Azərbaycan mətbuatı özünün yüksəliş mərhələsini yaşayır

İstiqamət: Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

Müstəqillik əldə etdiyi gündən demokratik dövlət quruculuğu yolunu tutan Azərbaycanda  fikir, söz və məlumat azadlığı istiqamətində çoxsaylı tədbirlər həyata keçirilib. Etiraf edilməlidir ki, bu istiqmətdə atılan addımlar kifayət qədər uğurların əldə edilməsinə səbəb olub. Artıq ölkəmizdə demokratiyanın vacib elementlərindən biri kimi söz, mətbuat azadlığının təmin olunması, azad mətbuatın inkişafı prioritet istiqamətlərdən birinə çevrilib. Lakin  müstəqilliyimizin ilk illərinə nəzər salsaq həmin dövrdə ölkədə xaos, anarxiya, özbaşınalığın hökm sürdüyünü görərik. Bu vəziyyət, digər sahələr kimi, mətbuata da öz təsirini göstərirdi. Söz, fikir azadlığı boğulur,  jurnalistlər fiziki və mənəvi təzyiqlərə məruz qalırdılar. Belə bir çətin şəraitdə hakimiyyətə gələn mərhum Heydər Əliyev müstəqil mətbuatın inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək bu sahəyə də diqqətini əsirgəmədi. 1998-ci ildə senzuranı ləğv etməklə azad, müstəqil KİV-lərin inkişafı üçün geniş imkanlar açan Ulu Öndər, imzaladığı sərəncamlarla informasiya bolluğunun yaradılmasının təməlini qoydu. Ölkədə xeyli sayda müstəqil mətbu orqan və informasiya agentliklərinin, elektron media subyektlərinin, jurnalist qurum və birliklərinin, bu sahəni əhatə edən qeyri-hökumət təşkilatlarının azad fəaliyyət göstərməsi üçün zəruri imkanlar yaradıldı.
Bu gün Ulu Öndərin mətbuat və söz azadlığı sahəsindəki mütərəqqi siyasəti  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün hərtərəfli şərait yaradılır. Söz və mətbuat azadlığını yüksək qiymətləndirən ölkə Prezidenti demişdir: "Bütövlükdə söz və informasiya azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir. Söz və informasiya azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdir. Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçmişdir".
Qətiyyətlə demək olar ki, hazırda  ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür. Kütləvi informasiya vasitələrində fikir demək, hadisələrə münasibət bildirmək üçün qeyri-məhdud imkanlar vardır. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Konstitusiyasında informasiya azadlığı və onun təmin olunması dövlətimizin ali məqsədlərindən biri kimi təsbit edilmişdir. Onu da xatırladaq ki, bu il  Azərbaycan milli mətbuatının 150 illik yubileyi geniş şəkildə keçiriləcək. Artıq Prezident İlham Əliyev  Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncam da imzalayıb. Sərəncamda qeyd olunur ki, "Əkinçi"dən sonra onun ənənələrini davam etdirən çoxsaylı nəşrlər dövrün vətənpərvər ziyalılarını, maarifçilərini eyni məslək ətrafında birləşdirərək, milli oyanış prosesinin aparıcı vasitələrindən biri kimi, ümummilli məqsədlərin gerçəkləşməsində mühüm rol oynamışlar: "Keçən yüzilliyin sonlarında xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizdə söz və məlumat azadlığının, fikir plüralizminin və digər demokratik dəyərlərin bərqərar olması üçün etibarlı zəmin yaratdı. Heydər Əliyev medianın inkişafını prioritet vəzifələrdən biri hesab etmiş, onun fəaliyyətini tənzimləyən qanunvericilik bazasının formalaşdırılması, inkişafını əngəlləyən süni maneələrin aradan qaldırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl qərarlar qəbul etmiş, dövlət-media münasibətlərində mütərəqqi ənənələrin əsasını qoymuşdur".

"Yeniavropa.az" saytının rəhbəri Səlim Balayev qeyd edib ki, Həsən bəy Zərdabinin əsasını qoyduğu, 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 nömrəsi çıxan "Əkinçi" qəzeti millətin aynası oldu, Azərbaycan jurnalistikasının təməl prinsiplərini yazdı və bu gün də tarixi məktəb rolunu oynayır: "Ölkədə ilk mətbu orqanın-əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş "Əkinçi" qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. "Heç olmaz ki, doğru söz yerdə qalsın" deyən Həsən bəy Zərdabi el-obanın zülmət içində boğulduğu bir vaxtda ona əl uzatmaq, onun yolunu elm, maarif çırağı ilə işıqlandırmaq, doğru yol göstərmək üçün "Əkinçi"ni yaratdı. "Əkinçi" Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoydu. 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 nömrəsi çıxan Əkinçi" millətin aynası oldu, Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi. Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr edilən "Ziya", "Kəşkül", "Şərqi-rus", "İrşad", "Molla Nəsrəddin" kimi qəzet və jurnallar "Əkinçi"nin ənənələrini davam etdirdi. "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan jurnalistikası müxtəlif dövrlərdə ağır sınaqlara məruz qaldı, amma milli dilin yaşaması naminə hər çətinliyə dözdü və tutduğu şərəfli yoldan dönmədi.
Ötən illər ərzində Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynadı. 1998-ci ilin avqustunda ümummilli lider Heydər Əliyev tərəfindən senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verdi. Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşayır. Bu yeni inkişaf dövrünün təməlini qoyan Ulu Öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib.
Bu gün müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Vergi azadolmalarının tətbiqi, qəzet və jurnallar üçün əlavə dəyər vergisinin aradan qaldırılması, jurnalistlərə güzəştli ipoteka kreditindən yararlanmaq hüququnun verilməsi və digər tədbirlər informasiya resurslarının iqtisadi müstəqilliyinin gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində görülən işlərin davamlılığını təmin edir. Məhz bunun nəticəsidir ki, bu gün mediamız Azərbaycanın tərəqqisi və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirib, rəqabət qabiliyyətini artırır.
Prezident İlham Əliyevin də dediyi kimi, müasir dövr Azərbaycan mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə, effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak və s. mediamızın inkişaf perspektivini və qarşıdan gələn dövrdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək məsələlərdir. Heç şübhə yoxdur ki, mediamız bundan sonra da  müasir tendensiyaları nəzərə almaqla Azərbaycanın dövlət maraqlarını həmişə uca tutacaq, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, həyatımızda baş verən pozitiv dəyişikliklər ilə bağlı ictimaiyyətimizin məlumatlandırılması sahəsində daha fəal rol oynayacaqdır". 

Jurnalist, siyasi şərhçi Mürtəza Bünyadlı bildirib ki, Azərbaycan mediasında söz və fikir azadlığı daim əsas prinsiplərdən olub: "Bu il milli mətbuatımızın yaranmasından 150 il keçir. Keçən tarixə nəzər salsaq görərik  ki, mətbuatımız bu müddət ərzində inkişaf edərək  istər  ölkəmizə qarşı olan təhdidlərin, təhlükələrin, düşmən təbliğatlarının  qarşısının alınmasında, istər milli dəyərlərimizin  təbliğində, istərsə də ölkəmizin inkişaf edərək beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasında özünəməxusus rolu olub.  Müasir dövrümüzdə dünyada hibrid  informasiya savaşlarında medianın rolu danılmazdır. Medianın müasir dövrümüzdə qlobal informasiya və hibrid savaşlarda rolu getdikcə daha da artdığından, bu sahə daima ölkə rəhbərliyinin diqqət və nəzarətindədir. Bu gün əminliklə qeyd etmək olar ki, Azərbaycan mediası dünya mediası ilə rəqabətə girəcək gücdədir. Ölkə başçısı mediaya hər zaman böyük diqqət və qayğı göstərib. Bu sahənin inkişafı üçün xüsusi  institutlarla yanaşı, bu sahədə çalışanların  əməyinin qiymətləndirilməsi, sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə çoxsaylı işlər görülüb və görülməkdədir. Milli Mətbuatımızın 150 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin imzaladığı sərəncam isə Azərbaycan mediasına verilən yüksək dəyərin və jurnalistika sahəsində çalışanlara göstərilən hörmətin açıq təzahürüdür. Ölkə başçısının Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə imzaladığı sərəncam həm medianın madidi-texni bazasının inkişafına, həm media sahəsində çalışanların  sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına,  həm də söz  və fikir azadlığının qorunmasına və mətbuatın inkişafına ciddi önəm verir. Sərəncamdan irəli gələn tədbirlər, proseslər Azərbaycan jurnalistlərini bir daha sevindirəcək və həm sosial rifah sahəsində, həm də peşəkar inkişaf baxımından yeni imkanlar açacaq. Bir daha qeyd etmək istərdim ki, Prezident İlham Əliyevin liderliyi altında milli mediamız dövrün tələblərinə  uyğun olaraq təkcə ölkə daxilindəki məsələlərə  deyil, eyni zamanda son dövrlərdə  milli təhlükəsizliyimizə təhdid  yaradan hibrid və informasiya savaşlarına çevik reaksiya verə biləcək  gücə çevriləcək".

Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31