Peşəkarlığın TikToklaşdırılması: Nüfuzun Ucuzlaşması Prosesi- ÖZƏL

"Son illər cəmiyyətdə qəribə və düşündürücü bir tendensiya formalaşıb: nüfuzlu şirkətlər, özünü peşəkar adlandıran həkimlər, vəkillər, təlimçilər və müxtəlif xidmət sahibləri reklamlarını artıq peşəkar media, elmi platformalar və ya ixtisaslaşmış kommunikasiya kanalları vasitəsilə deyil, əksər hallarda heç bir peşəkar hazırlığı və məsuliyyəti olmayan TikTok fenomenləri üzərindən qururlar". Bunu "Olaylar"a açıqlamasında Azərbaycan, Rusiya və Türkiyə İqtisad elmləri doktoru, professor Zahid Fərrux Məmmədov deyib: "Bu yanaşma ilk baxışda marketinq aləti kimi görünə bilər, lakin əslində peşə nüfuzunun ucuzlaşdırılması deməkdir. Bir həkimin illərlə qazandığı etibarı, bir vəkilin hüquqi məsuliyyətini və ya bir şirkətin korporativ imicini bir neçə saniyəlik şou məzmununa qurban verməsi ciddi suallar yaradır. Tibbi xidmətin keyfiyyətini, hüquqi peşənin etikasını və biznes reputasiyasını qiymətləndirmək üçün meyar artıq peşəkarlıq deyil, baxış sayı və bəyənmə sayı olur.
Daha təhlükəlisi odur ki, cəmiyyətin bir hissəsi peşəkar ekspert rəyi ilə sosial şəbəkə əyləncəsini ayırd etməkdə çətinlik çəkir. Nəticədə insanlar həkimi elmi fəaliyyəti ilə deyil, hansı TikTokerlə video çəkdirməsi ilə, vəkili hüquqi uğurları ilə deyil, hansı trenddə iştirak etməsi ilə tanımağa başlayırlar.
Əgər bir həkim öz peşəkarlığını sübut etmək üçün TikTok fenomeninin təsdiqinə ehtiyac duyursa, burada artıq tibbin deyil, reklamın problemi var. Əgər bir vəkil hüquqi biliyindən çox sosial şəbəkə personajlarının köməyi ilə tanınmağa çalışırsa, bu, peşənin nüfuzuna zərbədir. Əgər şirkətlər korporativ dəyərlər əvəzinə təsadüfi sosial media simalarının populyarlığına sığınırsa, bu, uzunmüddətli brend strategiyasının yoxluğunu göstərir.
Cəmiyyət alimə, müəllimə, həkimə, mühəndisə və vəkilə hörmət etməlidir. Təəssüf ki, bu gün bəzi hallarda vəziyyət əksinədir: peşəkarlar özlərini tanıtmaq üçün sosial şəbəkə "ulduzlarının" kölgəsinə sığınırlar. Bu isə bilik cəmiyyətinin deyil, görüntü cəmiyyətinin formalaşdığını göstərən narahatedici tendensiyadır.
Peşəkar nüfuz milyonlarla baxışla deyil, illərlə formalaşan bilik, təcrübə, məsuliyyət və ictimai etimadla qazanılır. TikTok populyarlığı isə çox zaman müvəqqətidir. Müvəqqəti şöhrəti daimi peşəkar reputasiyadan üstün tutanlar gec-tez bunun ağır nəticələri ilə üzləşirlər"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31