Ermənistanın yeni Konstitusiyası, Azərbaycanla sülh və Türkiyə-Ermənistan münasibətləri: Cənubi Qafqazda yeni mərhələ
18:43 SiyasətErmənistanın Baş naziri Nikol Paşinyanın yeni Konstitusiyanın hazırlanması ilə bağlı tapşırıq verməsi müsbət addım kimi qiymətləndirilə bilər. Çünki Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın gözlədiyi əsas dəyişikliklərdən birinin Ermənistanın yeni Konstitusiyasında öz əksini tapması mühüm əhəmiyyət daşıyır.
Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi 8 avqust 2025-ci ildə Vaşinqtonda hər iki ölkənin xarici işlər nazirləri tərəfindən paraflanıb.
Sazişin paraflanmasından sonra iki ölkə arasında münasibətlərdə müəyyən yaxınlaşma müşahidə olunur. Atəşkəs rejimi qorunur, Azərbaycan Ermənistana neft və digər məhsulların ixracını həyata keçirir. Eyni zamanda, Qazaxıstandan gətirilən taxılın Azərbaycan ərazisi vasitəsilə Ermənistana çatdırılması təmin olunur.
Bütün bunlar normallaşma prosesinin başlanğıcında olduğumuzu göstərir. Lakin bu prosesin tam başa çatması və tərəflər arasında yekun sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasında zəruri dəyişikliklərin edilməsi vacibdir.
Yeni Konstitusiyanın qəbul edilməsi Paşinyan üçün nə dərəcədə realdır?
Digər mühüm məqam Nikol Paşinyanın siyasi dəstəyi və yeni Konstitusiyanın qəbul edilməsi məsələsidir. Paşinyan son seçkilərdə 49 faiz səs toplayıb. Yeni Konstitusiyanın qəbul edilməsi üçün isə parlamentdə əlavə altı deputatın dəstəyinə ehtiyac olduğu bildirilir.
Bu baxımdan, Paşinyanın digər siyasi qüvvələrlə aparacağı dialoq xüsusi əhəmiyyət daşıyır. Onun əlavə deputatların dəstəyini qazanması və onları yeni Konstitusiyanın qəbulunun vacibliyinə inandırması prosesin nəticəsinə təsir göstərəcək.
Mən hesab edirəm ki, Ermənistan Konstitusiyasına müvafiq dəyişikliklərin edilməməsi üçün ciddi əsas yoxdur. Çünki bir ölkənin Konstitusiyasında başqa dövlətlərin ərazi bütövlüyünə və torpaqlarına iddia kimi qiymətləndirilə biləcək müddəaların yer alması beynəlxalq münasibətlər baxımından qəbulolunmazdır. Belə müddəalar regionda davamlı sülhün təmin edilməsinə də maneə yaradır.
Bu məsələdə rasional yanaşma nümayiş etdirilməli və mübahisələrə səbəb olan müddəalar aradan qaldırılmalıdır. Eyni prinsip Türkiyə üçün də keçərlidir. Yəni qonşu dövlətin ərazi bütövlüyünə dair iddiaların digər ölkənin Konstitusiyasında əks olunması qəbuledilməzdir. Bu cür yanaşma gələcəkdə davamlı sülhün formalaşmasına mane ola bilər.
Azərbaycanın Ermənistan Konstitusiyasındakı müvafiq müddəaların dəyişdirilməsini tələb etməsi də məhz bu baxımdan əhəmiyyətlidir.
Türkiyə-Ermənistan münasibətlərində yeni mərhələ başlaya bilərmi?
Türkiyə 1993-cü ildə Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən işğalına etiraz olaraq Ermənistanla sərhədlərini bağlayıb. Bu, beynəlxalq münasibətlər tarixində xüsusi nümunələrdən biridir. Bir dövlətin başqa dövlətlə həmrəyliyini nümayiş etdirmək məqsədilə üçüncü ölkə ilə sərhədlərini bağlaması nadir hallarda rast gəlinən hadisədir.
Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq və həmrəylik münasibətləri o qədər güclüdür ki, Türkiyə 33 ildir Ermənistanla sərhədlərini bağlı saxlayır.
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasından və sülh prosesinin yekunlaşmasından sonra Türkiyənin də Ermənistanla bağlı sərhədlərini açması gözlənilir.
Bununla da iki ölkə arasında ticarət əlaqələri inkişaf etməyə başlayacaq, diplomatik münasibətlərin qurulması üçün imkanlar yaranacaq və qarşılıqlı səfirliklərin açılması gündəmə gələcək.
Başqa sözlə, Türkiyə-Ermənistan münasibətlərində normallaşmanın yeni mərhələsi başlaya bilər. Sərhədlərin açılması, diplomatik əlaqələrin qurulması və iqtisadi əməkdaşlığın genişlənməsi iki ölkə arasında münasibətlərin inkişafına şərait yaradacaq.
Lakin bir daha qeyd etmək istəyirəm ki, bu proses Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasından və sülhün təmin olunmasından sonra reallaşa bilər.
Cənubi Qafqazda güc balansı necə dəyişəcək?
Cənubi Qafqazda Azərbaycanın çox böyük siyasi və iqtisadi potensiala malik olduğunu görürük. Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra regionda mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Eyni zamanda, ölkəmiz həm Mərkəzi Asiyada, həm də Avropada mühüm geosiyasi və iqtisadi nüfuza malikdir.
Şübhəsiz ki, Azərbaycan gələcəkdə Cənubi Qafqazın əsas güc mərkəzlərindən biri kimi mövqeyini daha da möhkəmləndirəcək. Lakin burada əsas məsələ yalnız güc amili deyil. Əsas məqsəd regionda sülhün, sabitliyin və əməkdaşlığın təmin olunması olmalıdır.
Yeni mərhələdə Cənubi Qafqaz xalqları arasında yaxınlaşma, qarşılıqlı əməkdaşlıq və dostluq münasibətlərinin formalaşması vacibdir. Ən mühüm məsələ də məhz budur.
Ermənistan xalqı uzun illərdir ki, regional təcrid şəraitində yaşayır. Azərbaycan və Türkiyə ilə sərhədlərin bağlı olması Ermənistanın iqtisadi və nəqliyyat imkanlarını məhdudlaşdırıb. Sərhədlərin açılması ilə Ermənistan vətəndaşları daha sərbəst hərəkət etmək, Azərbaycan və Türkiyə üzərindən müxtəlif istiqamətlərə çıxış əldə etmək imkanı qazanacaqlar.
Bu, Ermənistan üçün də yeni iqtisadi və sosial imkanlar yaradacaq. Eyni zamanda, regionda iqtisadi əlaqələrin genişlənməsinə və qarşılıqlı asılılığın artmasına şərait formalaşdıracaq.
Güc balansına gəldikdə isə, mövcud geosiyasi reallıqlar fonunda Azərbaycanın mövqelərinin daha da güclənəcəyini düşünürəm. Bununla belə, yeni sülh sazişinin imzalanması və həyata keçirilməsi regionda münasibətlərin xarakterini dəyişəcək.
Nəticə etibarilə, Cənubi Qafqaz yeni bir mərhələyə qədəm qoya bilər. Bu mərhələnin əsas xüsusiyyətləri sülh, sabitlik, iqtisadi əməkdaşlıq və dostluq münasibətləri olmalıdır. Bu prosesdən ən çox faydalananlar isə, şübhəsiz ki, region xalqları olacaq.
Hulusi Kılıç
Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi