Mediasiya Şurasının daha 3 nümayəndəsi beynəlxalq sertifikatla təltif olunub- ÖZƏL

Mediasiya Şurasının daha 3 nümayəndəsi Çin Xalq Respublikasında keçirilən beynəlxalq seminarda uğurlu iştirakına görə sertifikatla təltif olunub. Şuradan "Olaylar"a bildirilib ki, Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında insan resurslarının inkişafı sahəsində əməkdaşlıq çərçivəsində təşkil olunan beynəlxalq seminarlarda iştirak edən Azərbaycan Respublikası Mediasiya Şurasının nümayəndələri - mediatorlar Ayan Tağızadə, Elnur Camalxanov və Nemət Ağalarov təlim proqramını uğurla başa vuraraq iştirakçı sertifikatı ilə təltif olunub.

Çin Xalq Respublikasının müxtəlif şəhərlərində keçirilən seminarlar çərçivəsində nümayəndələrimiz müasir idarəetmə, beynəlxalq əməkdaşlıq, mübahisələrin alternativ həlli mexanizmləri və digər aktual mövzular üzrə nəzəri və praktiki biliklər əldə edib, müxtəlif ölkələrdən olan iştirakçılarla təcrübə mübadiləsi aparılıb.

Eyni zamanda qeyd edək ki, mediator Nemət Ağalarov Shandong Xarici Ticarət Kolleci tərəfindən həyata keçirilən dövlət-özəl tərəfdaşlığı üzrə layihələr çərçivəsində qeyd edilən proqramda iştirak edəcək nümayəndələrin maarifləndirilməsi, proqram üzrə öncədən bilik və məlumatlılıq səviyyəsinin artırılması, yarana biləcək suallara cavab vermək və gələcəkdə kurs iştirakçılarının nəzəri və praktiki bacarıqlarının inkişafına dəstək məqsədi ilə əlaqələndirici qismində seçilib. Belə ki, kurslarda müxtəlif ölkələrdən iştirak edən nümayəndələr arasından koordinatorlar seçilir ki, onlar digər kurs iştirakçılarının daha nəticə yönümlü biliklər əldə etmələri üçün əlaqələndirici funksiyanı həyata keçirsinlər.

Qeyd edilən koordinator missiyasını Mediasiya Şurasının üzvü olan mediatorumuza göstərilən etimad kimi qəbul edir və təşəkkür edirik. Növbəti səfərlər zamanı qeyd edilən proqramda iştirak üçün seçilmiş namizədlərlə mediator Nemət Ağalarov tərəfindən görüşlər təşkil ediləcək, proqram üzrə bütün suallara cavablar veriləcək və müzakirələr aparılacaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31