Vaşinqtonun regiona marağı dəyişir: Diplomatik masadan təhlükəsizlik sahəsinə – ÖZƏL
18:05 Siyasət"ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullinin Bakıya səfərini həm ikitərəfli münasibətlər baxımından, həm də Güney Qafqaz-Xəzər-Mərkəzi Asiya geosiyasi məkanında gedən proseslər kontekstində dəyərləndirmək gərəkdir. Bu səfər Vaşinqtonun regiona marağının diplomatik və enerji-iqtisadi müstəvidən daha geniş təhlükəsizlik müstəvisinə keçdiyinin göstəricilərindən biri sayıla bilər".
Bu fikirləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib. Türkoloq bildirib ki, 2025-ci ilin 8 avqust Vaşinqton Sammitindən, özəlliklə də 2026-cı ildə Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasından sonra münasibətlərin yeni institusional məzmun qazandığını görürük. Artıq söhbət yalnız siyasi dialoqdan, enerji təchizatından, yaxud sülh diplomatiyasından getmir. Yükdaşıma yollarının, kritik infrastrukturun, enerji və kommunikasiya xətlərinin təhlükəsizliyi, gömrük-sərhəd əməkdaşlığı, transmilli təhdidlərə qarşı mübarizə də ön plana çıxır. Bu baxımdan Zəngəzurdan keçəcək dəhliz layihəsinin iqtisadi coğrafiyası qədər təhlükəsizlik coğrafiyası da önəmlidir. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantının yaradılması, bütövlükdə Türk dünyasının nəqliyyat əlaqələrinin genişlənməsi, Gündoğardan Günbatar istiqamətində alternativ ticarət imkanlarının artması həmin marşrutun güvənli fəaliyyətini strateji zərurətə çevirir. Necə deyərlər, sülh - yollar açır, təhlükəsizlik isə o yolların davamlı işləməsini təmin edir. Mullinin məhz Daxili təhlükəsizlik naziri statusunda Bakıya gəlməsi bu baxımdan ayrıca diqqətəlayiqdir. ABŞ-nin regiondakı maraqlarının praktik işbirliyi mexanizmləri ilə müşayiət olunması üçün yeni imkanlar yaranır.
Ekspert qeyd edib ki, "Iron Gate" - "Dəmir qapı" işçi qrupunun yaradılmasına gəlincə, bu təşəbbüs ABŞ-nin Tehrana qarşı sanksiya siyasətinin coğrafi və funksional baxımdan genişləndirilməsi anlamına gəlir. Vaşinqton Tehranın güney səmtindəki dəniz yollarını da, quzey yönündəki quru və Xəzər üzərindən keçən təchizat xətlərini də diqqət mərkəzinə çəkir. Burada Tehran-Moskva hərbi-texniki işbirliyinə, ikili təyinatlı məhsulların dövriyyəsinə və sanksiyalardan yayınma hallarına nəzarət etmək niyyəti görünür. Məsələnin vacib beynəlxalq-hüquqi tərəfi var. Xəzər beş sahilyanı dövlətin ortaq hüquqi məsuliyyət daşıdığı qapalı su hövzəsidir. 2018-ci il Konvensiyasında sahilyanı olmayan dövlətlərin silahlı qüvvələrinin Xəzərdə mövcud olmaması prinsipi təsbit edilib. Odur ki, "Iron Gate"in yaradılmasını birbaşa ABŞ-nin Xəzərdə hərbi mövcudluğunun başlanğıcı kimi qiymətləndirmək düzgün olmazdı. Azərbaycan üçün məsələnin prinsipial tərəfi strateji tərəfdaşlıqla strateji müstəqilliyin uzlaşdırılmasıdır. ABŞ ilə münasibətlərin dərinləşməsi Azərbaycanın qonşu dövlətlərlə münasibətlərinin fövqündə duran hər hansı qarşıdurma öhdəliyi kimi yozulmamalıdır. Eyni zamanda, qonşuluq amili də Azərbaycanın suveren xarici siyasət seçimlərini məhdudlaşdırmamalıdır. Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət kursu kontekstində Azərbaycan-ABŞ əməkdaşlığının milli maraqlara, qarşılıqlı faydaya və suveren bərabərliyə əsaslanması xüsusi önəm daşıyır. Bütövlükdə, Güney Qafqazda sülhün möhkəmləndirilməsi ilə Xəzər hövzəsində təhlükəsizlik mühitinin qorunması bir-birindən təcrid olunmuş məsələlər sanılmamalıdır. Azərbaycan üçün əsas məram bu geniş coğrafiyanın güvənli bağlantılar, iqtisadi işbirliyi və dinc birgəyaşayış məkanına çevrilməsidir. Xəzər Avrasiya işbirliyinin güvənli körpüsünə çevrilməlidir.
Səidə Ramazanova