Monarxiyanın əsasları
15:49 SiyasətBirinci yazı
Dövlət və onun idarəçiliyi. Dövlət bir dəyərdir. Təminedici, mühafizəedici və müdafiəedici bir kompleksiyadır. Strukturlaşmış və işlək, aktiv, təkrarlanan, eləcə də yeni-yeni hadisələr törədici, elementlər aşkarlayıcı mexanizmisi olan siyasi və ictimai bir təsisatdır. Ona görə ki, öz tərkibini təşkil edən elementlərin qoruyucusudur, həm də elementlərdən faydalar əldə edəndir. Dövlət öz xassəsini və formasını tərkibini təşkil edən elementlərdən götürür. Mahiyyəti zühürunda, aşkarlığında müəyyən edilir. Dövlətin məzmunu qaynaqlanır. Struktur və mexanizmisində əks olunur. Dövlət özündə ictimai, iqtisadi, mədəni və humanitar elementləri cəmləşdirir. Hansı ki, bu elementlər özlərində xassələri ifadə edir. Bu elementlərin qarşılıqlı istifadəsindən də yararlanır. Özünü qoruyur, təmin edir, təsdiqləyir. Dövlət tərkibindən mahiyyət qazanır. Dövlət mədəniyyətin məhsuludur. Özündə münasibət və əlaqə yaradıcılığını və quruculuğunu ehtiva edir.
Həmişə də qeyd olunduğu kimi, dövlət makro ailə formasıdır, desək, yanılmarıq. Bu yöndə onun bütün təsisatları üzvlərin maraqlarını təmin etməyə yönəlir. Dövləti biz ailə modelinə bənzədiriksə, onda bu təsisatda ənənəvi mahiyyətin olmasını da qəbul edirik. Dövlət sələflik (özündən qabaq) və xələflik(özündən sonra gələn) bağlantısı və keçidi ilə yaşayır və irsi amili əks etdirir. Dövlət istər sistemli qaydada, istərsə də fərdlərə, şəxslərə söykənməklə, onların kollektiv, birgə fəaliyyətləri ilə xələfliyi və sələfliyi təmin edir. Bütün quruluşlarda sistemli qaydada irsiyyət və varislik təmin olunur. Bu varislik sistemin ənənəviliyi ilə dəyərləri və daimi mövcudluğu ifadə edir. Dövlət özünü həm monarxiya, həm də respublika quruluşlarında yaşadır. Monarxiyalarda irsi ənənə, ailə, nəsil ənənəsi özündə taryfa mədəniyyətini daha qabarıq büruzə verir. Dövləti idarə edən tayfa, irsiyyət nümayıəndələri dövlətin və nəslin adına, şərəfinə uyğun şəkildə hərəkət etməyə can atırlar və buna həm də məcburdurlar. Çünki onların nəsil şərəfi dövlətə daha çox bağlanır. Monarxiyalarda əksərən nəsil idarəçiliyi (burada ümumi rəhbərlik) xalq və beynəlxalq aləm qarşısında daha çox məsuliyyət daşıyır. Monarxın rəhbərliyi ilə onun nəsil təmsilçiliyi dövlət və xalq şərəfini öz şərəfi ilə bir arada cəmləşdirir. Bu yöndə məsuliyyət yükü daha çox olur. Bu məsuliyyət rəhbərlik vəzifələrində prinsip, norma və qayda olaraq qanunlarda təsbit olunur. Hüquqi normaya çevrilir. Bu baxımdan da qəbul etmək olar ki, monarxiyalar da respublika quruluşları kimi sistemli formanı özündə ifadə edir. Monarxiyalarda dövlət rəhbəri daha da hörmətli olur. İctimai və mədəni nüfuzu çox olur. İctimai nüfuzu və statusu möhkəm və sanballı olur. Məsələn, biz bunu Böyük Britaniya və Şimali İrlandiya Krallığında görürük. Digərlərində də, məsələn, Yaponiyada da mövcuddur. İnsanlar küçədə, meydanlarda öz dövlət başçılarına məxsusi hörmət göstərirlər. Hesab etmək olar ki, bu cür isti münasibət həm də monarxların cari siyasətdə iştiraklarından bir qədər aralı qalmaları ilə bağlıdır. Onlarda hakimiyyətlə "məsafəli" münasibətlər mövcuddur. Cari siyasətdə məsuliyyəti daha çox hökuməti parlamentdə formalaşdıran siyasi qüvvə daşııyır.
