İki stulda oturan Paşinyan: "Tramp yolu" Qərbin planıdır, yoxsa Paşinyanın son sığınacağı? – ÖZƏL
16:41 Siyasət"Paşinyanı hakimiyyətə Amerika Birləşmiş Ştatları gətirib. Amerika Birləşmiş Ştatları Paşinyanı hakimiyyətə gətirməklə onun qarşısında müəyyən vəzifələr qoyub və Paşinyan da bu illər ərzində həmin vəzifələri uğurla həyata keçirməkdədir. Paşinyanın əsas məqsədi Rusiyanın Ermənistandakı nüfuzunu zəiflətmək, Ermənistanın gələcək taleyini Amerika yönümlü dövlətə çevirməkdir və onun bu illər ərzində apardığı siyasət açıq şəkildə bu istiqamətə xidmət edir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, Amerika Birləşmiş Ştatları başda olmaqla Qərb Rusiyanın cənub cinahını bağlamaq və onu beynəlxalq müstəvidə daha da təcrid etmək istəyir. Ukrayna münaqişəsi ilə əlaqədar Rusiyanın Avropa ilə əlaqələri ciddi şəkildə zəifləyib. Rusiyanın cənub istiqamətində isə Cənubi Qafqaz üzərindən İrana, oradan İran körfəzinə və Hind okeanına çıxış imkanı mövcuddur. Şimal-Cənub nəqliyyat dəhlizi də məhz bu istiqamətdə böyük əhəmiyyət daşıyır. Qərb Rusiyanın cənub cinahını bağlamaq məqsədilə Ermənistan üzərindən hərəkətə keçib. Paşinyanı hakimiyyətdə saxlamaq və bu istiqamətdə fəaliyyət göstərmək Qərbin əsas maraqlarından biridir və Paşinyan da bu siyasəti həyata keçirməkdədir. Xatırlatmaq yerinə düşər ki, Zəngəzur dəhlizi ilə bağlı 10 noyabr bəyanatı mövcuddur. Həmin bəyanatın doqquzuncu bəndinə əsasən, Zəngəzur dəhlizində nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidməti həyata keçirməli idi və Paşinyan da bu öhdəliyi üzərinə götürmüşdü. Lakin ötən illər ərzində Paşinyan bu öhdəliyi yerinə yetirmədi. Əksinə, Rusiyanın Ermənistandakı təsirini zəiflətmək, xüsusilə də Zəngəzur dəhlizində Rusiyanın rolunu minimuma endirmək istiqamətində addımlar atdı. Bu çərçivədə Zəngəzur dəhlizinin Amerika nəzarətinə verilməsi ilə bağlı müxtəlif təşəbbüslərin ortaya çıxması da diqqət çəkir. Əgər "Trump yolu" adlandırılan layihə reallaşarsa və dəhliz Amerika nəzarətinə keçərsə, bu halda Rusiyanın Zəngəzur dəhlizindəki maraqları faktiki olaraq ikinci plana keçəcək və ya tamamilə itiriləcək. Bu baxımdan Rusiya rəsmiləri dəfələrlə bəyan ediblər ki, 10 noyabr bəyanatı qüvvədədir və gündəmdən çıxmayıb. Paşinyan isə çalışır ki, hakimiyyətdə qalaraq Qərbin maraqlarını həyata keçirsin. Təbii ki, Rusiya bu siyasəti qəbul etmir. Hazırda açıq şəkildə Paşinyana qarşı kampaniya aparılır. Əvvəllər Rusiya mətbuatında və ictimai-siyasi dairələrdə Ermənistan rəhbəri barədə fikirlər səsləndirilirdisə, indi artıq Rusiya rəsmiləri, o cümlədən prezident səviyyəsində və digər dövlət qurumları vasitəsilə Paşinyana təzyiq göstərir və Ermənistanı seçim qarşısında qoyurlar. Bu yaxınlarda Ermənistanın baş naziri ilə Rusiya prezidentinin görüşü zamanı da Rusiyanın mövqeyi açıq şəkildə ifadə olundu. Bildirildi ki, iki stulda eyni vaxtda oturmaq mümkün deyil. Ermənistan ya Avropa İttifaqı ilə inteqrasiyanı seçməli, ya da Avrasiya İqtisadi Birliyində qalmalıdır. Paşinyan isə ikili siyasət yürütməyə çalışır. Bir tərəfdən Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmağa çalışır, digər tərəfdən isə Rusiya ilə əməkdaşlıq görüntüsü yaradır. Rusiya rəsmiləri də bunu yaxşı anlayırlar.
