Niyə toylarımız bahalı, cəmiyyətimiz isə borcludur?
17:03 İqtisadiyyatToy iqtisadiyyatı nədir və israfçılığın sosial kökləri
Toy mərasimləri Azərbaycan cəmiyyətinin həm ən qədim, həm də ən dinamik dəyişən sosial institutlarından biridir. Lakin son onilliklərdə toyların funksional mahiyyəti ənənəvi ailə şənliyindən çıxaraq böyük həcmli kommersiya sektoruna çevrilib. Toy iqtisadiyyatı artıq sosial davranışları, ailə büdcələrini, istehlak mədəniyyətini və hətta milli dəyərlərin qorunması prosesini formalaşdıran real iqtisadi qüvvəyə çevrilib. Bu iqtisadiyyatın ən ciddi problemi isə israfçılığın normaya çevrilməsidir. Toyların ətrafında formalaşan xidmətlər sektoru - şadlıq evləri, foto-video xidmətləri, musiqiçilər, müğənnilər, dizaynerlər, stilistlər, avtomobil kirayəsi, gəlinlik salonları, aşbazlar və s. - artıq yüz milyonlarla manat dövriyyəsi olan geniş bir bazardır. Bu bazar ən yaxşı resursları özünə cəlb edir, çünki toy sektorunda qiymətlər real bazar meyarlarına deyil, status yarışına əsaslanır. Toylarda şişirdilmiş menyular, bahalı musiqiçilər, yüzlərlə qonaq və ən bahalı salon seçimi çox zaman ailənin öz istəyi deyil, cəmiyyətin gözləntisidir. "Camaata söz olar" devizi ailələri borca salan əsas psixoloji mexanizmdir. İnsanlar bəzən 10-15 illik zəhmətini bir günlük şənliyə xərcləyir. Borc və kredit yükü isə yeni qurulan ailənin sosial sabitliyinə mənfi təsir edir.

Müsahibimiz iqtisadçı alıim, professor, Rusiya, Türkiyə və Azərbaycan iqtisad elmləri doktoru Zahid Məmmədovdur.
-Zahid müəllim, uzun illərdir ki, toy və yas mərasimlərində israfçılığa qarşı mübarizə aparılır. Lakin bütün cəhdlərə baxmayaraq belə halların qarşısını almaq mümkün olmayıb. Bu məsələnin kökündə hansı amillər dayanır və onun qarşısını almaq üçün nə təklif edərdiniz?
-Toy və yas mərasimlərində israfçılıq problemi uzun müddətdir ki, davam edir. Bu məsələ ilə bağlı köhnə suallar var, yeni cavablar isə axtarışdadır. Düzdür, uzun müddətdir ki, bu problemlə bağlı mübarizə aparılır, amma onun aradan qaldırılması istiqamətində real addımlar atılmır. Türkiyənin bütün idarə, müəssisə və təşklatlarının, o cümlədən təhsil ocaqlarının hamısının özlərinin ictimai iaşə müəssisələri var. Orada çalışan şəxs evləndikdə bir quruş belə ödəmədən tədbirini reallaşdırır. Yaxud, bələdiyyələrin evləndirmə dairələri var ki, mərasim zamanı nüfuzlu şəxslər ora gəlirlər, yarım saatdan sonra mərasim başa çatır və bəylə gəlin hazırladıqları plana uyğun hərəkət edirlər. Bunun qarşılığında heç kim yemək, müğənni dinləmək və xüsusən israfçılıq arzusunda ola bilməz. Çünki, toplum onu pis qarşılayar. Cəmiyyətdə nüfuzlu şəxslərin belə bu israfçılıq prosesinə qatılması sosial davranış modelini daha da möhkəmləndirir. Cəmiyyətdə toy xərcləri çox zaman uşağın təhsilindən, sağlamlıq və peşə inkişafından, uzunmüddətli maliyyə təhlükəsizliyindən üstün tutulur. Valideynin 2 min manat təhsil haqqını ödəyə bilməyib, eyni vaxtda müğənniyə 20 min manat verməsi sosial psixologiyanın təzahürüdür.
