Bir ömrün adı – Ləyaqət

Etibar Hacıyev haqqında danışmaq, əslində, yalnız bir insanın taleyini anmaq deyil, bir əsrin mübarizəsini, bir nəslin mərdliyini, bir kişinin sözə sədaqətini xatırlamaqdır. Onun ömrü tək bir həyat deyil: bu ömür  Azərbaycanın ağır illərinin şahidi, keşməkeşli dövrlərinin daşıyıcısı, dirəniş və yenidən doğuluşun canlı nəfəsidir. Bu böyük yolun mərkəzində isə bir anlayış dayanır- ləyaqətli insan ömrü. 

Etibar Hacıyev o mühitdə böyüyüb ki, orada tərbiyəni yalnız ailə vermir: torpağın nəfəsi, şəhərin xarakteri, çinar ağaclarının sükutu, küləyin pıçıltısı da insana forma verir. Gəncə Nizami müdrikliyini, Atabəylər qüdrətini, Cavad Xan iradəsini, Cümhuriyyət ideallarını, əsrlərin mədəniyyətini özündə yaşadan şəhər kimi Etibar bəyin şəxsiyyətinin mayasını yoğuran beşik oldu. Bu şəhərdə böyüyən insanın baxışında düşüncə dərinliyi, sözündə nizam-intizam, duruşunda vüqar olur. Etibar Hacıyev də elə bu davranış mədəniyyətinin parlaq bir təmsilçisi idi.
Onun duruşunda təmkin, içində dağ kimi möhkəm iradə gizlənən bir sükut vardı. Bu sükut adamı həm arxayınlaşdırır, həm də düşünməyə vadar edirdi. Etibar bəy heç vaxt özünü göstərən, sözünün üstünü gurultu ilə dolduran adamlardan olmadı, buna ehtiyacı da yox idi. Təbiətindəki sükut, davranışındakı nizam, baxışındakı qətiyyət onun kimliyini kifayət qədər ifadə edirdi. İnsan qarşısındakı nüfuzu sözlə yox, duruşla qazanırdı.

Kallinqrad Dövlət Universitetinin Hüquq fakültəsini qırmızı diplomla bitirməsi də bu xarakterin bir davamı idi. Hüquq, əslində, insanın içindəki ədalət hissinin zahirə çıxmasıdır. Etibar Hacıyev üçün bu sahə yalnız peşə deyildi, məsuliyyət idi. O, həyatının heç bir məqamında haqq tərəzisini əymədi. Hər bir insan taleyinə yanaşmasında vicdanın və məsuliyyətin izi görünürdü.
1988-ci ildə başlayan Milli Azadlıq Hərəkatı onun daxili dünyasını daha da bütövləşdirdi. O vaxt meydanlara çıxmaq yalnız cəsarət deyil, həm də iradə istəyirdi. Sovet sisteminin sərtliyinə rəğmən xalqın içində başlayan oyanışın ilk addımlarından biri də onun çiyinlərində idi. Etibar Hacıyev üçün bu hərakat yalnız siyasi proses deyildi, millətin qürurunun qorunması, öz sözünün və kimliyinin təsdiqi idi.

Azərbaycanın çətin illəri başladıqda  Etibar Hacıyev Qarabağa Xalq Yardımı Komitəsinin ən fəal simalarından biri kimi bu mübarizəni daha da dərindən yaşadı. Komitənin işi, sadəcə, yardım daşınması deyildi. Bu qurum Qarabağın mühasirədə qalmış kəndlərinə nəfəs aparırdı, həm ərzaq, həm dərman, həm də mənəvi dayaq. Səfərlərin çoxu təhlükə altında olurdu. Bəzən yollar qaranlıq, keçidlər minalı, kəndlər döyüş səsləri içində qalırdı. Belə məqamlarda geri addım atanlar da olurdu, düşünənlər də, tərəddüd edənlər də. Etibar bəy isə yolunu dəyişmirdi. Çünki onun üçün çətinlik seçim yox, öhdəlik idi. Əslən qarabağlı, ağdamlı idi. Döyüşə, müharibəyə getməyə bilməzdi.

Qarabağda erməni separatizminin ilk vaxtlarında o, əhalinin müdafiəsi üçün olan bütün təşəbbüslərin içində idi. Bəzən gecələrlə açıq səma altında yol gedilir, bəzən meşələrin dərinliyində gizlənmiş kəndlərə yardım çatdırılırdı. Etibar Hacıyev hər belə səfərdə həm güc, həm də mənəvi dayaq rolunu daşıyırdı. Onun varlığı insanların içində bir rahatlıq yaradırdı və qəfil çətinlikdə dayanıqlı durmaq üçün lazım olan daxili sabitliyi.
1991-ci ildə Azərbaycan Milli Ordusunun yaradılması ilə başlayan yeni mərhələ onun həyatının ən çətin, amma ən şərəfli dövrlərindən biri oldu. Dövlət öz ordusunu qurmağa çalışır, tərəddüd və xaos dövrü yaşanırdı. Bu dövrdə orduya qoşulan hər kəs əslində həm də gələcək nəsillərin taleyinə imza atırdı. Etibar Hacıyev bu yükün altına tərəddüd etmədən girdi. General-mayor Dadaş Rzayevlə birlikdə çalışaraq Milli Ordunun ilk strukturlarının yaranmasında bilavasitə iştirak etdi.