Dövlətin iyerarxik strukturu insanların hüquqlarını təmin etmək üçündür. Strukturlarda, idarəetmə aparatında hüquqlar əksini tapır, ifadə olunur. Dövlət insanların təbii hüququnu müəyyən edən, aşkarlayan, onu sistemli qaydada normalarda və qaydalarda həkk edən bir aparatdır. Dövlət hüququ əslində insan hüquqlarının tərkibini təşkil edir və özündə insanların ictimai, mədəni, siyasi hüquqlarını təmin etmək, müəyyən etmək vəzifəsini daşıyır. Öhdəlik müəyyən olunur. Dövlət strukturlarında insanların hüquqları təsbit olunur. Bu yöndə dövlət hüququ məcmulaşdırıcı forma və məzmun kəsb edir. İnsanların ictimai və siyasi hüquqları dövlətlərində əks olunur. Beynəlxalq hüquqları da dövlətlərinin daxillərində və beynəlxalq təşkilatlarda normalarla təsbit edilir. Strukturlarda iştirak etmək yolu ilə vəzifə və funksiyalar müəyyən olunur. Dövlət hüququ, dövlətdə iştirak hüququ baza hüquqdur. Hər kəsin ictimai və siyasi haqqıdır. Dövlət bu haqqı tanıyır, qanunvericiliyə salır. Norma və qaydalarla müəyyən edir. Monarxiyalarda çoxluq əsasən hakimiyyət strukturlarında təmsil olunur. Monarxiyalarda bir gözəllik də ondan ibarətdir ki, belə quruluşlarda başlıca olaraq təsdiq əsasdır. Tədqimatın təsdiqi həm etikadır, həm estetikadır, həm də bir alilikdir. Dövlət başçısı icra hakimiyyətinin başçısı olmayanda, O, daha çox təsdiqləyici funksiya daşıyır. Təqdim olunanları təsdiq edir və təyinat möhürünü vurur. Burada da səlahiyyətlərin bölgüsü meydana gəlir. Tarazlı funksiya daşınır.
Dövləti strukturlaşdırmaq, onu formalara salmaq bir vəzifədir. Vətəndaşın ictimai və siyasi haqqıdır. Vətəndaşa verilən status dövlət tərəfindən tanınma aktıdır. Dövlət sifariş qəbul edən və sifarişlə idarə olunan bir qurumdur. Dövlət ideyalarla idarə olunur. Maraqlar özləri də ideyalardır. Dövlətin strukturunun forma və mahiyyətini müəyyən etmək, fizikasını və ruhunu müəyyən etmək haqdır. Bu haqq xalqa, vətəndaşa məxsusdur. Dövlətin bu yöndə quruluşunu formalaşdırmaq, quruluşunda islahatlar həyata keçirmək səlahiyyəti vətəndaşlara, xalqa məxsusdur. Hər bir cəmiyyət, xalq, millət öz siyasi quruluşunu özü müəyyən edərək, öz talehlərini yaşayır. Müəyyən sərhədlər daxilində siyasi baxımdan təşkilatlanmış, dövlət yaradan xalq öz dövlət və idarəçilik quruluşunu özü müəyyən edir. Bu, etikadır və xalislikdir. Əsil təbii və doğma yanaşmadır. Konstitusiyalı monarxiyalarda idarəçilik rejimi demokratiyadır. Çünki dövləti hakimiyyətləri idarə edir və hakimiyyətlərində (icraedici, qanunverici və məhkəmə qollarında) geniş şəkildə, seçkili yolla təmsil olunurlar. Parlament (o cümlədən Ümumxalq Məclisi) ictimai və siyasi quruma çevrilir və xalqın iradəsinin bütövləşdirici, tamamlayıcı vəhdətini və məzmununu özündə daşıyır. Monarxiyalarda hakimiyyət qolları ilə dövlət başçısı arasında məsafəli münasibət iyerarxiyalarda onu daha da hörmətli və nüfuzlu edir.
