Səhiyyə Nazirliyindən apteklərə xəbərdarlıq: Bu xidmət qanunsuzdur

Səhiyyə Nazirliyi apteklərdə və optika şöbələrində lisenziyasız göz müayinələrinin aparılması ilə bağlı xəbərdarlıq edib.

Nazirliyin Analitik Ekspertiza Mərkəzi bildirib ki, apteklərdə eynək və optik məhsulların satışı ilə tibbi xarakterli göz müayinələrinin aparılması fərqli fəaliyyət növləridir.

Göz müayinəsi üçün xüsusi lisenziya tələb olunur

Qanunvericiliyə əsasən, həkim-oftalmoloq tərəfindən aparılan tibbi xarakterli göz müayinələri özəl tibb fəaliyyəti hesab olunur. Belə xidmətlərin göstərilməsi üçün müvafiq lisenziya, lazımi tibbi avadanlıq və uyğun şərait olmalıdır.

Aptekdə oftalmoloqun çalışması belə həmin tələbləri aradan qaldırmır. Müvafiq lisenziya olmadan tibbi müayinələrin aparılması yolverilməzdir.

Qayda pozuntusuna yol verənləri hansı tədbirlər gözləyir?

Nazirlik xəbərdarlıq edib ki, apteklərdə lisenziyasız tibbi fəaliyyət və digər qanun pozuntuları aşkar edilərsə, faktlar araşdırılacaq və məsul şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Vətəndaşlara isə göz sağlamlığı ilə bağlı müayinələr üçün müvafiq lisenziyaya malik tibb müəssisələrinə müraciət etmək tövsiyə olunur.

Beləliklə, apteklərdə optik məhsulların satılması mümkündür, lakin tibbi müayinə xidmətləri yalnız qanunla müəyyən edilmiş tələblərə əməl olunmaqla həyata keçirilə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00