Bakıdan İrəvana mühüm mesaj – Prezidentin köməkçisi açıqladı
14:24 SiyasətBunu Qətərdə keçirilən "Doha Forumu"nda Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan üçün müharibə və münaqişə bitib.
Onun sözlərinə görə, sülh rifah yaratmalı, inkişaf təmin etməli, Cənubi Qafqazın bütün geosiyasi mənzərəsini dəyişməlidir.
Bu aspektdə xalqlar arasında etimadın önəmli olduğunu vurğulayan Hikmət Hacıyev bildirib ki, Azərbaycan sülhü əbədi, davamlı və geri dönməz etmək istəyir:
"Bunun üçün çox çalışmalıyıq. Bilirik ki, bəzən sülhü pozmaq istəyən qüvvələr ola bilər. Biz elə regional təhlükəsizlik arxitekturası qurmalıyıq ki, sülhə qarşı bütün mənfi meyllərə tab gətirsin. Bunun üçün əvvəlcə hökumətlər arasında etimad lazımdır. Məmnuniyyətlə deyə bilərəm ki, Ermənistan və Azərbaycan hökumətləri arasında etimad elementləri formalaşır. Bu, mühüm təməldir. Amma daha önəmlisi xalqlar arasında etimaddır. Biz xalqlarımızı sülhə hazırlamalıyıq.
Azərbaycanın mesajı həmişə belə olub ki, biz sülh sazişini yalnız Ermənistan hökuməti ilə imzalamaq istəmirik, həm də Ermənistan xalqı ilə imzalamaq istəyirik ki, gələcək nəsillər də bunun faydasını görsün. Biz etimad quruculuğu tədbirləri üzərində işləyirik. Bilirik ki, bu çətindir. Cəmiyyətimizdə yaralar hələ təzədir, 30 illik münaqişə, son beş ildə eskalasiyalar və real müharibə vəziyyəti yaşanıb. Amma ən əsası budur ki, Azərbaycan regional liderlik və məsuliyyəti üzərinə götürüb".