Dövlət hüquq müəyyən edirsə, bu onun əxlaqıdır. Vətəndaş dövlətin strukturlarının formalaşmasında iştirak edirsə, bu da tərbiyədir. Diqqətdir, iştirak haqqının müəyyən olunmasıdır. Məsuliyyətdir və doğmalıqdır. Əgər bir xalq öz dövlət quruluşunun formalaşmasında ideyaları və praktiki əməlləri ilə iştirak edirsə, bu, onun əxlaqıdır. Etikası və estetikasıdır. Həm də doğmalığıdır. Dövlət ilk növbədə mənəviyyat göstəricisidir. Mənəvi dəyərlər mənbəyidir. Əgər bir xalq dövlət quruculuğunda və cəmiyyət idarəçiliyində öz iştirakını sübuta yetirirsə, əməlləri ilə iştirak edirsə, deməli, o xalq daha da təkmildir, sivildir. Dövlətinə və cəmiyyətinə biganə qalmır. Cəmiyyət və dövlət onu maraqlandırır. Dövlət islahatları sevir və tələb edir. Çünki inkişafı, tərəqqisi və çiçəklənməsi üçün ardıcıllığı tələb edir. Vətəndaş öz dövlətinin həyatına, mövcudluğuna töhfə vermək, bununla da indiki və gələcək zamanda ləyaqətli dövlət qurmaqda şərəfə malikdir. Dövlət vətəndaşın qürrələndiyi, öyündüyü, fəxr hiss keçirtdiyi bir subyektdir, tərəfdir.
Dövlət idarəçiliyi əslində ictimai idarəçilikdir. Yəni, ictimaiyyətin maraqlarını təmin edir. Bu baxımdan da dövlətin hansı quruluşda yaşamasını xalqın özü seçir. İctimaiyyət nümayəndələri vasitəsilə icitimai maraqları qoruyur və təmin edir. İctimai maraq özlüyündə mədəni maraqların mahiyyətini əks etdirir. Dövlət bu baxımdan sosial-mədəni strukturdur, qurumdur. Monarxiyalarda dövlətin rəhbərliyi üçün irsiyyət nümayəndələri ictimai, mədəni və siyasi məsuliyyət daşıyırlar. Onu da vurğulamaq yerinə düşər ki, dövləti idarəetmə formaları ayrı-ayrı metodlardır.
Hər bir vətəndaş çalışır ki, öz dövləti güclü olsun. Çünki dövlətini arxa-dayaq kimi görür. Vətəndaş fikirləşir ki, həyatın çətin məqamlarında öz dövlətinə müraciət edə biləcək. Ondan kömək uma biləcək. Bu yöndə dövlətin zəngin olması vətəndaşın zəngin olması və firavan yaşaması üçündür. Dövlət rifah qurumudur. Sosial kompleksiyadır. Dövlətin ictimai, mədəni və siyasi statusu ona hüquqi haqq qazandırır. Dövlət ona verilən hüquqdan istifadə edərək hüquq müəyyən edən tərəf kimi çıxış edir. Dövlət rəhbər seçilmək, təyin olunmaq və hakimiyyətdə təmsil olunmaq funksiyasını təmin edən tərəf kimi öz mövcudluğunu saxlamaq marağında olur. Dövlət istənilən halda öz mənbəyinə, yəni cəmiyyətə, xalqa arxayın olur. Ondan elementlər əldə edir. Dövlət hakimiyyəti saxlamaq və idarəçiliyi həyata keçirmək məqsədilə maddi vəsaitlər əldə edir, depolayır. İdarəçilik üçün maddi və insan resurslarının əhəmiyyəti önəm kəsb edir. Dövlət özünü quruluşunda, idarəçilik rejimində təsdiqləyir və mövcudluğunu sübuta yetirir. Dövlətin şərti olaraq iki tərəfi olur: hakimiyyət və qeyri-hakimiyyət. Hakimiyyət və qeyri-hakimiyyət, yəni vətəndaşlar dövlətin özəyini, mənbəyini təşkil edir. Dövlət məhz vətəndaşlarının ictimai ruhundan törəyərək özünün varlığını sübuta yetirir və canlı xarakter alır. Aparat funksiyasını kəsb edir. Dövlət özünü idarə etmək üçün öz sakinlərindən, vətəndaşlarından, xalqından mənbə götürürdü.
