Monarxiyanın əsasları
10:20 SiyasətƏvvəlini buradan oxuya bilərsiniz: https://olaylar.az/news/siyaset/614985
İkinci yazı
Dövlətin ərazi forması (quruluşu) və idarəçilik forması (quruluşu) haqqında.
Dövlət bir strukturdur, həm də formadır. Onun ərazisi və qanunvericiliyi də struktur və formadır. Hər bir akt, sənəd forma və strukturdan ibarətdir.
Əvvəlcə bir məsələyə məxsusi diqqət yetirmək lazımdır. Deməli, məlumdur ki, dövlətin strateji və taktiki, cari siyasəti mövcuddur. Strategiya daha çox siyasətin xətlərini müəyyən edir. Sabit və dinamik hərəkətlərin ümumi fonunu, mənzərəsini özündə qararlaşdırır. Taktika isə ardıcıl, bir-birini şərtləndirən addımları özündə cəmləşdirir. Bu kimi addımlar sayəsində maraqlar təmin olunur. Sistemli, kollektiv idarəçilik maraqların zamanda və məkanda uyğun, əlverişli təminatını yerinə yetirir. Prezidentli respublikalarda dövlətin başçısı həm də icra hakimiyyətinin başçısı olmaqla, bir tərəfdən cari siyasətə rəhbərlik edir, digər tərfdən də strateji xətləri müəyyən edir. Belə halda rəhbərin, şəxsin yükü çoxalır. İş yükü artır. İdarəçilik maraqları hakimiyyətin qollarına münasibətdə azalır. Yəni, idarəçilikdə dövlətin ümumi sistemi yüksək tarazlıqla fayda gətirə bilmir. Qısaca desək, yük daha çox dövlət başçısının üzərinə düşür. Ən məqbul variant odur ki, onun icra yükünü ondan azaldasan. Bu halda maraqları aktiv təmin edən icra hakimiyyəti dövlət başçısıdan ayrılır və nisbətən müstəqil fəaliyyətə keçir. İcra hakimiyyəti çoxluğun təmsi olunduğu, xalqın iradəsinin kollektiv şəkildə təsbit olunduğu qanunverici qurumda, ictimai hakimiyyət qolunda formalaşır. Bu baxımdan da çoxluq öz nümayəndələri vasitəsilə hakimiyyətin formalaşmasında iştirak edir.
Dövlət fizikasında formadır, quruluşdur, mahiyyətində dəyərdir, fəlsəfi məzmundur. Dövlət öz tərkib elementlərinə görə, özünəxas tərkibi olan bir formadır, sistemdir, canlı, işlək, passiv və aktiv orqanizmdir. İctimai və siyasi mexanizmisi mövcuddur. Onun elementləri mərkəzlərdə cəmləşir. Koordinasiyalı qaydada struktur və forma telləri şəbəkəni meydana gətirir. Bu baxımdan da qəbul etmək olar ki, dövlət strukturlu, qarşılıqlı şərtləndirici və bu yöndə tabeli münasibətləri özündə ehtiva edən bir kompleksiyadır.