Ekspertin sözlərinə görə, Ermənistan açıq şəkildə bəyan edir ki, Avrasiya İqtisadi Birliyində fəaliyyətini davam etdirəcək. Lakin Rusiya belə yanaşmanı qəbul etmir. Kremlin mövqeyi bundan ibarətdir ki, Ermənistan ya Avropa istiqamətindən imtina edib Rusiyayönlü siyasi kurs həyata keçirməli, ya da Rusiyadan uzaqlaşıb tam şəkildə Avropa istiqamətini seçməlidir. Məsələ burasındadır ki, Paşinyan Avropa İttifaqına inteqrasiya etməklə gələcəkdə NATO ilə yaxınlaşma xəttini də gücləndirmək niyyətindədir. Hazırda Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olsa da, Avrasiya İqtisadi Birliyindən çıxacağı təqdirdə gələcəkdə Müstəqil Dövlətlər Birliyi və KTMT ilə bağlı da qərarlar qəbul edə bilər. Məqsəd Avropa ilə inteqrasiya etməklə NATO-nun təhlükəsizlik çətiri altına daxil olmaqdır. Bu isə Rusiyanın strateji maraqlarına zidd hesab olunur. Ukrayna münaqişəsi də məhz bu kontekstdə qiymətləndirilir. Rusiyanın mövqeyinə görə, NATO-nun Rusiya sərhədlərinə doğru genişlənməsi və Ukraynanın NATO-ya üzvlük perspektivi Rusiyanın milli təhlükəsizliyi üçün təhdid hesab olunurdu. Bu baxımdan Moskva Ermənistanın da oxşar istiqamətdə hərəkət etməsini öz maraqlarına təhlükə kimi qiymətləndirir və Kremlin bunu bağışlamayacağı düşünülür. Bu səbəbdən Rusiya rəsmiləri öz mövqelərini dəfələrlə açıq şəkildə bəyan ediblər. Oxşar vəziyyət Ukraynada da yaşanıb. Zelenski hakimiyyətə gəldikdən sonra Rusiya dəfələrlə Ukraynanı xəbərdar etmişdi ki, Moskvanın maraqlarını nəzərə alsın. Lakin Ukrayna bu siyasəti qəbul etmədiyi üçün nəticədə münaqişə yarandı. Bu gün Ermənistan ətrafında baş verən proseslər də həmin ssenarinin müəyyən elementlərini xatırladır. Rəsmi Kreml öz mövqeyini Paşinyanın qarşısına qoyub. Paşinyan ya bu şərtləri qəbul etməli, ya da Ermənistanda ciddi siyasi dəyişikliklər baş verməlidir. Çünki Paşinyanın siyasəti nəticəsində Ermənistanda yaranmış gərginlik artıq dərin xarakter alıb və bunu adi siyasi üsullarla aradan qaldırmaq mümkün deyil. Bu səbəbdən daha köklü dəyişikliklər zəruridir.
"O ki qaldı Ermənistanda seçkilərlə bağlı gedən proseslərə, təəssüf ki, istər Azərbaycan mediasında, istərsə də bəzi xarici media orqanlarında Ermənistan demokratik dövlət kimi təqdim olunur. Bu isə kökündən yanlış yanaşmadır. Ermənistanda hakimiyyətin mənbəyi xalq deyil. Ermənistanda seçki görüntüsü yaradılacaq, lakin hakimiyyət xalqın iradəsi ilə formalaşmayacaq. Hakimiyyətin formalaşmasında əsas rol ya Vaşinqtona, ya da Moskvaya məxsus olacaq. Sadəcə olaraq, kütləyə hansı güc daha çox təsir göstərə biləcəksə, hakimiyyət də həmin gücün iradəsinə uyğun formalaşacaq. Yəni Ermənistanda seçkilər xalqın iradəsinin ifadəsi olmayacaq, güclərin qarşıdurmasının nəticəsi olacaq. Hansı qütb üstün gələcəksə, hakimiyyət də onun təsiri ilə formalaşacaq. Bu gün Kremlin Ermənistan qarşısında açıq şəkildə seçim qoyması, istər Mariya Zaxarova səviyyəsində, istər Rusiya Təhlükəsizlik Şurasının rəhbərliyi səviyyəsində, istərsə də prezident səviyyəsində səsləndirilən bəyanatlar birbaşa güc nümayişidir. Bunun qarşılığında isə Avropa və Amerika tərəfindən Paşinyana dəstək xarakterli açıqlamalar verilir. ABŞ dövlət katibinin Ermənistana səfəri, Avropa İttifaqının nümayəndələrinin və müxtəlif siyasi xadimlərin Ermənistana səfərləri də Paşinyana dəstəyin və qarşı tərəfin güc nümayişinin tərkib hissəsi kimi qiymətləndirilir. Bütün bu faktlar onu göstərir ki, Ermənistanda seçkilər xalqın iradəsi ilə deyil, böyük güclərin təsiri altında keçiriləcək. Hakimiyyət ya Vaşinqtonun iradəsi ilə, ya da Moskvanın iradəsi ilə formalaşacaq. Bu səbəbdən Ermənistanda həqiqi demokratik cəmiyyət və demokratik hakimiyyət mövcud deyil. Orada əsas rolu güclərin formalaşdırdığı hakimiyyət oynayır və proseslər də məhz bu istiqamətdə inkişaf edir. Rusiyanın xarici işlər nazirinin son bəyanatları da məhz bu siyasətə hesablanmış addımlar kimi qiymətləndirilir", - deyə ekspert vurğulayıb.
Səidə Ramazanova