Dövlətə rəhbərlik etmək müqəddəs bir missiyadır. Hər kəs bu missiyanın başçısı olmaq istəyər. Lakin bu missiya olduqca çətindir, mürəkkəbdir, o baxımdan ki, müxtəlif maraqların məcmusunu özündə ifadə edir. İlk növbədə müdriklik və tarazlı ruhun şəxsdə olması bir şərtdir. Dövlətə rəhbərlik edən şəxs ali təmsilçidir. O, özündə milli və bəşəri idealları cəmləşdirir. Özündə xalqın və bəşəriyyətin ruhunu daşıyır.
Dövlət xoşbəxt edən qurumdur, tərəfdir. Özünün strukturları ilə təminedici funksiyanı həyata keçirir. Dövlət idealdır, o mənada ki, özündə etik və estetik dəyərləri cəmləşdirir.
Dövlət başçısı və dövlət aparatı çalışır ki, maraqlar təmin olunsun, mənafelər ödənilsin. Dövlətdə şəxslər, ictimai nüfuz sahibləri təmsil olunurlar. İctimai və siyasi nüfuz sahibləri həm də təmsil edirlər.
Hakimiyyətə can atanlar, dövlət idarəçiliyində iştirak edənlər xidmət etmək istəyində olurlar. Bu yolla şan-şöhrət və nüfuz qazanmaq yolunu tuturlar.
Dövlətlər müxtəlif quruluşlara, idarəçilik üsullarına malikdirlər. Bu fərqlilik daha çox formadır. Məzmun isə eynidir. Yəni, idarəçilik, tənzim etmək bir istəkdir. Həm də peşədir, məşğuliyyətdir. O quruluşlar, idarəçilik formaları sağlam, təməlli və uzun ömürlü olurlar ki, onlar xalqlarının etno-mədəni və ictimai ruhuna uyğun şəkildə təşkil olunur. Bu baxımdan qəbul edə bilərik ki, "Qoca Şərqə" respublika quruluşları yad element kimi gəlir.
Dövlət cəmiyyətin tələbatını ödəyən, sifarişləri yerinə yetirən ictimai və siyasi bir qurumdur. Xalq öz dövlətinə öz ruhunu hopdurur. Ruhunu öz quruluşunda, siyasi və ictimai münasibətlər sistemində əks etdirir. Dövlət quruluşları, dövləti idarəetmə formaları başlıca olaraq dövləti təşkil edən xalqların etno-mədəni ruhuna tam uyğun olanda dövlət başçısı və hakimiyyət (burada qanunverici icraedici və məhkəmə hakimiyyəti) tərəfi xalqa düzgün fayda verə bilir. Çünki xalq da öz rəhbərini və hakimiyyətini özünün mental dəyərlərinə uyğun müəyyən edir. Burada forma və məzmun bir-birini tamamlayır. Bəzən elə olur ki, mental dəyərlərlə forma və struktur bir-birinə uyğun gəlmir. Bu ziddiyyətlərdən də xalq əziyyət çəkir, siyasi sistem sarsılır, kövrəkləşir. Sağlam dövlət qurula bilmir. Elə xalqlar var ki, onlar öz ruhlarına cavab verəcək dövlət quruluşlarında deyillər. Təcrübə göstərir ki, monarxik quruluşlar daha stabildir. Monarxik quruluşlar ənənəvi cəmiyyətləri olan ərəblərə daha çox uyğundur. Monarxik quruluşlara xas olan ərəb cəmiyyətləri daha sabitdir. İran da əslində monarxiyadır. Teokratik monarxiyadır. Sadəcə olaraq özünü Respublika adlandırmaqla, Avropaya