Dövlət qanunvericilik aktları ilə idarə olunur, əlaqələr və münasibətlər tənzimlənir. İyerarxik qaydada, tabeli münasibətlər və əlaqələr formalaşır, strukturlaşır. Hakimiyyətin hər üç qolu öz səlahiyyətləri çərçivəsində, qarşılıqlı səlahiyyətlər bölgüsündə və şərtləndirici əlaqələrdə paralel şəkildə tarazlaşır. Bu anda bir-birinə nəzarət funksiyası da təxminən eyniləşir. Hər üç qol öz səlahiyyətləri çərçivəsində nisbi bərabərliklə təminat funksiyasını yerinə yetirir. Dövlət başçısı icra hakimiyyətinin birbaşa başçısı olduqda tarazlıq pozula bilir. O,belə halda icra hakimiyyətinin yükünü böyüdür və səlahiyyətlərini "şişirdir". Belə halda tarazlıq pozulur. Yaxşı halda dövlət başçısı hakimiyyətlərin ümumi başçısı rolunu ifadə edir. Məsələn, Danimarka Krallığının 5 iyun 1953-cü ildə qəbul edilmiş Konstitusiyasında yazılır ki, (Birinci Hissə, ikinci bənd) dövlətin idarəçilik forması konstitusional monarxiyadır. Kral hakimiyyəti 27 mart 1953-cü ildə qəbul edilmiş Taxt-tac haqqında qanuna əsasən, kral ailəsinin kişi və qadın cinsindən olan üzvlərinin irsi yolu ilə ötürülür. Qanunverici hakimiyyət Kral və Folketinqlə birlikdə həyata keçirilir. İcra hakimiyyəti Kral tərəfindən, məhkəmə hakimiyyəti isə məhkəmə orqanları tərəfindən həyata keçirilir (üçüncü bənd). Kral Folketinqin razılığı olmadan hər hansısa bir dövlətdə taxt-tac sahibi ola bilməz (beşinci bənd). Kral 18 yaşına çatdıqdan sonra taxt-tac hüququna sahib olur. Taxt-tacın irsi üçün də bu tələb qoyur. Konstitusiyanın birinci hissəsinin 12 -ci maddəsində yazılır ki, Kral konstitusiya ilə müəyyən olunmuş sərhədlər daxilində Krallığın bütün məsələləri üzrə ali hakimiyyətə sahibdir və bu hakimiyyəti nazirlər vasitəsilə yerinə yetirir. On üçüncü maddədə də yazılır ki, kral öz fəaliyyətinə (hərəkətlərinə) görə məsuliyyət daşımır, şəxsiyyəti toxunulmazdır. İdarəçiliyə görə məsuliyəti nazirlər daşıyır və onların məsuliyyəti qanunla müəyyən olunur. On dördüncü maddə də qeyd edir ki, Kral baş naziri və digər nazirləri təyin edir və onları istefaya göndərir. O, nazirlərin ümumi sayı ilə bağlı məsələləri həll edir və nazirlər arasında səlahiyyət bölgüsünü yaradır. 15-ci maddəyə görə, nazir o halda istefaya gedir ki, Folketinq ona etibarsızlıq (inamsızlıq) votumu tətbiq edir.
Qeyd. Buradan görünür ki, dövlətin ana qanunu dövlət idarəçilik formasının və quruluşunun əsaslarını əks etdirir. Hüquq əsasları təsbit və təsdiq edir.
Hollandiya Krallığının Konstitusiyasının "Kral və nazirlər" adlanan İkinci bölməsində (Maddə 42) yazılır ki, Hökumət Kral və nazirlərdən ibarətdir. Kral yox, məhz nazirlər hökumətin fəaliyyətinə görə cavabdehlik və məsuliyyət daşıyırlar. 43-cü maddəyə görə, Baş nazir və digər nazirlər Kralın qərarı ilə vəzifəyə təyin olunur və vəzifədən azad olunurlar. 44-cü maddəyə görə, nazirliklər kral qərarı ilə formalaşdırılır. Onlara nazirlər rəhbərlik edirlər. 45-ci maddəyə görə isə, nazirlər Nazirlər Şurasını təşkil edirlər. Baş nazir Nazirlər Şurasına rəhbərlik edir. Nazirlər Şurası hökumətin ümumi siyasətinə baxır və bu istiqamətdə qərarlar qəbul edir, fəaliyyətini təmin edir.
İdarəetmənin piramidal formasında və strukturunda dövlət başçısı ali zirvədə, pik nöqtədə dayanır. Hakimiyyətin qollarının strukturlarının valentliyi meydana gətirir. Hakimiyyətin qolları, onların orqanları və qurumları güc mərkəzləri olaraq rabitələr əmələ gətirirlər. Bu rabitələr qovşaqları yaradır və nəticə etibarilə dövlət sistemli, bütöv halda, müəyyən mərhələdə yetkin və bitkin formada, strukturlaşmış əsaslarda idarə olunur. Maraqlar təmin edilir. Hakimiyyətin tarazlı qolları öz vəzifə səlahiyyətlərinə uyğun şəkildə mərkəzləşmə, stukturlaşma meydana gətirir.
