin həmin maddəsinə əsasən, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Məcburi pay sahibi vərəsələr öz paylarının bütövlükdə və ya pozulmuş hissəsini hər hansı vərəsədən təkbaşına deyil, digər vərəsələrdən hər birinin payına mütənasib hissədə tələb edə bilər.
Miras əmlak vərəsələrin vərəsəlik hüququnu təsdiq edən sənədin (vərəsəlik şəhadətnaməsinin) alınması məcburi olan hallarda isə notarial bölgü yolu ilə bölüşdürülür. Bu bölgüdən yalnız iki şərt olduqda istifadə olunur: vərəsələr arasında miras əmlakın bölüşdürülməsi barədə mübahisə olmamalı, mirasa elə bir əmlak daxil olmalıdır ki, bu əmlakın əldə edilməsi notariat ofisinin vərəsəlik şəhadətnaməsi olmadan qeyri-mümkün olsun.
Miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur (Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair" 2021-ci il 26 iyul tarixli Qərarı).
Mirasda məcburi pay sahibi vərəsəliyin qanun üzrə vərəsəliyin toxunulmaz hissəsi olması qanunvericiliyin miras əmlakın böldüşdürülməsi ilə bağlı normalarının məcburi pay hüququ olan şəxslərə münasibətdə də tətbiq edilməsinə əsas verir. Məcburi pay hüququna malik vərəsələr öz məcburi paylarının həcminə mütənasib olaraq mirasa daxil olan bu və ya digər əmlakın onlara verilməsi, yaxud əmlakın bir miras şərikinə verilib, digərlərinə kompensasiya ödənilməsi və s. ilə bağlı digər vərəsələrlə qarşılıqlı razılıq əldə edə, belə razılıq olmadıqda isə miras əmlakın qanunvericiliyin tələblərinə uyğun olaraq bölüşdürülməsi üçün məhkəməyə müraciət edə bilərlər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair qəraı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş , Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş və Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Mirasın ədalətsiz bölgüsü ilə rastlaşmamaq üçün, eləcə də mirasın varislərin adına istisnasız olaraq rəsmiləşdirilməsi üçün bu sahədə xüsusi bilik və təcrübəyə malik vəkilə müraciət edin.
Rövşən Qasımov
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü , Bakı Şəhər 20 saylı Vəkil Bürosunun Vəkili