Məhsəti Gəncəvi kişi olub? – 16 inanılmaz məqam üzə çıxdı
14:26 MədəniyyətTanınmış jurnalist Yadigar Cəfərli son müzakirələr fonunda Məhsəti Gəncəvi haqqında 16 maraqlı məqamı bölüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
"Filmi görmədiyimdən bu barədə nəsə deyə bilmirəm. Bununla belə, getdikcə daha dərindən əmin oluram ki, istənilən filmin də, başqa hər hansısa işin də bir ayağı mütləq elmi həqiqət və dəlillərə söykənməlidir. Bunlar isə kitabxanalardadır", - o bildirib.
Jurnalist akademik Rafael Hüseynovun 1989-cu ildə çapdan çıxmış "Məhsəti necə varsa" kitabına istinad edərək məlumatları yazıb.
Həmin 16 məqamı təqdim edirik:
1.Məhsəti haqqında bildiyimiz məlumatların çoxu XII əsrə aid edilən "Məhsəti və Əmir Əhməd" dastanındandır.
2.Məhsəti barədə ilk təzkirə məlumatı Həmdullah Qəzvininin 1330-cu ildə qələmə aldığı "Tarixe-qozide" əsərindədir. Müəllif burada şairə haqqında ötəri yazıb. Onun yaxşı rübailərinin olduğunu qeyd edib.
3.Məhsəti Tacəddin Əhməd ibn Xətibi Gəncə adlı adama ərə gedibmiş. Həmdullah Qəzvini şairənin ərinin Sultan Mahmud Qəznəvi ilə eyni dövrdə yaşadığını, yaxşı şeirlər qoşduğunu, arada xanımı ilə deyişdiyini də yazıb. Amma sonralar tədqiqatçılar, Həmdullah Qəzvinini səhv çıxarıblar. Elmi rəylərə görə, şairənin eyni dövrdə yaşadığı bu Sultan Mahmud tamam ayrı Sultan Mahmuddur. Yəni, Firdovsiyə "Şahnamə"ni yazdırıb axırda kişinin qonorarını vermək işini dəbbələyən padşah deyil. Sultan Mahmud ibn Sultan Məhəmməd ibn Məlikşahdır. Daha bu Sultan Mahmud ibn Sultan Məhəmməd ibn Məlikşah özü kimmiş, nə gizlədim, bilmirəm.
4.Məhsəti nə vaxt anadan olub, nə vaxt dünyadan köçüb bəlli deyil. Bununla belə bəzi tarixi faktların tutuşdurulma-müqayisəsi doğum ili kimi izləri təxminən 1089-cu ilə aparır. Uzun bir ömür yaşayıb. Hardasa yetmişi aşırıb. Ahıl yaşlarında da saraya gedib-gəlirmiş və ona yüksək ehtiram göstərirmişlər.
5.A.Russo soyadlı bir alimin fərziyyəsinə görə, Məhsəti qadın yox, kişiymiş. Maraqlıdır ki, Məhsətinin "dvoyniki" də varmış. Məşhur şərqşünas Y.E.Bertels isə hesab edirmiş ki, Məhsəti təxəllüslü şairə ümumən olmayıb, ona, tarixi şəxsiyyət yox, mifik varlıq kimi yanaşmaq lazımdır.
6.Məhsəti tarixi şəxsiyyət kimi həqiqətən yaşayıbsa, sənəti dəbirlikmiş. Yəni sarayın ümumi şöbəsinin işçisi kimi əsasən kargüzarlıq, sənədlərin üzünün köçürülməsi, yeri düşəndə "buxalter"liklə məşğul olub halal çörəkpulunu qazanırmış. Buna görə ləqəbi də Dəbirmiş, əsl adı isə Mənicə. Yozumlara görə ona verilmiş Məhsəti təxəllüsü "Böyük xanım", ya da "Ay üzlü xanım" mənası verir.
7.Yazdığı erotik şeirlərə rəğmən Məhsəti əxlaqsız qadın olmayıb. Onunla eyni vaxtda yaşamış Fəridəddin Əttar hətta onu "Pak Məshəti" adlandırırdı. Şairənin şəhərin cavan oğlanlarına açıq-saçıq misralar qoşması isə o dövrün şəhər mədəniyyətinin mühüm parçası olan şəhraşub şeir janrının mahiyyətindən gəlir. Yənu Anadolu türkləri demiş, bunlar hamısı xəyal ürünüdür, Məhsətinin bu yazdığı fantaziyaların hamısını özünün də yaşamasına qətiyyən dəlalət eləmir.
8.Məhsəti indiyə qədər tanıdığımız ilk qadın şahmatçımızdır. Dastana əsaslansaq, şahmatdan başqa musiqi təhsili də almışdı. Muğamı bilir, çəng, ud və bərbətdə ifanı bacarırdı.
9.Ömər Xəyyamın adına çıxılan təxminən 250-ə qədər rübai əslində Məhsətiyə aiddir. Amma hansılardır, ayırd etmək müşküldür.
10.Məhsəti "Divanı"nın ən mükəmməl nəşri ötən əsrin 60-cı illərinə aid Frits Meyer nəşri sayılır, orada 258 rübai və 21 poetik parça cəmləşib.
11.Qədim Elladadan çıxmış məşhur şairə Sapfo ilə Məhsətinin həm şəxsiyyəti, həm yaradıcılığı, həm də haqqında qoşulmuş əfsanələr, rəvayətlər, söyləmlər arasında çox qəribə yüzdəyüz bənzərliklər görünür.
12."Məhsəti və Əmir Əhməd" dastanında Məhsətinin məzarının Nizaminin məqbərəsinin yanında olması barədə qeyd var. 1923-cü ildə aparılmış qazıntı zamanı Nizaminin qəbrinin yanında həqiqətən bir qadın qəbri tapılıb. Bu qadın qəbri kimindir, hələ də bilinmir.
13.Əgər indiyədək dağıtmayıblarsa, Əfqanıstanın Taşqorqan adlı yerində Məhsətinin adını daşıyan qız məktəbi var.
14.Şairənin hamıya tanış olan məşhur rəsmini xalq rəssamı Güllü Mustafayeva (1919-1994) 1947-ci ildə çəkib.
15.Mərhum Hüseyn Cavidin fitri istedadlı oğlu Ərtoğrul Cavid Məhsəti haqqında opera yazırmış, ölüm imkan verməyib, yarımçıq qalıb.
16."Məhsəti və Əmir Əhməd dastanının bizə gəlib çatmış XV əsr nüsxəsindən maraqlı bir məqam: Məhsəti doğulanda atası falabaxan gətirib tas qurdurur, qızının gələcək taleyini öyrənmək istəyir. Falçı baxıb deyir ki, kişi, qızın bədbəxt oldu getdi, bu, böyüyüb şairə olacaq.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şura "Məhsəti" qısametrajlı filminin Bakı Film Festivalında nümayişinə razılıq verməyib. Rəsmi açıqlamada bildirilib ki, filmdə Məhsəti Gəncəvinin obrazı təhrif olunur, etik-normativ çərçivələr pozulur və şairənin ideya-mənəvi irsi ilə ziddiyyət təşkil edən səhnələrə yer verilir. Sözügedən filmin rejissoru və ssenari müəllifi sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Qaradır.