Qarabağ döyüşlərinin demək olar ki, bütün istiqamətləri onun həyatına həkk olunub. O, dağ yollarının sərtliyini də görüb, səngərlərin çətinliyini də, qış gecələrinin dözülməz soyuğunu da, qəfil basqınların gərginliyini də. Döyüş bölgələrində onun keçdiyi yol yalnız barıt qoxusu ilə deyil, həm də ordakı insanların üzündə gördüyü məsuliyyətin ağırlığı ilə yadda qaldı. Etibar Hacıyevin Qarabağ dövrü onun həyatının ən sərt, ən ağır və eyni zamanda ən şərəfli səhifələridir.
Erməni separatizminin ilk illərində Qarabağın kəndləri ard-arda hədəfə alınanda o, həm arxa cəbhədə, həm də ön xətdə fəaliyyət göstərən nadir insanlardan biri oldu. O anlayırdı ki, qarşıdakı mübarizə yalnız torpaq uğrunda deyil; xalqın ruhunu, kimliyini, bir millətin sınmağa qoyulmayan iradəsini qorumaq uğrundadır. Bu mübarizədə onun hər addımı, həm məsuliyyəti və həm də fədakarlığı idi. Bu yolun adı Vətəndi, ağır olsa da, dönmədiyi yoldur.
Bu epizodlar onun ömrünün yalnız bir parçasıdır. Amma bu parça onun xarakterini bariz şəkildə göstərir: ağır günlərdə geri çəkilməyən, ən çətin anda irəli gedən, səsi ucalmayan, amma iradəsi ucalan bir Azərbaycan oğlu.

1994-cü ildə ordudan tərxis oldu, amma mübarizəsi bitmədi. Bu dəfə enerjisini və düşüncəsini siyasi sahəyə yönəltdi. Vətəndaş Həmrəyliyi Partiyasının quruculuğunda iştirak edərək ölkənin siyasi təşkilatlanmasında rol oynadı. Siyasətdə də səsdən çox sözün, iddiadan çox əməyin, görüntüdən çox əqidənin gücünə inandı. Onunla tanışlığım da elə VHP-də birgə fəaliyyətimiz dövründə olub. 2003-cü ilin prezident seçkilərində Vətəndaş Həmrəyliyi Partiyası öz namizədi ilə seçkiyə qatılmışdı və Etibar Hacıyev seçki qərargahının rəhbəri idi. Tale elə gətirdi ki, biz seçki prosesində bir komandada çalışdıq. Məhz həmin günlərdə mən onun necə kamil, necə müdrik, işinə ürəkdən yanaşan və yüksək məsuliyyət hissinə malik bir insan olduğunu yaxından gördüm.

O dövrdə Etibar bəy həm universitetdə dərs deyir, həm də seçki qərargahındakı gərgin işi paralel şəkildə yerinə yetirirdi. Hər iki sahəyə eyni diqqət və məsuliyyətlə yanaşması onun insan olaraq böyüklüyünü bir daha təsdiqləyirdi. Qayğıkeşliyi, mərifəti və insanlara olan səmimi hörməti isə onu tanıyan hər kəsin yaddaşında xüsusi iz buraxırdı.
Seçki kampaniyası dövründə tez-tez rayonlara səfərlər edirdik. İmza toplama mərhələsi də daxil olmaqla, həm təbliğat, həm təşkilati işlər zamanı mən onun insanlarla necə davranmasının, onlara necə hörmət və qayğı ilə yanaşmasının canlı şahidi olurdum. Hər görüşdə, hər ünsiyyətdə onun yüksək mədəniyyəti, alicənablığı və peşəkarlığı özünü aydın göstərirdi.
Etibar bəylə həmin dövrdə birgə keçirdiyimiz günlər bu gün də mənim üçün dəyərli bir xatirə olaraq qalır. Onu tanıyan hər kəsin qəlbində özünə ən gözəl yeri qazanmış bir insan idi. O, insanlara sevgi, diqqət və qayğı ilə yanaşmağı bacaran, qarşısındakı adama dəyər verməyi həyat prinsipi kimi qəbul etmiş nadir şəxsiyyətlərdən biri idi. Onun səmimiyyəti, mehribanlığı və geniş ürəyi hər kəsin yaddaşında xoş bir iz buraxırdı.
Bu ömür həm dağ kimi möhkəmdir, həm də bulaq kimi şəffaf.
Həm müharibənin ağırlığını daşıyır, həm sülhün sərinliyini.

Həm döyüş meydanlarının odunu, həm də Gəncə çinarlarının kölgəsini özündə birləşdirir.
Və nəhayət, bu ömrün adı doğrudan da bir sözlə ifadə olunur: LƏYAQƏT!
Çünki Etibar Hacıyev insan kimi dayandı, kişi kimi döyüşdü, vətəndaş kimi xidmət etdi və öz ömrünü sükutlu, iddiasız və təsirli bir nümunəyə çevirdi.

Samir Əsədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31