Dövlətin idarə olunması üçün iştirak edən vasitələr fərdi və kollektiv formada strukturlaşmanı meydana gətirir. Bu stukturlaşmanın zahiri əsası formadır. Daxili məzmun isə mahiyyəti aşkarlayır. Dəyərləri, eləcə də mənfi tərəfləri, çatışmayanları, nöqsanları üzərə çıxardır. Dövlətə aparat kimi baxırıqsa, onda onun idarəçilik quruluşu mövcud olur. Məsələn, konstitusiya özü bir sənəd olaraq quruluşa malikdir. Bitkin əsasda isə formadır. İstənilən idarə və orqan bir struktura malikdir. Onun idarəçilik əlaqələrinin görünüş formadır. Bu baxımdan da qeyd etmək yerinə düşər ki, dövlətin həm ərazisi, həm də idarəçilik sistemi özündə quruluş və forma məfhumlarını əks etdirir. Forma zahiri bütöv, struktur isə daxili vəhdətlərin cəmidir. Hər bir vəhdət də bir formadır. Bu yöndə qəbul edə bilərik ki, hər bir ayırıcı, fərqləndirici, müqayisələndirici və dərəcələndirici kateqoriya, konsepsiya forma və strukturdur.
Dövlətin idarəçilik mahiyyəti isə rejimdir. Hansı ki, bu mahiyyətin təsiri hiss olunur. Liberal, demokratik, azad, sərbəst idarəçilik, həmçinin diktatura, bir şəxsin və ya da bir qrupun iradəsini daha çox əks etdirən idarəçilik rejimi, eləcə də avtoritar rejimlər mövcuddur. Rejimlər sərt idarəçiliyi, həmçinin yumşaq, liberal idarəçiliyi özündə əks etdiirir. Bu rejimlər idarəçilik psixikasını, ruhunu meydana gətirir. Bürokratik rejimlər həm monarxiya formalı quruluşlarda, həm də respublika formalı quruluşlarda mövcud olur. Rejimlər dövlət rəhbərinin və dövlət hakimiyyətinin xarakterini müəyyən etməklə, qanunvericiliyin, onun quruluşunun da mahiyyətini aşkar edir. Dövlət qanunvericiliklə idarə olunur, burada qanunvercilik xəttə, rabitəyə çevrilir. Sahələr üzrə qanunvercilik aktları bir-birinə şərt verir. Nəticə etibarilə valentlik, ekvivalentlik, mərkəzləşmiş harmoniya, uyğunluq meydana gəlir.
"Dövlət quruluşu" anlayışına iki aspektdə yanaşmaq olar: Birincisi, ərazi forması quruluşuna görə; ikincisi idarəetmə forması quruluşuna (strukturuna) görə. Ərazi quruluşuna (ərazi formasına) görə unitar, federativ, konfederativ; idarəetmə formasına, quruluşuna görə respublika və monarxiya. Təbii ki, bu bölgü də özlüyündə tərkib hissələrə ayrılır.
Qeyd: elmi ədəbiyyatlarda dövlətləri quruluşuna görə (ərazi təşkili metodu) təsnif edirlər. Dövlət quruluşunun formaları dövlətin daxili quruluşunu, onun tərkib hissələrinə (ərazilərinə) bölünməsini və onların bir-birilə münasibətləri prinsiplərini müəyyən edir. Sadə (unitar) və mürəkkəb (federasiya, konfederasiya) formada olur. İdarəetmə formasına (idarəetmə quruluşuna) görə monarxiya və respublika əsaslı olur.