təqlid edir. Avropanın sivil sistemini yamsılayır. Suriyada, İraqda, Liviyada və digər respublika quruluşlu ərəb dövlətlərində yaşananlar onu göstərir ki, belə cəmiyyətlərdə siyasi hakimiyyət kövrəkdir. Sərt, radikal güc tətbiq etmək yolu ilə hakimiyyət saxlanılır. Belə qəbul edə bilərik ki, Avropadakı monarxik quruluşlarda kral (knyaz) dövlətin mövcudluğuna, ərəblərdəki respublikalar isə hakimiyyətin saxlanılmasına daha çox yarıyır və xidmət edir. Monarxik quruluşlarda dövlətin taktiki və cari siyasətini hakimiyyət həyata keçirir. Xalqın sosial qayğıları ilə də hakimiyyət məşğul olur. Dövlət başçısı qanunları və dövlət proqramlarını təsdiq etməklə yanaşı, dövlətin müdafiə və təhlükəsizlik siyasətini müəyyən edir, eləcə də hakimiyyət tərəfindən müəyyən olunmuş siyasəti müdafiə edir, qoruyub saxlayır.
Dövlət quruluşları haqqında düşüncələr ictimai və siyasi məzmunludur. Sistemin forma və mahiyyətini özündə ifadə edir.
Monarxiya (Mono-tək, arxiya-hakimiyyət) hərfi mənada təkhakimiyyətlilik deməkdir. Təbii ki, indiki zamanda bu forma özünün tam, arxaik və klassik mütləqliyini itirib. Yəni, indiki zamanda çoxluğun iradəsi və demokratiya (xalq hakimiyyəti) mütləq arxaik məzmunu sıxışdırıb və nəticə etibarilə formal əsaslara salıb. Parlament və nazirlər birliyi, hökumət birliyi dövlətin idarəçiliyində aktivliyi ələ alıb. Demək olar ki, konstitusiyalı monarxiyalarda mütləq hakimiyyət öz əvvəlki əhəmiyyətini itirib, transformasiyaya uğrayıb. Hal-hazırda dövlət rəhbəri sadəcə təsdiqedici, ümumiləşdirici bir funksiya kəsb edir. Dövlətlər, xüsusilə sivil cəmiyyətlərə xas olan dövlətlər geniş şəkildə təmsilçiliyi özündə ehtiva edən sistemli idarəçiliyə keçid ediblər. İnstitutlaşmış demokratiya, yəni xalqın sistemli hakimiyyəti hökm sürür. Dövlət rəhbəri sanki idarəçiliyi, hökumətin işlərini kənardan müşahidə edən şəxs rolunu oynamaqdadır. Bu da ondan irəli gəlir ki, xalqın seçdiyi nümayəndələr qanunvericilik sistemini özləri formalaşdırır və özləri də idarəçilik mexanizmini yaradırlar. Azad və sərbəst idarəçilik və azad seçim sistemi və proseduru, mexanizmisi mövcuddur. Belə qəbul edə bilərik ki, əslində ali demokratiya, yüksək xalq hakimiyyəti məhz konstitusiyalı monarxiyalarda bərqərar ola bilir. Bu gün kral, imperator və digər monarxlar diqtəedici ola bilmirlər; çünki qanunvericilik mütləq funksiya kəsb edir. Monarxlar icraedici hakimiyyətlə münasibətdə sanki "küncə sıxılmış şəxslər" kimi qalırlar.
Ardı var..
Elşən Misir oğlu Nəsibov
Siyasətşünas-alim. Yazıçı-publisist. "ARDIC" Hərəkatının təsisçisi. Qərbi Azərbaycan İcmasının üzvü