Əkbər Qoşalı: Bu uğur, Azərbaycanın artan rolunun və gələcək imkanlarının göstəricisidir – ÖZƏL

"Bu seçki bir hüquqşünasın şəxsi uğuru olmaqdan daha çox, Azərbaycanın beynəlxalq güvən kapitalının növbəti təsdiqidir. Beynəlxalq hüquq professoru Fuad Zərbiyevin 131 dövlətin təmsilçisinin dəstəyi ilə ilk turda ən yüksək nəticə göstərərək BMT-nin İnsan Hüquqları Komitəsinə seçilməsi onu göstərir ki, Azərbaycan son illərdə qlobal diplomatiyada formalaşdırdığı mövqeyi yeni müstəviyə daşımağı bacarıb".

Bu fikirləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib. Türkoloq bildirib ki, Azərbaycan uzun illərdir beynəlxalq hüquqa, çoxtərəfli əməkdaşlığa və mədəniyyətlərarası dialoqa töhfə verən ölkə kimi tanınır. COP29-a ev sahibliyindən tutmuş humanitar təşəbbüslərə, Qoşulmama Hərəkatındakı fəallığından tutmuş sülh və əməkdaşlıq çağırışlarına qədər ortaya qoyulan siyasi xətt bu gün beynəlxalq səsvermələrdə də öz əksini tapır. İnsan Hüquqları Komitəsi kimi nüfuzlu bir qurumda təmsilçilik Azərbaycanın mövqelərinin, yanaşmalarının və hüquqi məktəbinin daha geniş auditoriyaya çatdırılması baxımından önəmlidir. Bu uğurun digər önəmli tərəfi isə Azərbaycanın beynəlxalq təşkilatlar içində təşəbbüskar ölkə statusunu daha da gücləndirməsidir. Belə təmsilçilik gələcəkdə insan hüquqları, beynəlxalq humanitar hüquq, savaşdan sonrakı bərpa, məcburi köçkünlərin hüquqları, dini və mədəni müxtəlifliyin qorunması kimi məsələlərdə Azərbaycanın səsinin daha aydın eşidilməsinə imkan yaradacaq. Eyni zamanda bu, ölkəmizin beynəlxalq qurumlarda yeni seçkilər və namizədliklər zamanı əlavə güvən resursu kimi çıxış edə bilər.

"Məncə, burada xüsusi vurğulanmalı bir məqam da var: çağdaş dünyada dövlətlərin nüfuzu yalnız iqtisadi və ya hərbi göstəricilərlə ölçülmür; hüquq düşüncəsi, intellektual potensial və beynəlxalq ekspertiza da dövlət nüfuzunun önəmli tərkib hissəsidir. Azərbaycanlı alimin belə bir quruma seçilməsi ölkəmizin məhz bu sahədə də güclü insan kapitalına malik olduğunu nümayiş etdirir. Başqa sözlə, 15 iyun tarixində Nyu-Yorkda qazanılan bu uğur, Azərbaycanın beynəlxalq hüquq və qlobal idarəetmə məkanında artan rolunun, qazanılmış güvənin və gələcək imkanlarının göstəricisidir", - deyə ekspert vurğulayıb.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31