Qeyd: idarəçilik bir formadır, üsuldur, bu baxımdan da quruluşdur. Özünəxas strukturu mövcuddur. Monarxiya bir strukturdur, respublika da digər bir strukturdur. Dövlətlərin hakimiyyətləri tərəfindən idarə olunması bir prosesdir. Hər bir proses aktiv və nisbətən passiv fazada olmaqla, özündə formanı və mahiyyəti, eləcə də strukturlaşmanı meydana gətirir. Proseslər daxili mahiyyəti aşkar edir, stukturlaşdırır və formaya salır. Forma gerçəkliyin təzahürüdür. Monarxiya quruluşlarında, monarxiya idarəçilik formalarında hakimiyyətin qolları aktiv prosesləri yaradırlar və hadisələri müəyyən məcralara yönəldirlər.
Konstitusiyalı monarxiya idarəetmə quruluşlarında monarx idarə iyerarxiyasının pikində, sanki bir növ "arxayın" (xalqa arxalanan sabit, dayanıqlı, siyasətin aktiv fazası olamayan iyerarxiyada) mərhələsində qərarlaşır. O, daha çox aktiv cari idarəçi yox, aktiv və passiv müşahidəçi, nəzarətçi rolunu ifadə edir. O, öz səlahiyyətinə görə idarəetmə aparatının (burada gündəlik idarəçiliyi təmin edən hakimiyyət qolları, eləcə də nazirlər nəzərdə tutulur) daxili işlərinə birbaşa müdaxilə etmək israrında olmur. Konstitusiyanın ona verdiyi baza hüququ və səlahiyyətlərdən istifadə edərək ümumiləşdirici, bütövləşdirici və dövlətin irsən qorunması, nəsillərdən-nəsillərə ötürülməsi funksiyasını (qanunla nəzərdə tutulmuş qaydada) yerinə yetirir. Bu yöndə Belçika Krallığının Konstitusiyasının 37-ci maddərində qeyd olunur ki, Kral Konstitusiya ilə müəyyən olunmuş hədlər daxilində icra hakimiyyətinə sahib olur. 36-cı maddəyə görə ölkədə Federal qanunvericlik hakimiyyəti Senat və Nümayəndələr Palatası ilə birlikdə həyata keçirilir.
Qeyd: gələcəkdə Azərbaycan unitar respublika idarəçilik quruluş və idarəçilik formasından unitar konstitusiyalı monarxiya quruluşu və idarəçilik formasına keçid edərsə, "Ümumxalq Məclisi" formalaşa bilər. Bu qurum qanunverici və ictimai Palatalardan ibarət ola bilər. Hər iki Palatanın birgə və ümumi fəaliyyətinə Kral (monarx) başçılıq edə bilər.
Monarx daha çox dövlətin daxildə və beynəlxalq almdə bütövlüyünün, mövcudluğunun qorunmasına xidmət edir. Aktiv siyasəti icra hakimiyyəti (hökumət, nazirlər şurası, nazirlər birliyi) həyata keçirir. İcra hakimiyyəti parlament önündə, o cümlədən hakimiyyətin ictimai və siyasi qanadının birgə fəaliyyəti (Ümumxalq Yığıncağı) önündə məsuliyyət daşıyır. Parlament qanunverici və ictimai qurum olduğuna görə, hökümət də burada formalaşdığına görə, artıq icraedici hakimiyyət birbaşa xalq və ictimaiyyət qarşısında məsuliyyət daşıyır. Xalqın vəhdətini ali mərhələdə dövlət başçısı ifadə edir. Bu yöndə də qəbul edirik ki, həm icra hakimiyyəti, həm də qanunverici hakimiyyət dövlət başçısı önündə məsuliyyət daşıyır. Məsuliyyət sistemdə müəyyən olunur. Sistem norma və qaydalarla formalaşır və işləyir. Deməli, məntiq onu deyir ki, hər bir idarəçi hüquq sistemi önündə məsuliyyət daşıyır. Hüquq sistemi dövlət başçısını piramidanın pikində, yuxarı zirvəsində qərarlaşdırır. Hakimiyyətləri (xalqın nümayəndələrinin toplaşdığı qurumları) sistemlilik prinsiplərinə uyğun olaraq dövlət başçısı önündə məsuliyyətli edir. Konstitusiyalı monarxiyalarda monarx cari yox, strateji məsuliyyət daşıyır. Prezidentli respublikalarda isə dövlət başçısının icraedici yükü çoxdur. Bu baxımdan da məsuliyyət (taktiki və strateji) daha dərindir. Sözsüz ki, bu da prezidentin iradəsini daha güclü edə bilir. Belə halda cari hakimiyyət qollarının fəaliyyətində tarazlı vəziyyət pozulur.