Bizdə isə bir halal zəhmətkeş illik gəlirini bir müğənniyə verirsə, deməli o öz əməyinə hörmət eləmir. Necə ola bilər ki, ömrün boyu çalışıb yığdığın vəsaiti təhsili, ictimai-mədəni fəaliyyəti olmayan, mahnılarının hansı xalqa məxsus olduğu bəlli olmayan, sadəcə televiziya ekranlarında reklamı qurulan şəxsə verəsən? Əgər bunu ziyalı edirsə, deməli onun özünün problemi var. Xalq da baxır ki, əgər ziyalı toy iqtisadiyyatına bu şəkildə dəstək olursa, onlar da "qonşudan geri qalma" devizi altında fəaliyyət göstərirlər. Daha çox kəndlərdə belə hallara rast gəlinir ki, yoxsulluq içərisində çabalayan birisi gedib Rusiyada min cür əziyyətlə müəyyən gəlirə nail olur. Gəlib həmin gəlirlə beş gün toy edir, əksər müğənniləri yığır ora. Sual olunanda ki, sənin arzun nə idi, deyir ən böyük arzum müğənniləri çağırıb, böyük vəsait xərcləmək idi. İnsan illərlə yığıdığı pulu beş günə heç bir ictimai-mədəni fəaliyyəti olmayan müğənniyə verir. Bu adam, biliklə, qabiliyyətlə özünü göstərmək imkanı olmadığına görə, bu yolla özünü nümayiş etdirir. Oxumaq qabiliyyəti olmayan "müğənnilər" isə səsini yayındırmaqdan ötrü rəqs etmək üçün bir necə təlxək gətirir, o birilər də ona qoşulur. Heç kim musiqi dinləmir. Əvvəllər ölkədə instrumental musiqi alətləri üzrə ustadlar var idi, indi onlar sıradan çıxırlar. Çünki toylarda onlara ehtiyac olmur.
-İsrafçılığa daha çox kim şərait yaradır, sahibkarlar, valideynlər, yoxsa milli adət-ənənələrimiz?
-Toylarda israfçılığın təminatçısı şadlıq evlərinin sahibləridir. Onlar istehlakçıya deyirlər ki, mənim menyum 250 manatdır. Halbuki müqavilə qarşılıqlı razılıq əsasında bağlanmalıdır. İstehlakçının qarşısında seçim imkanı olmadığından bunu qəbul etmək zorundadır. Bu məsələdə ailə təzyiqi məsləsini də nəzərə almaq lazımdır. Ailə təzyiq edir ki, menyu 250 manatdan aşağı olsa, camaat bizə gülər. Beləliklə, ailələr borca girir, kredit götürür bahalı toy edir. Valideyn iki min manat təhsil haqqını ertələməkdən ötrü dəfələrlə müraciət edir, ancaq 4 saatlıq təhsili olmayan müğənniyə 20 min manat verir. Əslində isə həmin müğənnilərin böyük əksəriyyəti milli-mənəvi dəyərləri pozan insanlardır.
-Etiraf edək ki, toy xüsusi bir biznes sahəsidir. Bu sektorun da öz tələbləri var...
-Ölkədə toy iqtisadiyyatına xüsusi yanaşılmalıdır. Bu çox geniş bir sektordur və bununla məşğul olan böyük insanlar var. Əslində toy iqtisadiyyatında çox bacarıqlı şəxslər mövcuddur. Ən yaxşı maşınlar, ən yaxşı geyimlər, ən yaxşı aşbazlar, ən gözəl gəlinliklər, ən yaxşı gözəllik salonları, ən yaxşı yeməklər toylarda istifadə olunur. Deməli, bu sektor ən yaxşı dərziləri, maşın ustalarını, aşbazları, stilistləri, bərbərləri əhatə edir. Mən Fransada deyəndə ki, bizim ailələrin büdcəsinin 30-40 faizi toy və yas iqtisadiyyatına gedir, inanmırdılar. Soruşurdular bəs təhsilə nə qədər xərclənir? Bəli, əslində övladın təhsili, sağlamlığı daha vacibdir. Uşağın təhsilinə, peşəsinə pul verməyən valideyn onun toyuna bütün var-dövlətini xərcləyir.
-Necə düşünürsünüz, toylardakı israfçılıq qiymət artımına təsir edir?
-Məni bir iqtisadçı kimi narahat edən qiymətlərin artmasıdır. Bunun səbəblərindən biri odur ki, ölkəmizdə istehlak edilməyən mal və xidmətlər masa üzərində olur. Vəziyyət o həddə çatıb ki, toylarımıza xüsusi sifarişlə Norveçdən balıq gətizdirirlər. Nəticədə biz qızıl valyuta ehtiyatlarımızı Norveçdə və Çində fəaliyyət göstərən balıqçı şirkətlərinə veririk. Bu səbəblərdən mən toylarda iştirak etmirəm.
Mənim aldığım təhsil, üç ölkənin professoru olmağım, yatırdığım investisiyanın nəticəsi olaraq gəlirim ən aşağı statuslu müğənninin qazancı ilə uyğun gəlmir. Sadəcə gözəllik salonunda kimsə onun səsini yazıb, sosial şəbəkədə paylaşıb, axşam toya çağrılıb. Məhşur olduğu üçün 20-25 min manat gəlir əldə edir. Mən buna etiraz olaraq toylarda iştirak etmirəm. Düşünürəm ki, mənim fəaliyyətimdən çox başqasının əməyini qiymətləndirmək öz əməyimə qarşı olan hörmətsizlikdir. Amma yaxınlarımdan nəyə ehtiyaclarının olduğunu öyrənərək məişət avadanlıqları ilə dəstək oluram. Əgər pul verib israfçılığa, qiymət artımına, istifadə olunmayan mal və xidmətlərə dəstək olsam özümü bağışlaya bilmərəm. Düşünürəm ki, əgər altı ay gözləsək toyda kəsilən körpə quzu beş-altı kiloqram artıq ət verər və vətəndaşlar qiymət artımını hiss etməz.