Konstitusiyalı monarxiyalarda dövlət başçısı həm də vəhdətliyi ifadə edən rəmzi bir məna kəsb edir. O, dövlətin və xalqın bütövlüyünün təminatçısıdır. Xalqı və dövləti daxildə və beynəlxalq aləmdə baş, əsas təmsilçidir. Xalqın birinci vəkilidir. Həmçinin dövlət və xalq anlayışları arasında olan üzvü və harmonik bağlılığın müəyyənedicisidir. Dövlət başçısı passiv idarəçidir, müşahidəedici rəhbərdir. Hakimiyyətin icraedici qoluna əksər hallarda birbaşa rəhbərlik etmir. Hakimiyyətlə özü arasında bir az məsafə saxlayır. Hakimiyyətlə özü arasında ehtiyatlı davranış strategiyası müəyyən edir. Daha çox "qarışmamaq, müdaxilə etməmək" strategiyasını müəyyən edir. "Hökumətin, qanunverici qurumun və məhkəmənin özü bilər" (qanunlar çərçivəsində) prinsiplərini özündə daşıyır. Gündəlik siyasətdə hakimiyyət qollarına sərbəstlik verir. Dövlət rəhbəri konstitusiya hüquqlarından irəli gələrək səlahiyyətlər verir. Hakimiyyət dövlət rəhbərindən haqqı alır və öz işini sərbəst görür. Bunun müsbət tərəfi odur ki, dövlət içəridən möhkəmlənir. Hakimiyyət qolları qarşılıqlı əsasda ciddi şəkildə işləyir. Potensial səmərəli şəkildə istifadə olunur.
Konstitusiyalı monarxiyaya münasibətdə düşüncələrdə belə bir prinsip formalaşa bilər. -"Sən tək deyilsən!" Bu yöndə dövlətdə təmsilçilik, dövlətin idarə olunması "1+3" formatı ilə təmin edilə bilər. "1"-Kralı və xalqı ümumilikdə, "3"- cari siyasəti həyata keçirən hakimiyyətləri ifadə edir.
Qeyd: "Ümumxalq Məclisi" iki üsulla formalaşa bilər: Birincisi, ərazilər üzrə seçki dairəsindən namizədlərin birbaşa seçilmələri ilə; hakimiyyət qollarından, ictimai və siyasi birliklərdən, şura və cəmiyyətlərdən namizədlərin seçilib göndərilməsi ilə. Birincilər daimi əmək haqqı ilə "Qanunverici Palatanı", ikincilər isə "İctimai Palatanı" (ictimai əsaslarla, əsas iş yeri üzrə əmək haqqı saxlanılmaqla) formalaşdıra bilərlər. İctimai Palata əsas iş yerindən nümayəndələrin göndərilməsi ilə formalaşa bilər. Bu Palatada hakimiyyətin digər qolları (icraedici və məhkəmə) da təmsil oluna bilər. "Ümumxalq Məclsi"nin Ali Rəhbər orqanı Rəyasət Heyətindən ibarət ola bilər.
Ardı var..
Elşən Misir oğlu Nəsibov
Siyasətşünas-alim. Yazıçı-publisist. "ARDIC" Hərəkatının təsisçisi. Qərbi Azərbaycan İcmasının üzvü