-Yas mərasimlərində də eyni vəziyyət müşahidə olunur. Görülən tədbirlər niyə müsbət nəticə vermir?
-Bizdə yas mərasimlərində də israfçılıq baş alıb gedir. Yeni binalar tikiləndə məcsidlər əvəzinə qaraj, avtosalon, ziyafət salonu inşa edirlər. Türkiyədə hətta şəhid gələndə vida mərasimi olur, dağılışırlar. Biz birinci çadırlarla həyəti bağlayırıq, ictimai nəqliyyatı iflic edirik, işə gedib-gələn on minlərlə insan barədə düşünülmür. Mərasimi idarə edən mollanı heç kim dinləmir. Mən yas mərasimlərinə də getmirəm. Telefonla başsağlığı verirəm, əgər onun dəyəri varsa. İctimaiyyətin inkişafında, cəmiyyətin formalaşmasında ciddi bir fəaliyyəti varsa, təbii ki, sevgi və sayğımı bildirirəm. İnsana fəaliyyətinə görə qiymət verilməlidir. Heç bir fəaliyyəti olmayan insanın dəfninə görüntü naminə qatılmağın heç bir mənası yoxdur. İnsanlar vəzifədə olanın yaxınının dəfninə gedirlər, vəzifədən çıxanda unudurlar. Bir vəzifəli şəxs var idi, oğluna toy edəndə beş yüz nəfər qonağı var idi. Mənə dedi ki, niyə toya gəlmədin, dedim siz vəzifədən gedəndə gələcəm. İnanın, vəzifədən çıxanda etdiyi beş yüz nəfərlik toya 470 adam gəlmədi. Düşünmədi ki, vəzifədən çıxıbsa toyuna 30 nəfər gələcək. Bu da düşündürücü məsələdir ki, niyə insanlar vəzifədə olanda daha təmtəraqlı toy, yaxud yas keçirirlər, vəzifədən çıxanda isə yox.
-Sizcə heç bir yerdə işləməyən, dövlətdən sosial müavinət alan şəxsin dəbdəbəli toy etməsi nə dərəcədə vacibdir?
-Dövlətdən sosial yardım alan adamın bahalı toy etməsi heç cür başa düşülən deyil. Çünki o, bu addımı ilə bahalı toy iqtisadiyyatına dəstək verir. Belə halların aradan qaldırılması üçün bələdiyyələr evləndirmə mərkəzləri, mərasim evləri açmalıdır. Bununla insanlara şərait yaradılmalıdır. Mən hələ 30 il müddətində bələdiyyələrdən belə bir təşəbbüs eşitməmişəm. Bu iş fərdi qaydada olanda biznesə çevrilir. Bir tanışım ağlayırdı ki, milli musiqimiz əldən gedir. Məni bir tədbirə dəvət etmişdi, gördüm ki, orada diskoteka açıb. Soruşdim axı, bizim milli-mənəvi dəyərlərdə diskoteka yoxdur, dedi ki, ailə büdcəsi bunu tələb edir. Deməli, ən böyük problemlərdən biri ailə büdcəsi ilə bağlıdır. Valideyn ailə büdcəsini nəzərə almadan deyir ki, uşaq bunu istəyir. Əvvəllər toylarda "Vağzalı" çalınanda nənələr-babalar kövrəlirdi, duyğusal hal alırdı, indi isə toylarda Avropa musiqisi oynayırlar. Əvvəllər iş adamları toy və yas mərasimlərinə dəstək verirdilər. Bu xeyriyyəçilik əməlindən xoşbəxt olurdular. İndi isə iş adamları, həcilər müğənnilərə dəstək olurlar. Məncə iş adamları özlərinə qayıtmalıdır. Əvvəlki ənənələri yaşatmaq, insanları sevindirmək lazımdır. Ehtiyacı olan insanların istəklərinə dəstək olmaq lazımdır. Millət olaraq həmrəylik nümayiş etdirib bir-birimizin kədərinə-sevincinə dəstək olmalıyıq.
Toy iqtisadiyyatı Azərbaycan cəmiyyətində böyük sosial və iqtisadi yük daşıyan sistemə çevrilib. Bu sahədə israfçılığın kökləri sadəcə maddi imkanlarla deyil, sosial təzyiq, psixoloji gözlənti və mədəniyyətin deformasiyası ilə bağlıdır. Çıxış yolu isə həm institutlaşma, həm maarifləndirmə, həm də individual dəyər seçimlərindən keçir. Toy mədəniyyətinin modernləşdirilməsi yalnız xərclərin azaldılması deyil, həm də dəyərlərin yenidən qurulması prosesidir. Bu prosesdə ziyalıların mövqeyi, dövlətin təşəbbüsləri və ailələrin sağlam düşüncəsi həlledici rol oynayır.
Alim Hüseynli